Hakimiyyəti tənqid edəndən sonra həbs olunan müəllim hakim önündə...

Dəyanət Çələbiyev

Sosial şəbəkələrdə prezident də daxil olmaqla, hökumətin siyasətini tənqid etdikdən sonra həbs olunan ictimai fəal, ingilis dili müəllimi Dəyanət Çələbiyev bu gün, mayın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

Prosesdə fəalın vəkili Aqil Layıc bir neçə vəsatət qaldırıb. Vəsatətlərdən biri cinayət işinə xitam verilməsi ilə bağlı olub. Vəkil vurğulayıb ki, D.Çələbiyev heç bir cinayət törətməyib. Onun sözlərinə görə, iş materiallarından da göründüyü kimi, müvafiq ekspertiza rəyi Çələbiyevin həbsindən dörd ay sonra verilib. Müdafiə tərəfi sual edib: "Əgər rəy dörd ay sonra verilibsə, əvvəlcədən onun kiməsə ağır xəsarət yetirdiyi necə müəyyən edilib?".

Digər vəsatətdə isə cinayət işinə xitam verilmədiyi təqdirdə, fəalın ev dustaqlığına buraxılması istənilib. Vəkil əlavə edib ki, müvəkkili ailənin yeganə qazanc mənbəyidir və onun himayəsində azyaşlı uşaqları var. Lakin bu vəsatətlərin heç biri təmin edilməyib.

Müdafiə tərəfinin növbəti vəsatəti D.Çələbiyevin şüşə qəfəsdə deyil, vəkilin yanında əyləşməsinə icazə verilməsi ilə bağlı olub. Qeyd edilib ki, bu prosedur həm Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarına uyğundur, həm də vəkillə maneəsiz məsləhətləşmək üçün vacibdir. Məhkəmə bu vəsatəti də baxılmamış saxlayıb.

22 dekabr

Sosial şəbəkələrdə hökuməti tənqid edən müəllim həbs olunub

Sosial şəbəkələrdə, prezident də daxil, hökumətin siyasətini tənqid edən ictimai fəal Dəyanət Çələbiyev həbs olunub.

AzadlıqRadiosunun bilgisinə görə, D.Çələbiyev dekabrın 22-də saxlanılıb. İki gün sonra Xətai rayon Məhkəməsində hakim Rəfael Sadıxovun (onun hakimlik səlahiyyətlərinə bir neçə gün öncə xitam verilib-red.) qərarıyla onun haqqında həbs-qətimkan tədbiri seçilib.

İngilis dili müəllimi olan D.Çələbiyev bir nəfərə xəsarət yetirməkdə suçlanır. Ona Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətiylə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 6 ildən 11 ilədək həbs cəzası nəzərdə tutulub.

D.Çələbiyev özünü təqsirli bilmir və heç kimə xəsarət yetirmədiyini, şərlənərək həbs olunduğunu deyir.

D.Çələbiyev həbsindən bir gün öncə - dekabrın 21-də Facebook hesabında uzun illərdir mərkəzində prezident İlham Əliyev və ailə üzvlərinin dayandığı hakimiyyət modelinin ölkəni fəlakətə apardığını yazmışdı: "Əliyevin ailə hakimiyyəti ölkəni gücləndirmədi, ölkəni zəiflətdi. Dövlət şəxsləşdirildi, xalq kənarlaşdırıldı, gələcək ipoteka altına qoyuldu".

44 yaşlı ictimai fəalın üç övladı var.

D.Çələbiyev bu ilin mayında da həbs olunmuşdu. O zaman İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələriylə ona 30 sutka inzibati həbs cəzası verilmişdi. O, polisə müqavimət göstərməsi haqda yazılanları yalanlamış, sosial şəbəkələrdə yazdıqlarına, hökumətin ünvanına tənqidlərinə görə cəzalandırıldığını söyləmişdi.

Xatırlatma

Son illər bir çox ictimai-siyasi fəal kiməsə bıçaqla xəsarət yetirmək ittihamıyla həbs olunub. Onların arasında işçi hüquqlarını qoruyan Afiyəddin Məmmədov, AXCP sədri Əli Kərimlinin mühafizəçisi olmuş Kənan Zeynalov (Basqal), bu partiyanın başqa bir üzvü - Zamin Salayev, ictimai fəallar Əhməd Məmmədli, Nicat İbrahim, keçmiş diplomat Emin İbrahimov və başqaları var.

Bu şəxslərin hamısı özünü təqsirli bilmir, heç kimə xəsarət yetirmədiklərini bildirirlər. Deyirlər ki, zərərçəkmiş qismində tanınan şəxslər qəfildən qarşılarına çıxıb və bıçaqlandığını iddia edərək özünü yerə yıxıb.

Hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.

Rəsmilər, bir qayda olaraq, ölkədə heç kimin peşə fəaliyyətinə görə, siyasi səbəblərlə həbs edilmədiyini deyir, adı həmin siyahılarda yer alanların törətdikləri cinayət üzündən cəzalandırıldığını vurğulayırlar.