Çexiyada prezident seçkilərinin birinci turunda istefada olan general qalib gəlib

Petr Pavel

Çexiyada keçirilən prezident seçkilərinin birinci turunda istefada olan general Petr Pavel qalib gəlib. O, 35,4 faiz səslə əsas rəqibi, Çexiyanın keçmiş baş naziri Andrey Babişi (34,99) qabaqlayıb.

"Andrey Babişin sözlərinə görə, mən siyasətdə təcrübəsiz insan idim, ona görə də nəticəni pis hesab etmirəm", - Pavel bildirib.

Buna da bax: Çexiyada Rusiyaya görə prezidentlə hökumət mübahisə edirlər

Seçkinin ikinci turu iki həftədən sonra keçirilməlidir. Qalib uzun müddət Avropa İttifaqı ölkələrinin ən rusiyapərəst başçılarından biri olan, fevralın 24-dən sonra Moskvanın siyasəti ilə bağlı mövqeyini kəskin şəkildə sərtləşdirən Miloş Zemanı Praqa qalasında əvəz edəcək.

Keçmiş baş nazir Babiş hazırda ən böyük müxalifət partiyasının lideri və milyarderdir.

Bu həftə məhkəmə ona Avropa İttifaqı subsidiyaları ilə bağlı fırıldaqçılıq işinə görə bəraət verib. Babişin seçicilərinin çoxunu pensiyaçılar və aztəminatlı insanlar təşkil edir.

Petr Pavel karyeralı hərbçidir, Çexiya və keçmiş Sovet bloku ölkələrinin tarixində (2015-2018-ci illərdə) NATO Hərbi Komitəsinin ilk rəhbəridir.

O, Rusiyanın Ukraynaya təcavüzünə qarşı sərt mövqe tutur. Həmçinin Çexiyanın Qərb oriyentasiyasını müdafiə edir, eyni zamanda vətənpərvərlik hisslərinə səsləyir.

Onu əsasən sağ, mühafizəkar və liberal baxışların tərəfdarları dəstəkləyirlər.