Britaniya ilə Avropa İttifaqı arasında gələcək ticarət və təhlükəsizlik əməkdaşlığına dair razılaşma dekabrın 24-də, Milad bayramı ərəfəsində imzalanıb.
The Guardian xatırladır ki, Britaniyaya Avropa İttifaqından çıxmaq üçün verilmiş müddətin bitməsinə bir həftə qalırdı.
Britaniya Avropa İttifaqının vahid bazarını və gömrük ittifaqını dekabrın 31-də tərk etməliydi.
Yeni razılaşma Britaniya və Avropa İttifaqı arasında rüsumdam azad ticarətə, habelə polis və ədliyyə arasında yaxın əməkdaşlığa imkan verir.
Bu bəyanatdan əvvəl Britaniyanın baş naziri Boris Consonla Avropa Komissiyasının prezidenti Ursula von der Leyen arasında telefon söhbəti olmuşdu.
Bu, son 24 saat ərzində 5-ci telefon danışığı idi.
Buna da bax: Fransa Britaniya ilə sərhədi açır
Consonun eyforiyalı tviti
2000 səhifədən ibarət olan ticarət razılaşması mülki nüvə enerjisi əməkdaşlığından tutmuş balıqçılıq və aviasiyaya qədər çoxsaylı sahələrdə əməkdaşlığı əhatə edir.
Britaniya hökumətinin sözçüsü dekabrın 24-də deyib: “Razılaşma əldə olundu. Britaniya cəmiyyətinə 2016-cı il referendumunda və ötən ilin parlament seçkisində verilmiş bütün vədlərə əməl olundu”.
Baş nazir Conson isə Twitter-də yazıb:
“Biz öz valyutamız, sərhədlərimiz, qanunlarımız, ticarətimiz və balıqçılıq sularımız üzərində nəzarəti ələ aldıq. Bu razılaşma Birləşmiş Krallığın hər yerində olan biznes və ailələr üçün fantastik xəbərdir. Biz sıfır rüsum və sıfır kvotaya əsaslanan ilk ticarət sazişimizi imzalamışıq”.
Buna da bax: ‘Miladı evdə keçirin’
Von der Leyenin poetic şərhi
Von der Leyen razılaşmanı şərh edərkən daha təmkinli səslənirdi. O Şekspirdən, Beatles qrupundan və TS Eliotdan sitatlar gətiridi:
“Bu uzun və məşəqqətli yol idi, lakin biz buna layiq yaxşı bir razılaşmanı ortaya qoyduq. Bu çox balanslı bir razılaşmadır. Və bu razılaşma hər iki tərəf üçün düzgün və məsuliyyətli olanıdır. Uğurlu danışıqların sonunda mən adətən sevinc hissi keçirirəm. Lakin bugün mən məmnunluq və düzünü desəm, rahatlıq hiss edirəm”.
Von der Leyen TS Eliotdan sitat gətyirərək deyib ki, “bütün ayrılıqlar kədərlidir, lakin bəzən bir son, bir başlanğıc olur”.
Breksitin tarixçəsi
2016-cı ilin yayında keçirilən referendumda britaniyalılar ölkələrinin Avropa İttifaqından çıxmasına səs vermişdilər.
1973-cü ildən İttifaqa üzv olan Britaniyanın çıxışı prosesinə Breksit adı verilmişdi.
Britaniyanın Avropa İttifaqından çıxması üçün danışıqlar 2017-ci ilin iyununda başlanmışdı.
Danışıqlar dəfələrlə pozulmuş və hər dəfə Britaniyaya Brüssellə saziş imzalanması üçün vaxt verilmişdi.
İki il əvvəl Britaniyanın ovaxtkı baş naziri Tereza Mey Avropa İttifaqı ilə sazişə nail olmuşdu.
Amma onun təklif paketi Britaniya parlamenti tərəfindən üç dəfə rədd edilmişdi.
Bütün bunlar Meyin istefasına səbəb olmuş və Boris Consonu hakimiyyətə gətirmişdi.
Breksitin qatı tərəfdarı olan Conson dəfələrlə bildirmişdi ki, ölkə “sazişsiz və ya sazişli” Avropa İttifaqından çıxacaq.
Buna baxmayaraq Britaniya parlamenti İttifaqdan sazişsiz ayrılmaya yol vermədi.