Rusiya ilə Çin Şimali Koreyaya qarşı sanksiyaları fəal şəkildə pozurlar

Foto arxiv

Rusiya ilə Çin Şimali Koreyaya qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaları fəal şəkildə pozurlar.

“The Wall Street Journal”da olan məlumata görə, BMT-nin yeni hesabatının mətnində belə deyilir.

ABŞ-ın xüsus xidmətinin məlumatına görə, Rusiya və Çin gəmiləri qadağalara məhəl qoymayaraq Şimali Koreyaya yanacaq daşınmasını artırıblar.

Hesabat müəllifləri bildirirlər ki, Şimali Koreyanın Rusiya ilə 39, Çinlə isə 200 birgə müəsisəsi var.

Hesabatda qeyd edilir ki, Rusiya bankları xaricdə qanunsuz yollarla qazanılmış pulların Pxenyana köçürülməsinə kömək edirlər.

Müşahidəçilər həmçinin Şimali Koreyanı Suriya,Yəmən,Liviya və dünyanın digər münaqişəli regionlarına qanunsuz silah göndərməkdə günahlandırırlar.

Bundan başqa sənəddə deyilir ki, Çin qanunsuz yollarla Şimali Koreyaya kömür göndərir.

Məlumata görə Çin gəmiləri ələ keçməmək üçün çətin marşurutlardan keçməli olurlar.

Hesabat müəllifləri deyirlər ki, bu pozuntular BMT təhlükəsizlik şurasının Şimali Koreyaya qarşı sanksiyalarını səmərəsizləşdirir.

Qeyd edək ki, yüksək rütbəli ABŞ rəsmiləri bundan əvvəl də Rusiyanı Şimali Koreyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyaları pozmaqda günahlandırmışdılar.

ABŞ ötən cümə günü bəyan edib ki, Şimali Koreyaya qanunsuz yük daşınmasını müşahidə etmək üçün 7 müttəfiqi ilə koalisiya yaradır.

Buna da bax: ABŞ Rusiya və Çin şirkətlərinə yeni sanksiyalar elan edir.

Qeyd edək ki, BMT təhlükəsizlik şurası raket və nüvə sınaqlarına görə Şimali Koreyaya qarşı bir sıra beynəlxalq sanksiyalar tətbiq edib.