Dini inanclı fəal Samid Hüseynovun ailəsi dörd gündür ondan heç bir xəbər ala bilmədiyini deyir. Həyat yoldaşı Arzu Hüseynovanın AzadlıqRadiosuna bildirdiyinə görə, sonuncu dəfə onunla iyunun 19-da danışarkən o, polis idarəsinə çağrıldığını söyləyib. O vaxtdan bəri ailə S.Hüseynovun yer və durumundan xəbərsizdir.
Həyat yoldaşının sözlərinə görə, ailə Lənkəranda yaşayır, S.Hüseynovsa Bakıda – Maştağa qəsəbəsində tikintidə çalışır: "İyunun 19-da səhər saat 10 radələrində telefonla mənə dedi ki, onu Zabratda yerləşən polis idarəsinə çağırıblar. Bildirdi ki, ora gedəcək. Bir qədər sonra zəng etdim. Telefonuna zəng gedirdi, amma cavab verən yox idi. Sonra, ümumiyyətlə, söndürüldü. Neçə gündür onu axtarırıq".
Yaxınları sonuncu danışıq zamanı dediklərini nəzərə alaraq, S.Hüseynovu polislərin saxladığını düşünür. Bununla belə, günlərdir onun haqqında heç bir məlumat verilmədiyindən həyatından nigaran qaldıqlarını dilə gətirir, onun işgəncə altında olmasından təlaşlanırlar.
S.Hüseynovun ailəsi onun dini baxışlarına görə daha öncə də dəfələrlə cəzalandırıldığına diqqət çəkir. O, 2022-ci ilin yayında Ramana qəsəbəsində məscidin yaxınlığındakı qülləyə "Aşura günü" ilə bağlı qara bayraq sancandan sonra həbs edilmişdi. Ailəsi elə o vaxt da S.Hüseynovun yeri barədə günlərlə xəbərsiz qaldığını deyir. Yalnız dörd gün keçəndən sonra ona 30 sutka inzibati həbs cəzası verildiyini öyrənə bilmişdilər. O zaman Daxili İşlər Nazirliyi S.Hüseynovun həbsinə dair açıqlamasında bəyan etmişdi ki, "Dini etiqad azadlığı haqqında" Qanuna əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir: "Qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də günorta saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində rabitə qülləsinə qara bayraq asılması müşahidə olunub. Polis əməkdaşları həmin əməli törədən Samid Hüseynovu müəyyən edib və o, həbs olunub".
Ardından S.Hüseynov 2023-cü ildə narkotik ittihamı ilə saxlanmış və ona 2 il həbs cəzası kəsilmişdi. Ailəsi narkotik ittihamının saxta olduğunu və onun şərlənərək həbs edildiyini düşünür.
S.Hüseynovun dörd gündür itkin olması, onun yeri haqda ailəsinə heç bir bilgi verilməməsi barədə həyat yoldaşının söylədiklərinə müvafiq qurumlardan şərh almaq mümkün olmayıb.
"Aşura günü" İslam təqviminin ilk ayı olan Məhərrəm ayının 10-cu günüdür. Builki "Aşura günü" iyunun 25-nə təsadüf edir.
Xatırlatma
İnsan haqları təşkilatlarının hesabatlarına görə, indi Azərbaycanda 328 siyasi məhbus var. Onların da yarıdan çoxu narkotik ittihamı ilə cəzalandırılan dini inanclı şəxslərdir və heç biri özünü təqsirli bilmir. Dediklərinə görə, müxtəlif mövzularla tənqidi fikir səsləndirdikləri, həbsdə olanların ailələrinə maddi yardım göstərdikləri üçün və s. səbəblərdən cəzalandırılıblar.
Rəsmilər ölkədə heç kimin peşə fəaliyyətinə, siyasi və dini baxışlarına görə təqib olunmadığını iddia edərək bildirirlər ki, həbsdə olanlar konkret törətdikləri cinayətlərə görə cəzalandırılıblar.