Dissidentin qətlində şübhəli bilinən İran rəsmisinin Türkiyədə saxlandığı xəbər verilir

Məsud Mövləvi Vardancani

2019-cu ildə iranlı dissidentin qətlinə təhrikdə şübhəli bilinən İran rəsmisi Türkiyədə həbs edilib.

Bu xəbəri adı çəkilməyən mənbəyə istinadən Reuters agentliyi yayıb.

Agentlik bildirib ki, o Məhəmməd Rza Nasirzadənin bu həftənin əvvəllərində saxlanmasına dair Türkiyənin Sabah qəzetində dərc olunmuş xəbəri təsdiq edə bilib.

O İranın siyasi və hərbi rəhbərliyinin tənqidçisi kimi tanınan Məsud Mövləvi Vardancaniyə qarşı sui-qəsdin planlaşdırılmasında şübhəli bilinir.

Buna da bax: İranlı dissidentlərin Türkiyədə günü qaradır – Qərb mediası

Həssas məsələ

Sabah qəzeti yazmışdı ki, Nasirzadə İranın İstanbuldakı konsulluğunun vətəndaş qeydiyyatı şöbəsinin əməkdaşı olub.

Reuters bu informasiyanı müstəqil şəkildə təsdiqləyə bilmədiniyini yazır.

Agentlik qeyd edir ki, bu insident regional güclər olan Türkiyə və İranın münasibətlərində gərginlik yarada bilər.

İranın Xarici İşlər Nazirliyi Sabah qəzetinin xəbərini “əsassız” adlandırıb.

İran kəşfiyyatının keçmiş əməliyyatçısı olmuş Vardancani İran rəsmiləri ilə bağlı bir sıra korrupsiya iddiaları səsləndirmişdi.

O İranı tərk etdikdən bir il sonra, 2019-cu ilin 14 noyabrında İstanbulda güllə ilə vurularaq öldürülüb.

İran rəsmiləri Vardancani barədə cinayət təhqiqatına başlamışdılar.

Buna da bax: Fərəh Pəhləvi Xamneyinin ittihamlarına cavab verir

Baş hərflər uyğun gəlir

Türkiyə polisi 2020-ci ilin martında Vardancaninin “qeyri-adi” tərcümeyi-hala malik olduğunu bildirmişdi.

Məlumatda deyilirdi ki, o İran rejiminin açıq tənqidçisi olmazdan az əvvəl İran Müdafiə Nazirliyinin kibertəhlükəsizlik xidmətində çalışıb.

Türkiyənin iki vəzifəli rəsmisi 2020-ci ildə Reuters-ə demişdilər ki, Vardancaninin qətli İranın İstanbuldakı konsulluğunda planlaşdırılıb.

O vaxt Türkiyə rəsmiləri hətta iki şübhəlinin adlarının baş hərflərini də bildirmişdilər.

Bunlardan biri Nasirzadənin ad və soyadına uyğun gəlirdi.

Buna da bax: İranlı dissidentin qətlində Tehranın ‘birbaşa əli var’

İran həm təkzib edir, həm də danışıqlar aparır

ABŞ administrasiyasının bir rəsmisi 2020-ci ilin aprelindıə demişdi ki, Vaşinqtonun əlində Vardancaninin qətlində İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin iştirak etməsini deməyə əsas verən məlumat var.

İran XİN-in sözçüsü Səid Xatibzadə Vardancaninin qətlində konsulluğun iştirakına dair iddiaları rədd edib.

Nazirliyin saytında dərc olunmuş məlumatda deyilir ki, İran bu məsələyə aydınlıq gətirilməsi üçün Türkiyə tərəfi ilə danışıqlar aparır.

Ötən həftə Belçika məhkəməsi mühacirətdə olan müxalifət qrupuna qarşı qəsd planlaşdırmaqda ittiham olunan bir İran diplomatını 20 il müddətinə azadlıqdan məhrum edib.

Bu diplomat 1979-cu il İslam İnqilabından bəri Avropada terrorçuluq ittihamı ilə məhkum edilən ilk İran rəsmisidir.