Azərbaycan hakimiyyəti həbsdə olan müxalifət lideri Əli Kərimliyə qarşı pis rəftara son qoymalı, onu azad etməlidir. Belə bir bəyanatla "Human Rights Watch" insan haqları təşkilatı çıxış edib.
"Azərbaycan hakimiyyəti müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin saxlanma şəraitini getdikcə daha da ağırlaşdırıb, bu isə qeyri-insani və ya ləyaqəti alçaldan rəftarla bağlı ciddi narahatlıq doğurur", – bəyanatda deyilir.
Məlumatlara görə, Fransanın "France 24" telekanalı iyunda Kərimli ilə müsahibə yayımladıqdan sonra onun saxlanma şəraiti daha da pisləşib. Həmin müsahibədə o, üzləşdiyi rəftardan danışıb, Avropa hökumətlərini Azərbaycanla enerji əməkdaşlığını insan hüquqlarından üstün tutduqlarına görə tənqid edib. Bundan sonra hakimiyyət onun telefon əlaqəsini tamamilə kəsib, ona qanunla nəzərdə tutulan 15 dəqiqə əvəzinə cəmi 4 dəqiqə danışmağa icazə verib. Vəkillərinin sözlərinə görə, məhkəmələr Kərimlinin telefon hüququnun bərpası ilə bağlı müraciətləri qeydiyyata almaqdan imtina edib.
Bəyanatda Ə. Kərimlinin həbsdə üzləşdiyi digər məhdudiyyətlərə də toxunulur.
"Azərbaycan hakimiyyəti Kərimliyə qarşı cəza xarakterli məhdudiyyətləri dayandırmalı, onu istintaq təcridxanasından buraxmalı və əsassız ittihamları ləğv etməlidir. Azərbaycanın beynəlxalq tərəfdaşları isə onun məsələsini həm açıq şəkildə, həm də ikitərəfli görüşlər zamanı qaldırmalıdırlar", – qurumun Avropa və Mərkəzi Asiya bölməsinin direktor müavini Giorgi Qogiya bildirib.
AXCP sədri DTX-nın istintaq təcridxanasında saxlanılır. Müxalifət liderinin saxlanma şəraiti ilə bağlı rəsmi açıqlama verilməyib.
İttihamlar
Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim 2025-ci il noyabrın 29-dan həbsdədir. Onlar dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş hərəkətlərdə ittiham olunsalar da, hər iki şəxs irəli sürülən ittihamları rədd edir.
Hökumətyönlü media AXCP sədrinin həbsini Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının (AMEA) keçmiş rəhbəri Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır. R.Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (dövlət hakimiyyətini zorla ələ keçirməyə yönələn əməllər) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur. Onun özündən və yaxınlarından bu ittihamlarla bağlı münasibət almaq mümkün olmayıb.
Bundan əvvəl AXCP təmsilçiləri R.Mehdiyev ilə heç bir əlaqələrinin olmadığını vurğulayıblar.
AXCP sədrinin saxlanmasını siyasi motivli adlandırıb, ölkədə "siyasi repressiyaların daha da gücləndirilməsi istiqamətində növbəti addım" adlandırıb.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin sədri də daxil olmaqla, hazırda 20-yə yaxın üzvü həbsdədir. Partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu bəyan edib. Həbsdəki cəbhəçilərin bir neçəsi Ə.Kərimlinin ictimai əsaslarla mühafizəçisi, sürücüsü olub.
Hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycanda 328 nəfər siyasi məhbus var.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması barədə deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, adları siyasi məhbus siyahısında yer alan şəxslər törətdikləri cinayətə görə mühakimə ediliblər.