Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Fransa Britaniya ilə sərhədi açır


İngiltərənin cənubunda yük maşınları
İngiltərənin cənubunda yük maşınları

Artıq hava, dəmiryolu və dəniz əlaqələri bərpa olunub

Dekabrın 23-də Fransa Britaniyadan gələnlər üçün sərhədi açıb. Bundan öncə AB-nin icraedici qolu Britaniyaya səyahət qadağalarını götürməyi tövsiyə edib. Adada COVID-19-un sürətlə yayılan variantının aşkarlanması beynəlxalq miqyasda həyəcana səbəb olmuşdu.

Artıq hava, dəmiryolu və dəniz əlaqələri bərpa olunub, AB və Britaniya vətəndaşları, eləcə də rezidentlər son 72 saat ərzində neqativ çıxmış virus testi göstərib Britaniya və Fransa arasında səyahət edə bilirlər.

Dekabrın 20-də Fransaya girişə qəfil qadağa İngiltərənin cənubunda minlərlə yük maşınının yığılmasına səbəb olmuşdu, Milad öncəsi səyahət və digər planları pozmuşdu.

Hökumət Londonda və İngiltərənin cənub-şərqində karantin elan edəndən sonra onlarla ölkə Britaniya ilə səyahət əlaqələrini dayandırıb. Karantin ilk dəfə sentyabrda aşkarlanmış variantın sürətlə yayılması səbəbindən tətbiq olunub.

Almaniya qadağanı uzadır

Dünya Səhiyyə Təşkilatının (DST) Avropadakı ekspertləri dekabrın 23-də bir araya gələrək mutasiyaya uğramış variantla mübarizəni müzakirə edəcəklər.

DST-nin Avropa üzrə direktoru Hans Kluge Twitter-də yazıb ki, qurum “testlərin aparılması, yayılmanın azalması və kommunikasiya riskləri üzrə strategiyaları müzakirə edəcəklər”.

Almaniya isə Britaniyadan və oxşar variantın aşkarlandığı Cənubi Afrikadan səyahətlərə qadağanı yanvarın 6-dək uzadıb.

Səhiyyə naziri Cens Saphn dekabrın 22-də deyib ki, “mümkün olduğu qədər uzun müddətdə” Almaniya “kontinental Avropada potensial təhlükəli virus mutasiyalarının yayılmasını” önləməyi hədəfləyir.

Bir sıra başqa ölkələrdə də aşkarlanmış virus variantının daha sürətlə yayıldığı güman olunur. Ancaq ekspertlərin fikrincə, virusların mutasiyaya uğraması normaldır və sonuncunun daha ölümcül, yaxud vaksinə davamlı olmasına dəlil yoxdur.

Bu arada peyvəndləməyə başlayan ölkələrin sayı artır. Dekabrın 23-də Pfizer-BioNTech vaksininin ilk dozaları Meksikaya çatdırılmalı, sabah peyvəndlərin vurulmasına başlanmalıdır. Meksika virusdan 120 min ölümlə dünyada dördüncü yerdədir.

Vaksinasiya genişlənir

AB ərazisində Pfizer-BioNTech vaksininin vurulmasına isə dekabrın 27-də başlanacaq.

Britaniya, Kanada və Birləşmiş Ştatlarda Pfizer-BioNTech dozaları ilə vaksinasiya davam edir. Rusiya və Çin özlərinin hazırladıqları peyvəndləri vururlar.

Bu həftədən ABŞ-da Moderna şirkətinin hazırladığı vaksinin də vurulmasına başlanıb, digər ölkələrin də tezliklə buna başlayacağı gözlənir.

Ölkənin baş infeksionisti Dr. Entoni Fauçi dekabrın 22-də Moderna-nın vaksininin birinci dozasını vurdurub. Onun sözlərinə görə, əhalinin geniş təbəqəsinin vaksinasiyası martın sonu – aprelin əvvəlində başlanacaq və yayın ortasına amerikalıların çoxu peyvəndi əldə edə biləcək.

Milad və Yeni il bayramlarında isə virusun daha da sürətlə yayılacağı gözlənir.

Son bir həftədə Birləşmiş Ştatlarda günə ortalama 210 min yoluxma aşkarlanır, 115 min nəfər xəstəxanadadır, gündə 2 min 600-dən çox xəstə vəfat edir.

ABŞ-da 18 milyondan çox yoluxma təsdiqlənib, 323 minə yaxın xəstə vəfat edib. Dünya üzrə müvafiq rəqəmlər 78 milyon və 1 milyon 700 mindir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG