Keçid linkləri

2026, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:28

Azərbaycan Bəhruz Həsənlinin ekstradisiyası üçün hələlik müraciət etməyib

Bəhruz Həsənli
Bəhruz Həsənli

Avqustun 6-da Ukraynada məhkəmə AXCP fəalı Bəhruz Həsənli barəsində, onun faktiki saxlanıldığı 27 iyul tarixindən hesablanmaqla, 40 günlük həbs qərarı verib. Vəkil Olena Riçko AzadlıqRadiosuna bildirib ki, hazırda bu müddətin 30 günü qalıb.

O, rəsmi qərar tam hazır olmadığından məhkəmənin bu addımı hansı əsaslarla atdığını şərh edə bilməyəcəyini vurğulayıb.

Vəkilə görə, proses B.Həsənlinin beynəlxalq axtarışa verilməsi ilə başlayıb, indiki mərhələdə Azərbaycandan onun ekstradisiyası ilə bağlı hələ heç bir sorğu daxil olmayıb. Amma Ukrayna qanunvericiliyinə əsasən, prokurorluğun Azərbaycan rəsmi ekstradisiya sorğusu təqdim edənədək Bəhruzun müvəqqəti həbsini tələb etmək hüququ var: "Növbəti mərhələdə Azərbaycandan ekstradisiya sorğusunu gözləyəcəklər. Ukrayna belə bir sorğu almasa, Bəhruz saxlanıldığı gündən 40 gün sonra azad ediləcək və barəsində başqa qətimkan tədbiri seçilməyəcək".

Azərbaycan tərəfi 30 gün ərzində belə bir sorğu verərsə, prokurorluq yenidən məhkəməyə müraciət etməlidir. Bu halda 12 ayadək ekstradisiya həbsi tətbiq oluna bilər. Lakin məhkəmənin girov və ya ev dustaqlığı kimi alternativ qətimkan tədbirləri seçmək imkanı da var.

O.Riçkonun sözlərinə görə, B.Həsənli beynəlxalq müdafiə almaq üçün rəsmi müraciət edib, ancaq müraciətə mahiyyəti üzrə baxılmasına hələ başlanmayıb. Bununla əlaqədar, Dövlət Miqrasiya Xidmətinin hərəkətsizliyinə qarşı məhkəmə iddiası qaldırılıb.

"Əgər Ukrayna Bəhruzu Azərbaycana ekstradisiya etmək qərarına gələrsə, ekstradisiya yoxlamasının nəticəsindən ayrıca şikayət verilə bilər. Bu halda daha bir məhkəmə prosesi keçiriləcək", – o vurğulayır.

6 avqust

AXCP üzvü Ukraynada həbs olunub

Avqustun 6-da AXCP üzvü Bəhruz Həsənlinin Ukraynada 30 sutkalıq həbs olunduğu bildirilir. Bu barədə sosial mediada ukraynalı jurnalist Leonid Şvets, həmçinin AXCP üzvləri məlumat yayıb. Növbəti məhkəmənin bir ay sonraya təyin edildiyi xəbər verilir.

Məlumata görə, B.Həsənli özünə qarşı ittihamın uydurma və siyasi motivli olduğunu bildirib. O, iyulun sonlarında Ukraynanın Xarkov şəhərində Azərbaycan hakimiyyətinin sorğusu əsasında saxlanılmış, bir neçə gün sonra məhkəmə onu azad etmişdi.

AzadlıqRadiosu son məhkəmə qərarı barədə hələlik əlavə informasiya əldə edə bilməyib.

