Supergüclərin kabusu – Ucuz dronlar nəhəng orduları necə dayandırdı

Asimmetrik dron müharibəsi: Zəif tərəflərin yeni gücü

Rusiya 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı işğala başlayanda Kiyevi bir neçə günə tutacağını gözləyirdi. Oxşar şəkildə, ABŞ və İsrail də fevralın sonunda İranı bombalamağa başlayarkən İslam Respublikasının qısa müddətdə çökəcəyini düşünürdü. Amma hər iki halda böyük hərbi güclər daha kiçik və zəif rəqiblərini məğlub edə bilmədilər. Ukrayna və İranın ucuz, yerli istehsal olan dronları döyüş meydanının qaydalarını dəyişdi.

Ekspertlərin AzadlıqRadiosunun jurnalisti Daud Xəttaka bildirdiyinə görə, Ukrayna və Yaxın Şərqdəki münaqişələr asimmetrik dron müharibəsi fenomenini meydana çıxarıb. Hərbi baxımdan zəif tərəflər raket çatışmazlığını və müasir hərbi hava qüvvələrinin yoxluğunu məhz dronlar vasitəsilə kompensasiya edirlər.

"Dron müharibəsi yenidir; o, ənənəvi hərbi vasitələri əvəz etmir, sadəcə onlardan istifadə metodlarını dəyişdirir", – Fransanın "Atum Mundi" analitik mərkəzinin eksperti Kleman Molen deyir.

Təhlilçi müasir müharibələrdə təyyarə, tank, logistika və piyada qüvvələrinin hələ də həlledici rol oynadığını, bununla belə, hərbi strategiyada dronların əhəmiyyətinin getdikcə artdığını bildirir: "Gələcəkdə dronlar süni intellektlə idarə olunan avtonom missiyalar yerinə yetirəcək. Pilotsuz yerüstü vasitələr həm logistikanı təmin edə, həm də hücum əməliyyatları apara biləcək. Dəniz dronları isə suüstü və sualtı döyüş imkanları yaratmaqla yanaşı, hazırda olduğu kimi "dron daşıyıcıları" rolunu da oynayacaq".

Az xərcli tükəndirmə müharibəsi

Müasir hərbi hava qüvvələri və hava hücumundan müdafiə sistemlərindən məhrum olan İran ABŞ və İsrailin zərbələrinə raketlər və dronlarla cavab verib. Bundan başqa, strateji əhəmiyyətli Hörmüz boğazını bağlayan İran regionda dəniz nəqliyyatını faktiki olaraq iflic edib.

Tək birinin qiyməti cəmi 7 min dollar olan İran dronlarının böyük qismi vurulsa da, Körfəz ölkələrində ciddi dağıntılar törətməyi bacarıb. Məlumata görə, aprelin 8-də atəşkəs qüvvəyə minənədək İran tərəfi regional hədəflərə təxminən 4 min "Şahed-136" və "Araş-2" kamikadze dronu buraxıb.

Vaşinqtondakı Yaxın Şərq İnstitutunun İran üzrə müdafiə eksperti Fərzin Nədimi bildirir ki, İranın dron hücumları gəmiçiliyi iflic edib, hava və raketdən müdafiə radarlarına zərər vurub, qaz ixracını azaldıb və maliyyə baxımından çox baha başa gələn yüksək hazırlıq vəziyyəti yaradıb.

"İranın kamikadze hücum dronları 2026-cı il münaqişəsində sübut etdi ki, hətta ciddi şəkildə zəiflədilmiş qüvvələr belə hücum potensialını qoruya bilər. Onlar davamlı və ucuz başa gələn tükəndirmə müharibəsi vasitəsilə qüvvələr balansını dəyişməyə qadirdirlər", – ekspert vurğulayır.

Rusiya ilə müharibədə Ukraynanın ucuz dronları da mühüm rol oynayır. Bu aparatlar təkcə cəbhədəki Rusiya qüvvələrini çıxılmaz vəziyyətə salmaqla kifayətlənməyib, həm də Kremlin Qara dəniz və Baltik dənizindəki hərbi donanmalarına, aerodromlarına və digər strateji obyektlərinə ciddi zərbələr endirib. Eyni zamanda, Rusiyanın iri neft emalı zavodlarının hədəf alınması ölkənin müharibə iqtisadiyyatını əhəmiyyətli dərəcədə sarsıdıb.

Dron imkanları zəif olan Rusiya İrandan minlərlə aparat və texnologiya alıb, həmçinin daxili istehsalını inkişaf etdirib.

Ekspertlərin fikrincə, dronlar həm Rusiya, həm də Ukrayna üçün müharibənin xarakterini tamamilə dəyişib: "Şahed" kamikadze dronları, ağır yükdaşıyan təchizat PUA-ları, FPV-lər və elektron maneələrə davamlı fiber-optik kabelli dronlar geniş tətbiq olunur.

Sizin brauzer HTML5-i dəstəkləmir

Döyüşlərin taleyini dəyişən 500 dollarlıq silah

Qeyri-dövlət silahlı qruplaşmaları

Yaxın Şərqdəki qeyri-dövlət aktorları və silahlı qruplaşmalar da getdikcə PUA-lardan daha fəal şəkildə istifadə edirlər. Livandakı "Hizbullah" və Yəməndəki husilər bu sıradadır.

"Hizbullah" həm silahlı qruplaşma, həm də Livanın cənubunun böyük hissəsinə nəzarət edən siyasi təşkilatdır. ABŞ onu terror təşkilatı sayır, Avropa İttifaqı isə yalnız silahlı qanadını qara siyahıya salıb.

"Hizbullah" İsraillə müharibədə ilk dəfə Rusiya hərbçilərinin tətbiq etdiyi və hazırda Ukrayna cəbhəsində geniş yayılmış fiber-optik dronlardan istifadə edib. Son bir ayda qruplaşma döyüşçüləri kilometrlərlə uzanan fiber-optik kabelli kamikadze dronları vasitəsilə İsrailin üç hərbçisini və bir mülki vətəndaşını qətlə yetiriblər. Bu pilotsuz aparatlar elektron müharibə maneələrinə məruz qalmır və yüksək dəqiqliklə istənilən istiqamətə yönləndirilə bilir.

Husilər isə dron və raketlərlə Qırmızı dənizdə gəmilərin hərəkətini pozublar.

""Hizbullah və husilər artıq göstəriblər ki, ucuz dron və raketlərə əsaslanan asimmetrik strategiyalar vasitəsilə rəqib ordulara böyük ziyan vurmaq mümkündür", – Vaşinqtondakı Karneqi Beynəlxalq Sülh Fondunun eksperti Stiven Feldşteyn qeyd edir.

Ekspertlərin fikrincə, hər iki qruplaşma İranın layihələrindən və texniki biliklərindən, əsasən Çindən gətirilən kommersiya komponentlərindən, həmçinin Ukrayna müharibəsinin dərslərindən bəhrələnib.