Pakistanda sənədsiz miqrantlara qarşı yeni deportasiya kampaniyası başladığından minlərlə əfqan ailəsi Əfqanıstana qayıdır. İslamabad iyulun 10-nu ölkədə qanuni əsassız yaşayan əfqanların Pakistanı tərk etməsi üçün son tarix qoymuşdu.
Bu arada dünyanın müxtəlif ölkələri Əfqanıstandan qaçmış insanları geri qaytarır.
2023-cü ilin oktyabrından – İslamabad deportasiya siyasətini elan edəndən bəri 2,5 milyondan çox əfqan ölkədən çıxarılıb.
Pakistanın Xeybər qəbilə bölgəsinin Camrud rayonundan olan könüllü İslam Badşah deyir ki, hər gün ortalama 400-600 ailə Torxam sərhəd-keçid məntəqəsindən Əfqanıstana keçir.
Torxam Əfqanıstan və Pakistan arasında əsas sərhəd-keçid məntəqəsidir.
Badşah deportasiya olunan ailələrə yardım üçün yerli sakinlərdən ianələr yığır. Dediyinə görə, ailələrin əksəriyyətində BMT-nin qeydiyyat kartları var. Amma Pakistan hakimiyyəti yalnız pasportunda tələbə, biznes və ya səfər vizası olan əfqanların ölkədə qalmasına icazə verir.
Əfqanları evlərinə göndərirlər
Ziya Rəhmanın ailəsi iyulun 13-də sərhəd yaxınlığındakı Həmzə Baba Əfqan Qaçqınları Tranzit Mərkəzinə gələn yüzlərlə ailənin arasında olub.
Sərhədi keçmək üçün rəsmi icazə gözləyən Rəhman AzadlıqRadiosuna deyib ki, o və böyük qardaşları Pakistanda doğulublar, indi onları məcburən heç tanımadıqları ölkəyə göndərirlər.
"Nə uşaqlarım, nə də qardaşlarımın uşaqları indiyədək Əfqanıstana gediblər. Bizi qeyri-müəyyən gələcək gözləyir. İş tapa biləcəyikmi? Uşaqlarımız məktəbə gedə biləcəkmi?" – 36 yaşlı Rəhman söyləyib.
Hazırda milyonlarla əfqan dünyanın müxtəlif ölkələrindən ya birbaşa deportasiya edilir, ya da təhdid, təzyiq və qorxu səbəbindən geri qayıtmağa məcbur qalır.
Pakistanda vəziyyət daha ağırdır.
Əfqanıstanda on illərlə gedən müharibələr milyonlarla insanı Pakistana sığınmağa məcbur edib. Rəsmi məlumata görə, 2021-ci ilədək ölkədə təxminən 1,5 milyon qeydiyyatdan keçmiş əfqan yaşayırdı. 2021-ci ilin avqustunda Taliban Kabildə hakimiyyəti ələ keçirəndən sonra yarım milyondan çox əlavə əfqan Pakistana qaçıb.
Pakistan və Taliban uzun illər qeyri-rəsmi müttəfiq sayılıblar. 2021-ci ildən sonra münasibətlər pisləşməyə başlayıb. İslamabad Kabili Pakistanda hücumlar gerçəkləşdirən "Pakistan Talibanı"na sığınacaq verməkdə ittiham edir.
Əfqanıstandakı Taliban isə bu ittihamları rədd edir, ölkə ərazisinin başqa dövlətlərə qarşı istifadə olunmasına imkan verməyəcəyini bildirir.
2025-ci ilin oktyabrında Pakistan Əfqanıstan ərazisinə hava zərbələri endirib, sərhəddə ağır döyüşlər baş verib, hər iki tərəfdə itkilər və infrastruktur dağıntıları olub. Bundan sonra Pakistan Əfqanıstanla demək olar ki, bütün sərhəd-keçid məntəqələrini bağlayıb, deportasiyaları sürətləndirib.
Pakistan hakimiyyəti Əfqan Vətəndaşı Kartlarını (ACC) və Qeydiyyat Sənədi (PoR) kartlarını da etibarsız elan edib. Əvvəllər bu sənədlər əfqanların Pakistanda qanuni yaşamasına əsas verirdi. İndi isə ölkədə qalmaq üçün yalnız etibarlı viza lazımdır.
Humanitar böhran
AzadlıqRadiosunun jurnalisti Daud Xəttak yazır ki, kütləvi deportasiyalar Əfqanıstanın bəzi bölgələrində ciddi humanitar böhran yaradıb. Yerli infrastruktur artan axını qarşılaya bilmir, qayıdanlar son dərəcə həssas duruma düşürlər.
Ölkəni tərk edən əfqanların əksəriyyəti bildirir ki, polis reydləri zamanı saxlanılmamaq üçün bizneslərini bağlamalı, əmlaklarını dəyərindən xeyli aşağı qiymətə satmalı olublar. Belə reydlər iyulun 10-dan sonra daha da intensivləşib.
Pişəvərdəki Bord bazarı Pakistanın əfqan qaçqınlarının ən böyük ticarət mərkəzlərindən biridir. Burada çörək dükanları, quru meyvə, geyim və ayaqqabı mağazaları daxil təxminən 5 min obyekt fəaliyyət göstərir.
Son günlər bazarda alıcılardan daha çox polis patrulları gözə dəyir, sahibkarlar həbs olunmamaq üçün yeni üsullar axtarmalı olurlar.
"Polis reydləri zamanı həbs olunmamaq üçün yerli sakinləri işə götürmüşük. Polis gələndə biz mağazadan çıxırır, işi yerli işçiyə tapşırırıq. Bu həm bizi, həm də biznesimizi qoruyur. Amma bunun uzun müddət davam edəcəyinə inanmırıq ", – adının açıqlanmasını istəməyən mağaza sahibi deyib.
Digər sahibkar Zakir Ayaz isə bildirib ki, ailəsi 25 ildən çoxdur Pişəvərdə uğurlu biznes qurub.
"Ailəm 40 il əvvəl, Əfqanıstan cihadının əvvəlində Pakistana köçüb. Bu işi azı 25 ilə qurmuşuq. İndi isə gələcəyimizin necə olacağı bəlli olmadan işi bağlamağa məcburuq", – Ayaz deyib.
Vaxtaşırı Əfqanıstana gedən Ayaz Pakistanda qalmaq istədiyini söyləyib.