Yağış yağanda kanalizasiya suları evlərə və həyətlərə dolduğuna görə Binəqədi sakinləri İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətini məhkəməyə veriblər. Paytaxtın Binəqədi rayonu, 1-ci Mədən, 30-cu Korpus küçəsində yaşayan vətəndaşlar dövlət qurumundan tələb edirlər ki, insanların onillərdir məskunlaşdığı bu ərazidə kanalizasiya xətti çəkilsin. Bu barədə AzadlıqRadiosuna iddiaçı sakinlərdən biri məlumat verib.
"Yağış yağanda kanalizasiya suları evlərə, həyətlərə dolur"
Sakinlər məhkəməyə təqdim etdikləri iddia ərizəsində göstəriblər ki, ərazidəki kanalizasiya xəttini illər öncə özləri kustar üsulla düzəldiblər. Həmin şəbəkə isə artıq istismara tamamilə yararsız vəziyyətdədir: "İki gündən bir kanalizasiya xətləri tutulur, çirkab suları küçəyə axır. Xüsusən yağış yağanda xətlərin tutulması sakinlərə ciddi problemlər yaradır. Boruların ölçüsü kiçik olduğuna görə yağış suları kanalizasiya suları ilə birgə evlərə, həyətlərə dolur. Kanalizasiya xətti bütün küçə boyu uzanmalı və ümumi şəbəkəyə birləşdirilməli idi..."
Sakinlər ərazidə ümumi kanalizasiya xəttinin çəkilməsi üçün məhkəmədən əvvəl aidiyyəti qurumun özünə — İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət ediblər. Lakin oradan rədd cavabı alıblar. Onlara bildirilib ki, Bakı və Abşeron yarımadası üzrə yeni kanalizasiya şəbəkələrinin qurulması istiqamətində işlər planlı şəkildə həyata keçirilir. Həmin planın tərkib hissəsi olaraq onların yaşadığı ərazi də nəzərdə tutulsa da, işlərin konkret nə vaxt görüləcəyi məlum deyil.
Bu cavabdan sonra ümidlərini üzən Binəqədi sakinləri məhkəmədə iddia qaldırıblar. Kanalizasiya çəkilişini tələb edən sakinlərin şikayətinə əvvəlcə Bakı İnzibati Məhkəməsində baxılıb. Bu məhkəmə sakinlərin iddiasını təmin etməyib.
Vətəndaşlar bu qərardan apellyasiya şikayəti veriblər. Xeyli vaxtdır Bakı Apellyasiya Məhkəməsində davam edən araşdırmalar bugünlərdə Binəqədi sakinlərinin xeyrinə yekunlaşıb. Aşağı instansiya məhkəməsinin qərarı ləğv olunub və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin üzərinə sözügedən ərazidə ümumi kanalizasiya xəttinin layihələndirilməsi və inşası öhdəliyi qoyulub.
Məhkəmə özü mütəxəssis rəyi alıb
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti apellyasiya məhkəməsinə təqdim etdiyi cavab məktubunda göstərib ki, Bakı və Abşeron yarımadası üzrə kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi işləri mərhələli qaydada həyata keçirilir. Binəqədi qəsəbəsinin kanalizasiya sisteminin yaradılması məqsədilə də müvafiq layihə yanaşmaları müəyyən edilib. İlkin mərhələdə əsas daşıyıcı kanalizasiya kollektorlarının, növbəti mərhələdə isə toplayıcı kanalizasiya şəbəkələrinin inşası nəzərdə tutulub. Amma hazırda şikayətçi sakinlərin yaşadıqları 1-ci Mədən ərazisinin ayrıca təsdiqlənmiş növbəlilik siyahısında konkret sıra göstəricisi məlum deyil: "Hazırda Böyükşor hövzəsi üzrə əsas daşıyıcı kanalizasiya kollektorlarının və tullantı su təmizləyici qurğularının inşası dövlət investisiya proqramı çərçivəsində mərhələli qaydada davam etdirilir. Həmin magistral infrastrukturun yaradılmasından sonra Binəqədi qəsəbəsində, o cümlədən müraciətdə qeyd olunan 1-ci Mədən ərazisində toplayıcı kanalizasiya şəbəkələrinin genişləndirilməsi məsələsinə baxılması nəzərdə tutulur".
Sizin brauzer HTML5-i dəstəkləmir
'Bir də gördüz Bakıda binalar da çökdü'
Lakin məhkəmə cavabdeh tərəfin arqumentləri ilə razılaşmayıb. Elə qərarda da vurğulanıb ki, yaşayış evlərinin mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşulmasından imtina edilməsi prosesin mərhələli şəkildə planlaşdırılması ilə əsaslandırılsa da, bunu təsdiqləyən hər hansı növbəlilik siyahısı, plan yaxud başqa rəsmi sənəd ortaya qoyulmur.
"Məhkəmə özü mütəxəssis rəyi aldı. Mütəxəssis evlərə baxış keçirdi və müəyyənləşdirdi ki, evlər mərkəzləşdirilmiş kanalizasiya kollektorundan çox uzaqda yerləşmir. Yəni orada evləri kanalizasiya sisteminə qoşmaq çətin deyil, bunu etmək tamamilə mümkündür. Bu barədə məhkəməyə rəsmi rəy təqdim edildi", — deyə iddiaçılardan biri AzadlıqRadiosuna bildirib.
Rəsmilər nə deyir?
Martın sonu və aprelin əvvəlində yağan yağışlar zamanı Bakıda və Abşeron yarımadasında yüzlərlə ev və obyekt su altında qaldı. Həmin ərəfədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov mediaya müsahibəsində etiraf etdi ki, Bakı və Abşeron yarımadasında əhalinin təxminən 52 faizi kanalizasiya sisteminə qoşulub. Ərazi baxımından isə yarımadanın cəmi 39 faizi bu xidmətlə təmin olunub: "Qalan 60 faiz ərazidə isə vəziyyət fərqlidir. Bəzi yerlərdə primitiv şəkildə xırda şəbəkələr qurulub və çirkab suları bir çuxura, müəyyən əraziyə və ya göllərə axıdılır. Digər hallarda isə "sambo" sistemindən istifadə olunur".
Bu ilin aprelində prezident İlham Əliyev Bakıda və ölkənin müxtəlif bölgələrində güclü leysan yağışlarının vurduğu ziyanın aradan qaldırılması üçün Prezidentin Ehtiyat Fondundan 85 milyon 869 min 260 manat vəsait ayırıb. Bununla belə, son 20 ildə ölkədə su və kanalizasiya sistemlərinin yenilənməsinə külli miqdarda vəsait yönəldilib. Mütəxəssislər isə paytaxtda və ətraf yaşayış məntəqələrində tikinti işlərinin plansız aparıldığını, ayrılan dövlət vəsaitlərindən səmərəli istifadə olunmadığını vurğulayırlar.