Əli Kərimlinin KTMT ilə bağlı iddiaya cavabı: 'Bu, sadəcə 'özünsən' tipli ittihamdır'

Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) fevralın 12-də yayılan açıqlamasına ailəsi vasitəsilə cavab verib.

AXCP sədri vurğulayıb ki, o və digər şəxslərin dövlət çevrilişi ilə bağlı "qara piar materialından fərqlənməyən" videosüjetləri hökumət televiziyalarından izləyib: "Aydındır ki, DTX adından irəli sürülən bu iddialar başdan-ayağa yalandır".

Ə.Kərimlinin sözlərinə görə, 2013-cü ildə Milli Şura o zaman mövcud olan bütün müxalif qüvvələrin iştirakı ilə məhz avtoritarizmdən demokratiyaya dinc keçidi təmin etmək məqsədilə formalaşıb.

"Milli Şuranın prezidentliyə ilk vahid namizədi və sədri Rüstəm İbrahimbəyov məhz Rusiyanın və şəxsən Putinin müdaxiləsi nəticəsində seçkilərə buraxılmayıb. İbrahimbəyovun ikili vətəndaşlığı var idi və o, Putinə müraciət etmişdi ki, Rusiya vətəndaşlığından azad edilsin. Lakin bu, baş vermədi", - Kərimli vurğulayıb.

"Rusiya ilə müttəfiqlik bəyannaməsini açıq tənqid etmişəm"

Ə.Kərimli konkret ona qarşı iddiaları "absurd" adlandırıb: "Guya hakimiyyətə gəlsəydim, Azərbaycanın KTMT-yə üzv olacağı barədə yalanı yaymaq... Bu, sadəcə "özünsən" tipli ittihamdır. Uzun illərdir Azərbaycan hakimiyyətini korrupsiya, saxtakarlıq və rusiyapərəst siyasətə görə tənqid etmişəm... Rusiya ilə müttəfiqlik bəyannaməsini (2022-ci ilin fevralında imzalanıb) və ölkədə rusdilli məktəblər şəbəkəsinin genişləndirilməsini açıq şəkildə tənqid etmişəm".

Ə.Kərimli xatırladır ki, AXCP-nin proqramında Azərbaycanın Avropa İttifaqına üzvlüyü və Avroatlantik məkana inteqrasiya əsas siyasi hədəf kimi müəyyən edilib.

AXCP sədri Ramiz Mehdiyev və Abbas Abbasovla əlaqələndirilməsini də düz saymır: "Cəmiyyət bilir ki, bu şəxslər uzun illər İlham Əliyevin komandasında yüksək vəzifələrdə təmsil olunublar və həmin vəzifələrə də məhz onun tərəfindən təyin ediliblər...".

Sizin brauzer HTML5-i dəstəkləmir

Ramiz Mehdiyevin videosu niyə indi yayılır?

Xatırlatma

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) fevralın 12-də dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirildiyini bildirib.

Açıqlamaya görə, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, AXCP sədri Əli Kərimli və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə şübhələr yaranıb.

İddia edilir ki, Milli Şuranın 2013-cü ildə bir xarici dövlətin (ad çəkilmir) rəhbərliyinə ünvanladığı gizli məktubda Şuranın fəaliyyətinin dəstəklənməsi xahiş edilib, Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif olunub.

Vurğulandığına görə, tərəflər Ə.Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) tam üzv olacağı barədə razılaşıblar.

R.Mehdiyev haqqında ötən ilin oktyabrında ev dustaqlığı qətimkan tədbiri seçildiyi bildirilir. O və vəkilləri iddialara indiyə kimi münasibət bildirməyib. AXCP sədri Ə.Kərimli ötən ilin noyabrın 29-da həbs edilib.

Milli Şuranın fəxri sədri, yazıçı, kinorejissor R.İbrahimbəyov 2022-ci ildə vəfat edib.