Ötən ilin sentyabrında buludlu bir gündə Belarusda siyasi məhbusları daşıyan avtobus Litva sərhədinə yaxınlaşırdı.
Ölkəni 1994-cü ildən sərt üsullarla idarə edən Aleksandr Lukaşenko ABŞ sanksiyalarının yumşaldılması qarşılığında bir qrup məhbusu azad etməyə razılıq vermişdi. Ancaq onların hamısının ölkəni tərk etməsini şərt qoymuşdu.
Lukaşenko 2020-ci il prezident seçkisinin qalibi elan olunanda kütləvi etirazlar zorakılıqla yatırılmışdı. Bir çox Belarus vətəndaşı həmin seçkinin saxtalaşdırıldığını bildirir.
Həmin gün azad edilənlərdən biri – Nikolay Statkeviç isə avtobusdan enib. Həmin avtobusda olan məhbuslardan Yevgeni Afnaqel AzadlıqRadiosunun Belarus xidmətinin yeni podkastına bu barədə danışıb.
İndiyədək ABŞ prezidentinin xüsusi elçisi Con Koulun Belarus hakimiyyəti ilə danışıqları nəticəsində 500-ə yaxın məhbus azadlığa çıxıb. Podkastda əvvəllər açıqlanmamış məlumatlar yer alıb.
Koul daha bir qrup məhbusun azad edilməsinə nail olmaq üçün yenə Minskdədir.
Statkeviç sərhəd zonasında oturub gözlədi
Ötən ilin həmin buludlu günündə isə ABŞ diplomatı 52 nəfərin azadlığa buraxılmasına nail olmuşdu, sərhədi isə onların 51-i keçib.
Bir qədər sonra CCTV görüntülərində Statkeviçin iki ölkə arasındakı sərhəd zonasında oturduğu görünür. Yaxınlıqda Litva sərhəd-keçid məntəqəsi, onun üzərindəki Avropa İttifaqının emblemi yerləşir.
Həmin vaxt 69 yaşı olan Statkeviç onilliklər ərzində Lukaşenkoya qarşı mübarizə aparıb və dəfələrlə həbs edilib. Onun aldığı sonuncu cəza isə icazəsiz aksiyalarda iştirak və müxtəlif siyasi ittihamlar əsasında verilən 14 illik həbs hökmü olub.
Statkeviçlə eyni avtobusda olan keçmiş siyasi məhbus Sergey Sparış danışır ki, həmin gün Belarus Dövlət Təhlükəsizlik Komitəsinin təcridxanasında Statkeviçin ölkəni tərk etməyəcəyini anlayıb: "Üzündəki ifadəni gördüm. Bu, döyüşə atılan qəzəbli insanın, qətiyyətli adamın baxışı idi. Üzündə qəribə bir təbəssüm vardı və şux addımlarla yeriyirdi".
Yaxın dostları Statkeviçi niyyətindən daşındırmağa çalışsalar da, o, fikrini dəyişməyib.
Belarus müxalifətçisi Yevgeni Vilski də onu razı salmağa çalışıb. Dediyinə görə, amerikalı diplomatlar, Statkeviçin xanımı da ondan digərlərinə qoşulmasını istəyiblər: "Nikolay Viktoroviç mənə dedi ki, təəssüflənir, amma Belarusda qalmağa qərar verib, harada yaşamalı olduğunu ona Lukaşenko deməyəcək".
Məhkəmə hökmünün oxunması zamanı müxalifət liderləri Sergey Tixanovski və Nikolay Statkeviç müttəhimlər qəfəsində.
"Daxili əzm"
Jurnalist Oksana Kolb da Statkeviçlə telefon söhbətində onu ölkədən getməyə razı salmağa çalışıb: "Sonda sadəcə belə dedi: "Qoy bu havanı ciyərlərimə çəkim, göy üzünə, hər şeyə doyunca baxım. Mənə təzyiq etməyin, məni şantaj etməyin"".
Bundan sonra maskalı təhlükəsizlik əməkdaşları Statkeviçi yenidən Belarusa aparıblar.
"Onun bu davranışı ağır yükü çiyinlərində daşımağa imkan verən nəhəng bir daxili iradənin göstəricisidir", – belaruslu Nobel Sülh Mükafatı laureatı Ales Belyatski bildirib.
Statkeviç azad edildiyi həbsxanaya – ölkənin şərqində yerləşən Qlubokoye həbsxanasına göndərilib. Bir həftə sonra xanımı Marina Adamoviç onu axtarmaq üçün ora getsə də, ona heç nə deyilmədi.
Adamoviçin həbsxanaya getdiyi gün – sentyabrın 17-də Lukaşenko Statkeviçin yenidən həbs olunduğunu təsdiqləyib, amma harada saxlanıldığını açıqlamayıb. Marina onun yerini bir neçə ay sonra öyrənə bilib.
"Mənəvi lider"
Statkeviç bu ilin fevralında, insult keçirəndən bir ay sonra azadlığa buraxılıb. O, əlil arabasında olub, çətinliklə danışıb.
Hazırda Minskdəki evində olan Statkeviç Telegram-kanal yaradıb. O, Rusiyanın Ukraynaya qarşı müharibəsi, nüvə təhdidləri barədə yazır. Martda Statkeviç Avropa ölkələrini mühacirətdə yaşayan gənc belaruslulardan ibarət könüllü ordunu maliyyələşdirməyə çağırıb. Onun fikrincə, bu ordu Ukraynanı Rusiyanın 2022-ci ildəki kimi Belarus ərazisindən başlada biləcəyi hücumdan qorumalıdır.
Hakimiyyət bu çağırışa görə Statkeviçi istənilən vaxt yenidən həbs edə bilər.
Yüzlərlə məhbusun azad edilməsinə baxmayaraq, Lukaşenko rejiminin repressiv mahiyyəti dəyişməyib. Mühacirətdə fəaliyyət göstərən Belarusun "Vyasna" insan haqları təşkilatının son hesabatında ölkədə 880 siyasi məhbusun qaldığı, onların işgəncə, digər qəddar, qeyri-insani və alçaldıcı rəftarla üzləşdiyi vurğulanır. Onlardan azı 60-nın səhhətində ciddi problemlərin olduğu bildirilir.
Bu insanlar rejim üçün Vaşinqtonla sanksiyaların yumşaldılmasına dair danışıqlarda alver predmetidir.
"Baş verənlər girovları saxlayan terrorçularla aparılan danışıqlara bənzəyir. Əslində, siyasi məhbuslarımız da oxşar vəziyyətdədir", – Belyatski AzadlıqRadiosuna bildirib.
Statkeviç itaətsizliyi ilə Lukaşenkonun strategiyasına meydan oxuyub.
"O, ölkədə qalmaq üçün hər şeyə hazır olduğunu çox yaxşı dərk edirdi. Çünki kimsə Belarusda mənəvi lider, etirazların rəhbəri və milli lider olaraq qalmalı idi. O, yalnız Belarusda varlığı ilə – hətta QULAQ barmaqlıqları arxasında olsa belə – mübarizə bayrağını uca tutmağı bacarırdı", – Sparış əlavə edir.