Ukraynalı jurnalist və siyasi şərhçi L.Şvets yazır ki, Xarkov Apellyasiya Məhkəməsinin qərarının hansı əsaslarla qəbul edildiyi vəkillərə bildirilməyib: qərarın yazılı mətni yalnız beş gün sonra hazırlanıb təqdim olunacaq. Jurnalist müxalifətçinin saxlanılmasının Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun avqustun 6-da Ukraynaya səfəri ilə üst-üstə düşməsinə diqqət çəkir: "Sadəcə belə alınıb, həyatda hər şey olur. Xatırladım ki, Xalq Cəbhəsi Partiyasının üzvü olan Bəhruz vətənində dövlət çevrilişi təşkilində əli olmaqda, partiya sədri Əli Kərimliyə böyük məbləğdə pul ötürməkdə ittiham olunur. Nəzərə alsaq ki, 2022-ci ildən Ukraynada yaşayan bu gəncin hətta vəkil tutmağa belə pulu yoxdur, ittihamlar inandırıcı görünmür. Azərbaycanda məhkəmənin onun xeyrinə nəticələnəcəyinə isə heç inanmaq olmur".

30 iyul

Ukraynada saxlanılan AXCP üzvü buraxıldı

Ukraynada saxlanan AXCP üzvü Bəhruz Həsənli məhkəmə zalından azadlığa buraxılıb. Bu barədə o, özünün sosial şəbəkə hesabında məlumat paylaşıb: "Bu dəqiqə məhkəmə zalından azadlığa buraxıldım... Çalışacam bir müddətdən sonra ətraflı məlumat verim, bir az vaxt lazımdır...".

28 iyul

AXCP üzvü Ukraynada saxlanıb

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvünün Ukraynada saxlandığı bildirilir. Partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş və 2022-ci ildən Ukraynada yaşayan Bəhruz Həsənli iyulun 27-də sosial şəbəkə hesabında bu barədə yazıb.

"Azərbaycan hökumətinin sorğusu əsasında məni Ukraynanın Xarkov şəhərində saxlayıblar, hal-hazırda polis idarəsinə gedirik", – o qeyd edib.

Daha sonra AXCP-nin mühacirətdə olan üzvləri B.Həsənlinin məhkəməyə çıxarılacağı barədə məlumat veriblər. Partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Adilovun sözlərinə görə, fəal ona qarşı irəli sürülən dələduzluq ittihamını qurama və əsassız sayır.

Siyasətçi Fuad Qəhrəmanlının sosial şəbəkədə yazdığına görə, "B.Həsənliyə saxta cinayət işi əsasında ittiham irəli sürülüb və ehtimal olunur ki, bu yolla onu Azərbaycana ekstradisiya edərək Ə.Kərimli ilə bağlı açılmış qondarma cinayət işinə qoşmaq istəyirlər".

Demokratik Qüvvələrin Milli Şurası B.Həsənlinin Ukraynada saxlanılmasını pisləyib. Qurumun yaydığı bəyanatda deyilir ki, o, Rusiyanın genişmiqyaslı işğalından sonra belə Ukraynanı tərk etməyərək bu ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib: "Belə bir şəxsin siyasi motivli ittihamlar əsasında Azərbaycana ekstradisiya olunması onun azadlığı, təhlükəsizliyi və fundamental hüquqları üçün ciddi risk yaradır".

Hələlik B.Həsənlinin Ukraynada hansı əsaslarla saxlanıldığı barədə rəsmi açıqlama verilməyib.

AXCP sədri Ə.Kərimli 2025-ci il noyabrın 29-dan həbsdədir. O və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş hərəkətlərdə ittiham olunurlar. Hər ikisi ittihamları rədd edir.

Hökumət mediası bu iki müxalifətçinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə açılmış cinayət işi ilə əlaqədar saxlanıldığını bildirib. R.Mehdiyev dövlətə xəyanət, dövlət hakimiyyətini zorla ələ keçirməyə yönəlmiş hərəkətlərdə və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasında ittiham olunur. Onun özündən və yaxınlarından bu ittihamlarla bağlı münasibət almaq mümkün olmayıb.

AXCP təmsilçiləri R.Mehdiyev ilə heç bir əlaqələrinin olmadığını vurğulayıblar.

Hazırda AXCP-nin 15-dən çox üzvü həbsdədir. Partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb.

Hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, indi Azərbaycanda 328 nəfər siyasi məhbus var.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması barədə deyilənlərlə razılaşmır və vurğulayırlar ki, adları siyasi məhbus siyahısında yer alan şəxslər törətdikləri cinayətə görə mühakimə ediliblər.

XS
SM
MD
LG