Avqustun 18-də Belarus lideri Aleksandr Lukaşenko Minsk vilayətində silah istehsalı müəssisəsinə baş çəkib. İstehsalçıların dediyinə görə, prezidentə təqdim edilən VSK-100B avtomatı Belarusda hazırlanıb.
Bu iddia doğrudursa, “Kidma Tech” şirkətinin istehsal etdiyi silah sanksiyalar altında olan Belarus üçün mühüm mərhələ sayıla bilər. Məlumatlı mənbələrə görə, Minsk buna Tehranın köməyi sayəsində nail olub.
“100 faiz yerli istehsal”
Belarusun keçmiş təhlükəsizlik əməkdaşlarının yaratdığı BelPol təşkilatı VSK-100 barədə araşdırma dərc edib. Qurum təmsilçisi Uladzimer Jıhar iddia edir ki, silahın Belarusda istehsalı üçün gərəkən avadanlıq İrandan gətirilib. Çünki sanksiyalar və digər çətinliklərdən dolayı “Kidma Tech” bu avadanlığı əldə edə bilməyib.
Buna oxşar VSK-100 silahını Kidma Tech 2020-ci ildən istehsal edirdi. Silahın adı rus dilində “Voyenno-Sportivnıy Karabin” (“Hərbi-idman karabini”) sözlərinin baş hərflərindən götürülüb. Ancaq həmin silahların istehsalında başqa ölkələrdən gətirilən hissələrdən istifadə olunurdu.
Belarus Təhlükəsizlik Şurasının rəhbəri Aleksandr Volfoviç bundan əvvəl demişdi ki, 2026-cı ilin sonunadək VSK-100B-nin kütləvi istehsalına başlanacaq. O, silahı “100 faiz yerli istehsala əsaslanan müasir Belarus avtomatı” adlandırmışdı. VSK-100B-nin adındakı “B” hərfinin “Belarus” sözünü bildirdiyi güman edilir.
Kalaşnikov avtomatlarına bənzərlik
Silahın çəkisi daraqsız 4,3 kiloqramdır, sovet istehsalı olan bir çox Kalaşnikov avtomatlarındakı 7,62 x 39 millimetrlik patronlarla işləyir. Kalaşnikov AK-74 kimi, Belarus avtomatında da standart 30 patronluq daraqdan istifadə edilir.
BelPol-un araşdırmasına görə, Kidma Tech şirkətinə bir neçə qurum birgə nəzarət edir. Dövlətə məxsus Belspetsvneştexnika şirkətin 50 faizinə, Latviyanın Electrooptic və Birləşmiş Ərəb Əmirliklərində yerləşən Sohra Overseas şirkətləri isə hər biri 25 faizinə sahibdir.
2024-cü ildə ABŞ və Kanada, 2021-ci ildə isə Avropa İttifaqı Kidma Tech-ə sanksiyalar tətbiq edib.
Jıhar AzadlıqRadiosunun Belarus xidmətinə müsahibəsində deyib ki, yerli istehsalı olan VSK-100B “bu və ya digər səbəbdən adi qanuni kanallarla silah ala bilməyən ölkələrə” satılacaq.
“Kidma Tech”in iddiasına görə, silahın lüləsi Kalaşnikov avtomatlarının lülələri ilə müqayisədə daha möhkəmdir, bu da silahın istismar müddətini uzadır və atəş dəqiqliyini artırır.
Kidma Tech VSK-100-ün “bullpup” versiyasını da istehsal edib. Bu tip silahlarda daraq və xəzinə tətikdən arxada yerləşdirilir və silah daha yığcam olur, lülənin irəli çıxan hissəsini qısaldır. Belarus istehsalı olan “bullpup” versiyasında isə silahın uzunluğunu artıran səsboğucu yerləşdirilib.