Vəkil: “Bir aya yaxındır, Cahangir Hacıyevlə görüşə icazə verilmir”

Cahangir Hacıyev

Bir aya yaxındır , Azərbaycan Beynəlxalq Bankının (ABB) həbsdəki keçmiş rəhbəri Cahangir Hacıyevlə yaxınları və vəkilləri görüşə bilmirlər.Onlar bunu görüşə icazə verilməməsi ilə izah edirlər.

Bu haqda onun vəkili Fəxrəddin Mehdiyev açıqlama verib.

Vəkilin sözlərinə görə, dünən, oktyabrın 20-də onun müdafiə etdiyi şəxs ilə görüşməsinə yenə də icazə verilməyib.

“13 saylı Cəzaçəkmə Müəssisəsinə getsəm də, görüşə buraxmadılar”, deyən vəkil ona əsaslı səbəb göstərilmədiyini deyib.

“Sentyabrın 26-dan bu yana nə mənə, nə də digər vəkillərə C.Hacıyevlə görüş verilmir. Oktyabrın əvvəlindən isə C.Hacıyevə doğmaları ilə görüşü də qadağan ediblər. Oktyabrın 19-da bacısı cəzaçəkmə müəssisəsinə gedib. Ancaq onu da görüşə buraxmayıblar. Penitensiar Xidmətin rəhbərliyi C.Hacıyevlə görüş verilməməsinin səbəblərini bizə açıqlamır”.

Buna da bax: Vəkili: “Əfqan Sadıqova ciddi təzyiqlər var”

Vəkil məsələni aydınlaşdırmaqdan ötrü cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə görüşmək istəyib. ancaq bu da mümkün olmayıb.

“Vəkillərin və yaxınlarının C.Hacıyevlə görüşünə məhdudiyyət qoyulması qanunsuzdur. Bu, məhbus və vəkillərin hüquqlarının kobud pozuntusudur. Qanunvericilik vəkillərə istənilən vaxt müttəhimlərə maneəsiz baş çəkmək hüququ verir”, F.Mehdiyev bildirib.

Hələlik, bu deyilənlərə Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Ancaq bundan əvvəl qurum vəkillərinin keçmiş bankirin cərimə kamerasına salınması ilə bağlı dediklərinə münasibət bildirmişdi.

Onda Penitensiar Xiddmət bildirirdi ki, Cahangir hacıyev bir başqa məhbusun da növbəsində telefonla danışmaq istəyib.Bu məsələ daxili qaydaların pozulması kimi dəyərləndirilərək ona cəza verilib.

Ancaq onda müdafiə tərəfi baş verənləri keçmiş bankirin mətbuata müsahibə verməsi ilə izah etmişdi.

XATIRLATMA

C.Hacıyev 2015-ci ilin dekabrında həbs olunub. Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan keçmiş bankir məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxlayıb.

C.Hacıyev özünü təqsirli bilmir və ittihamları qəbul etmir.

C.Hacıyev yaxınları və vəkilləri ilə görüşə bilmədiyi günlərdə - oktyabrın 12-də barəsində çıxarılan hökmdən Ali Məhkəməyə verdiyi kassasiya şikayətini geri götürüb. Bunu C.Hacıyevin işinə baxan hakim İnqilab Nəsirov açıqlayıb.

C.Hacıyevin vəkilləri şikayətin geri götürülməsini kassasiya şikayətinin yenidən hazırlanması zərurəti ilə izah ediblər.