Britaniyanın Avropa İttifaqına ‘böyük güzəştlərə’ getdiyi xəbər verilir

Baş nazir Boris Johnson

Britaniyanın baş naziri Boris Johnson-un Avropa İttifaqı qarşısında böyük güzəştlərə getməsi nəticəsində Breksit razılaşmasının əldə olunacağına ümid yaranıb.

Johnson-un getdiyi ən böyük güzəştin onun İrlandiya sərhədinə dair Avropa İttifaqının tələbini qəbul etməsi olduğu deyilir.

Bu da bildirilir ki, saziş layihəsi hökumət kabinetinin razılığı ilə artıq oktyabrın 16-da dərc edilə bilər.

Bu barədə Reuters agentliyi və Britaniya mediası yüksək vəzifəli rəsmilərə istinadən xəbər verirlər.

Bu məlumatlara görə Avropa İttifaqı ilə Britaniya danışıqçıları İrland dənizində sərhəd gömrük xidmətinin yaradılmasına razılıq veriblər.

Eyni şərt keçmiş baş nazir Theresa May-ə təklif edilsə də, o bunu qəbul etməmiş və bunun heç bir baş nazir tərəfindən qəbul edilə bilməyəcəyini demişdi.

Buna da bax: Boris Johnson daha bir ‘qiyam’ ərəfəsində

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Avropa İttifaqı Breksit razılaşmasının layihəsi üzərində işin tamamlanması üçün Londona oktyabrın 16-dək vaxt verib.

Layihə bu həftə keçiriləcək Avropa İttifaqı sammitinə təqdim olunmalıdır.

Brüsseldə bunu da deyiblər ki, Britaniyanın Avropa İtitfaqından ayrılması, bunun üçün qoyulmuş 31 oktyabr tarixinədək mümkün olmaya bilər.

Danışıqların iflasa uğramasına ən mümkün variantlardan biri kimi baxılır.

Bu barədə Boris Johnson-la söhbətdən sonra Fransa prezidenti Emmanuel Macron ittifaqın 27 üzvünü məlumatlandırıb.

Avropa İttifaqı-Britaniya danışıqlarında ittifaq üzvü olan İrlandiya Respublikası ilə Britaniyanın bir hissəsi olan Şimali İrlandiya arasında sərhəd məsələsi ən çətin məqam olaraq qalır.

İrlandiya millətçiləri İrlandiya Respublikası ilə əyalət arasında sərhədin olmasını istəmirlər.

Burada sərhəd xəttinin qurulması Şimali İrlandiyada münaqişəyə son qoymuş 1998-ci il razılaşmasının dayaqlarını sarsıda bilər.

Sərhədin açıq olması isə Şimali İrlandiyanı texniki olaraq Avropa İttifaqının gömrük ittifaqında saxlayır. Bunu isə qatı breksitçilər qəbul etmirlər.