Talibanın qadınlar üçün daha sərt geyim qaydalarını məcburi etməsi Əfqanıstanın üçüncü böyük şəhəri Heratda dərin qorxu və təşviş yaradıb. Talibanın "əxlaq polisi" iyun fərmanını bəhanə gətirərək Heratda qadınları kütləvi şəkildə saxlayır və ictimai yerlərdə amansızcasına döyür.
Yeni sərəncam qadınların radikal qruplaşmanın "müvafiq hicab" saydığı geyim olmadan küçəyə çıxmasını qəti qadağan edir. Fərmana görə, bu tələbi pozan, üzünü örtməyən və ya makiyaj edən hər bir qadın sərt cəzalandırılacaq.
Təqiblərdən qorxduğu üçün adını gizli saxlayan Herat sakini AzadlıqRadiosuna deyib: "Əvvəl də hicablı idik. İndi isə Taliban bizdən həm də maska taxmağı, üzümüzü bütünlüklə örtməyi tələb edir".
BMT-nin məlumatına görə, fərmanın elanından sonrakı ilk həftədə Taliban azı 30 qadını həbs edib. Bu məhdudiyyətlər iyunun 9-da Heratda nadir etiraz aksiyalarına səbəb olsa da, nümayişlər Taliban tərəfindən qəddarlıqla dağıdılıb. BMT rəsmiləri qarşıdurma zamanı azı iki nəfərin öldüyünü, 20-dən çox insanın isə yaralandığını bildirir.
Qundaq zərbəsi və küçə zorakılığı
Geyim qaydalarının amansızcasına tətbiqi Herat qadınları arasında qorxunu pik həddə çatdırıb. Yaranan xof mühiti səbəbindən bəzi qadınlar evdən ümumiyyətlə çıxmır, küçəyə çıxanlar isə ekstremistlərin qəzəbinə tuş gəlmək riski ilə üzləşirlər.
Heratda burka geyinmiş qadınlar
AzadlıqRadiosuna danışan sakinlər "əxlaq polisinin" küçələrdə, bazarlarda və ictimai binaların girişlərində qadınları müntəzəm yoxladığını deyirlər. Sakinlərdən biri bildirir ki, hətta geyim qaydalarına tam əməl edənlər belə saxlanılıb sorğu-sual olunur.
Başqa bir qadın isə Talibanın fərmanları yaymaq və təzyiqi artırmaq üçün məscid mollalarından istifadə etdiyini deyir: "Sərəncamda qeyd olunurdu ki, qayda pozuntularına qarşı mübarizə üçün qadın əməkdaşlar cəlb edilib. Həmçinin xəbərdarlıq edilirdi ki, qadınları qorumağa çalışan qohumlar və ya ətrafdakılar da dərhal həbs olunacaqlar".
Qruplaşma bu hədələrini çox keçmədən icra etməyə başlayıb. Heratın Cədaye Əbrəşəm bölgəsində bir qadını küçənin ortasında saxlayan "əxlaq polisi" onu müdafiə etmək istəyən yaxınlarını da onunla birlikdə aparıb.
Şəhərin digər bir nöqtəsində – Xoca Kalla rayonunda isə Taliban nümayəndələri hicab geyinmələrinə baxmayaraq, iki gənc qadını tutmağa cəhd ediblər. Hadisənin şahidi o anları belə nəql edir: "Qadınlardan biri etiraz etdikdə əməkdaşlar onun başına tüfəngin qundağı ilə zərbə endirdilər və güclü qanaxma başladı. O, yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, əxlaq polisi həkimlərə kömək göstərməməyi əmr etdi. Sonra isə qanaxmanın davam etməsinə baxmayaraq, onu məcburən apardılar".
İran sərhədi yaxınlığında yerləşən və bir milyona yaxın əhalisi olan Herat getdikcə xəyalət şəhərinə çevrilir. Qadınların evə qapanması səbəbindən küçələrdə dərin səssizlik hökm sürür. "Heratın qadın və qızları üçün çox çətin günlər başlayıb. Şəhər sanki sükuta qərq olub, gənc qadınlar evdən çıxmağa qorxurlar", – deyə yerli sakinlərdən biri vəziyyəti xülasə edir.
Heratda qadınlar
İslamın ifrat radikal təfsiri
Müharibələrdən yorulan 40 milyonluq ölkədə Talibanın radikal dini siyasətindən ən çox zərər çəkən məhz qadınlar olub. Qruplaşma qadınları ictimai həyatdan tamamilə sıxışdırıb çıxarıb; onların xarici görünüşünə, hərəkət azadlığına, iş və təhsil hüquqlarına ağır məhdudiyyətlər qoyub.
Talibanın 2024-cü ildə qəbul etdiyi qanuna görə, qadınlar ictimai yerlərdə bütün bədənlərini örtməlidirlər. Ancaq bu qayda bütün ölkədə eyni deyil – hər bölgənin Taliban lideri öz qərarını verir.
Bununla belə, əfqan qadınları, xüsusən şəhərlərdə yaşayanlar, çadra və niqabı Əfqanıstanın mədəniyyətinə yad hesab edirlər. 2021-ci ildə Taliban yenidən hakimiyyətə gəlməmişdən əvvəl qadınların çoxu yalnız saçlarını örtən yüngül yaylıqlardan istifadə edirdi.