Blinken Kiyevdədir

Entoni Blinken Kiyevdə ABŞ səfirliyində

Blinkenin Ukraynaya səfərinin məqsədi Rusiyanın bu ölkəyə mümkün təcavüz ehtimalı fonunda Kiyevə dəstək nümayişidir

ABŞ-ın Dövlət katibi Entoni Blinken Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Zelenski bu “çətin dönəmdə” Ukraynaya hərbi yardımı artırdığına görə Birləşmiş Ştatlara təşəkkürünü bildirib.

Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov isə Qərbi Ukraynanı silahla təchiz etməyi dayandırmağa çağırıb. O, Avropada təhlükəsizliklə bağlı vəziyyətin “kritik” olduğunu deyib. Açıqlamanı “Interfax” xəbər agentliyi yayıb.

Buna da bax: KTMT qüvvələri Qazaxıstandan çıxarılır

Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan “bir neçə həftəyə” Ukraynaya səfər edəcəyini açıqlayıb. Sözçüsü İbrahim Kalın yanvarın 18-də deyib ki, Ərdoğan Zelenski ilə Putini Türkiyəyə dəvət edib və “gərginliyi azaltmaq üçün istənilən rolu üzərinə götürməyə hazırdır”.

NATO üzvü Türkiyənin həm Kiyev, həm də Moskva ilə bəzən siyasi narazılıqlara baxmayaraq, yaxşı münasibətləri var. Rusiya ilə müdafiə və enerji sahələrində əməkdaşlıq edən Ankara Moskvanın Krımı ilhaq etməsinə qarşıdır, Ukraynaya müasir dronlar satmaqla Kremli qəzəbləndirib.

***

ABŞ Dövlət katibi Entoni Blinken Rusiya Prezidenti Vladimir Putini “sülh yolu”nu seçməyə çağırıb.

Blinkenin yanvarın 19-da Ukraynaya başlanmış səfərinin məqsədi Rusiyanın bu ölkəyə mümkün təcavüz ehtimalı fonunda Kiyevə dəstək nümayişidir.

Rusiya Ukrayna ilə sərhəd boyunca 100 minədək əsgər yığır, Belarusda isə qəfil hərbi təlimlərə yeni qüvvə göndərir. Bütün bunlar yeni böyük münaqişəylə bağlı Qərb ölkələrində narahatlıq yaradır.

“Diplomatik və dinc yolu qoruya biləcəyimizə çox güclü ümidim var, amma sonucda qərar Prezident Putinin olacaq”, – Blinken Kiyevdəki ABŞ səfirliyinin əməkdaşları ilə görüşdən sonra deyib.

Buna da bax: ABŞ rəsmisi: ‘Rusiya Ukrayanaya hər an hücum edə bilər’

200 milyon dollarlıq yardım paketi

ABŞ-ın aparıcı rəsmisi isə daha öncə qeyd edib ki, Prezident Co Bayden administrasiyası ötən ay Kiyevə əlavə müdafiə təhlükəsizliyi yardımı üçün 200 milyon dollar ayrılmasını təsdiqləyib. O, Vaşinqtonun “Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini” bildirib.

Anonimlik şərtilə danışan rəsmi yardım paketinin detallarını açıqlamayıb.

Blinken Kiyevdə Prezident Volodimir Zelenski, digər aparıcı rəsmilərlə görüşəcək, yanvarın 20-də isə Berlinə yollanacaq. Berlində Britaniya, Fransa və Almaniyanın iştirakıyla dördtərəfli müzakirələr gözlənir.

Yanvarın 21-də isə dövlət katibi Cenevrədə rusiyalı həmkarı Sergey Lavrovla görüşməlidir. Yanvarın 18-də onların arasında telefon söhbəti olub.

Rusiya 2014-cü ilə Ukraynanın Krım yarımadasını ilhaq edərək ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 min 200-dən çox adam öldürülüb.

Buna da bax: İlham Əliyev Vladimir Putinə zəng vurub

Belarus amili

Moskva Ukraynaya hücum planı olmadığını deyir, NATO-nu bu ölkəni üzvlüyə qəbul etməyi planlaşdırmaqda suçlayır.

Ötən həftə Rusiya diplomatları ABŞ, NATO və Avropa ölkələri ilə Moskvanın tələblərini müzakirə ediblər. Danışıqlarda irəliləyişin əldə olunmaması, üstəlik Moskvanın döyüşkən ritorikasını davam etdirməsi Qərb rəsmilərinin təlaşını artırıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiya Ukraynadakı diplomatlarını çıxarır ?

Rusiyanın mümkün hücumunun Belarus ərazisindən gerçəkləşmə ehtimalı da səslənir. Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə hakimiyyətdən əl çəkmir. O, 2020-ci ildə prezident seçkisinin nəticələrinə etiraz edənlərə qanlı divan tutub.

Litvanın Müdafiə naziri Arvidas Anusauskas yanvarın 19-da tvitində yazıb ki, NATO üzvü olan bu keçmiş sovet respublikası Rusiyanın Belarusa qoşun yerləşdirməsini “təkcə təhlükəsizlik durumunda sabitsizlik yaradan faktor deyil, həmçinin Litvaya daha böyük birbaşa təhdid hesab edir”.