Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki üzvlərindən daha biri - partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Kənan Zeynalova (Basqal) 9 il həbs cəzası kəsilib. İyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Mahirə Kərimovanın sədrlik etdiyi hakimlər kollegiyasının hökmü ilə AXCP fəalı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə təqsirli bilinib. İddia olunur ki, o, Anar Rəhimov adlı şəxsə bıçaqla xəsarət yetirib.
50 yaşlı K.Basqal isə hökmdən öncə son sözündə deyib ki, ittiham saxtadır, heç kimi bıçaqlamayıb. O bildirib ki, belə bir əməli törədən şəxslərin davranışı iki cür olur: ya əməlinin arxasında dayanır, yaxud da peşmanlığını dilə gətirir: "Mən, ümumiyyətlə, bu adamı tanımıram. Özüm din ilə məşğulam, hər gün məscidə gedirəm. Martın 21-də axşam namaz vaxtı məscidə gedəndə də üstümə gəldi, sonra özünü yerə yıxdı ki, guya bıçaqlanıb. Məni tanıyanlar bilir ki, sakit təbiətli adamam. Haqqımdakı rəydə də belə yazılıb".
Cəbhəçi yada salıb ki, həbsindən öncə siyasətçi Tofiq Yaqublunun məhkəməsində onun xeyrinə ifadə vermişdi. O, istisna etmir ki, buna görə təxribat planı hazırlanıb və saxta ittihamla cəzalandırılıb.
"Sizdən xahişim odur ki, sifariş yerinə yetirməyəsiniz, ədalətli qərar verəsiniz", - K.Basqal məhkəmədə son sözünü belə bitirib.
Müsavat Partiyasının və Milli Şuranın üzvü T.Yaqublu külli miqdarda ziyan vurmaqla dələduzluq, həmçinin saxta sənəd hazırlama və ya ondan istifadədə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib. O, özünü təqsirli bilmir, qurama ittihamlarla şərlənərək həbs olunduğunu bildirir.
Zərərçəkmiş barədə cinayət işinə xitam verilib
Vəkili Nazim Musayev də iyulun 30-da müdafiə nitqində K.Basqalın təqsirsiz olduğunu bildirib. Vəkil yada salıb ki, zərərçəkmiş qismində tanınan A.Rəhimov haqqında bu hadisədən öncə cinayət işi başlanıb və o, Gürcüstana gedib. Axtarışa verilən Rəhimov Bakıya qayıdanda saxlanılıb. Bundan sonra onun haqqında məlumat yoxdur ki, hansı təcridxanaya aparılıb, aqibəti necə olub. Birdən-birə K.Basqalın işində zərərçəkmiş kimi ortaya çıxıb. Özünün haqqındakı cinayət işinə isə xitam verilib. Müdafiə tərəfində də şübhələr yaranıb ki, A.Rəhimov AXCP fəalına qarşı planda iştiraka görə cinayət məsuliyyətindən kənarda qalmaqla mükafatlandırılıb.
Vəkil məhkəmədə bir neçə dəfə vəsatət qaldırmışdı ki, hal şahidi qismində tanınan şəxs çağrılıb dindirilsin. Çünki onun gerçəkdən hal şahidi olmasına, təsadüfən çağrılmasına şübhə var. Eyni ad-soyadda adamın polisin köməkçisi olması haqda məlumatları var. Lakin hakim M.Kərimova bir çox vəsatətlər kimi, bunu da təmin etməyib.
Ümumiyyətlə, müdafiəçi hesab edir ki, bu iş üzrə normal məhkəmə araşdırması aparılmayıb. Bunu da açıq şəkildə çıxışında bildirib.
N.Musayev hökmdən apellyasiya şikayəti verəcək.
Xatırlatma
K.Basqal 2025-ci il martın 21-də saxlanıb.
Partiya sədri Əli Kərimli mühafizəçisinin həbsini "qeyri-adi şərləmə" adlandırıb: "Kənan Basqalı tanıyanlar bilir ki, o, həddən artıq mədəni, mehriban, heç vaxt zorakılığa meyl göstərməyən bir insandır".
Müxalifətdə olan AXCP-nin sədri də daxil olmaqla, hazırda 20-yə yaxın üzvü həbsdədir. Partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu bəyan edib. Həbsdəki cəbhəçilərin bir neçəsi Ə.Kərimlinin ictimai əsaslarla mühafizəçisi, sürücüsü olub.
Son illərdə bir neçə ictimai-siyasi fəal küçədə başqasına bıçaqla xəsarət yetirmə ittihamı ilə həbs olunub. Onların arasında işçilərin hüquqlarını müdafiə edən ictimai fəal Afiəddin Məmmədov, Əliyev idarəçiliyini tənqid edən keçmiş diplomat Emin İbrahimov, AXCP fəalı Zamin Salayev və başqaları var.
İctimai-siyasi fəallar özlərini təqsirli bilmir, ümumiyyətlə, heç kimi bıçaqlamadıqlarını, şərlənib həbs olunduqlarını bildirirlər.
Hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycanda 328 nəfər siyasi məhbus var.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması barədə deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, adları siyasi məhbus siyahısında yer alan şəxslər törətdikləri cinayətə görə mühakimə ediliblər.