Statkeviç azadlığa buraxılandan sonra ona pasportu, tibbi sənədlər verilməyib

Nikolay Statkeviç azadlıqda

Belaruslu siyasətçi Nikolay Statkeviç azadlığa pasportsuz buraxılıb, ona tibbi sənədləri verilməyib. Bu haqda onun həyat yoldaşı Marina Adamoviç LRT nəşrinə danışıb.

"Nikolay fevralın 19-u axşam evə gəldi. Pasportsuz, sənədsiz, epikriz, hər hansı tibbi arayış olmadan, statusunun nə olduğu bilinmədən. Bu ona operativ tibbi yardım göstərilməsində böyük problemlər yaradır. Onu deyə bilərəm ki, bu gün o, həbsxana xəstəxanasında gördüyümdən daha yaxşı görünür, özünü daha yaxşı hiss edir", – Adamoviç söyləyib.

Onun sözlərinə görə, həbsxana xəstəxanasının rəhbəri ona deyib ki, ərini evə apara bilər: "Soruşdum ki, bunun üçün nə etməliyəm? Bəlli oldu ki, xəstəxana rəisinin adına "ev şəraitində reabilitasiya üçün azad etmək" xahişi ilə ərizə yazmaq lazımdır. Hər şey bu qədər sadədir. Rejim obyekti olan həbsxana xəstəxanasından həyat yoldaşını baş həkimin, daha doğrusu, xəstəxana rəisinin adına ərizə ilə aparmaq mümkündür. Hərçənd, artıq onun azadlığa buraxılması ilə bağlı rəsmi versiya ilə tanışam".

20 fevral

Belarusda müxalifətçi Nikolay Statkeviç azadlığa buraxılıb

Belarus müxalifətinin liderlərindən biri Nikolay Statkeviç azad edilib. Onun Belarusda qalmasına icazə verilib. Bu haqda həyat yoldaşı Marina Adamoviç məlumat verib. O bildirib ki, Statkeviç insult keçirib, hazırda bərpa prosesi gedir, danışığında problemlər var.

Statkeviçlə eyni gündə rəssam Natalya Levaya da azadlığa buraxılıb. Xəbəri "Pul Pervoqo" Telegram kanalı yazıb. Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayanda o, Polşaya köçmüşdü. 2023-cü ildə vətəninə qayıdarkən sərhəddə saxlanılıb. O, müxalif təşkilatlara, eləcə də Ukrayna tərəfdə döyüşən "Kalınovski alayı"na ianələr etməkdə təqsirli bilinərək 6 il azadlıqdan məhrum olunub. Levaya koloniyada əri ilə görüşdən sonra hamilə qalıb.

Statkeviç 2025-ci il sentyabrın 11-də də azad edilmişdi. O zaman 50-dən çox siyasi məhbus məcburən Belarus-Litva sərhədinə aparılmışdı. Amma avtobus Litva ilə sərhədə çatanda N.Statkeviç ölkədən çıxmaqdan imtina edərək neytral zonada qalıb, sonradan Belarusa qayıdıb. Müxalifətçinin yenidən koloniyaya qaytarıldığı bildirilirdi.

Aleksandr Lukaşenkonun siyasi rəqiblərindən olan Statkeviç 2020-ci il seçkilərində də onunla mübarizə aparmağı planlayırdı. O, həmin il mayın 31-də, seçkidən bir neçə ay öncə saxlanılıb, 2021-ci ilin dekabrında 14 il azadlıqdan məhrum edilib. Ölkədə sabitliyin pozulmasını planlaşdırmaqda ittiham olunsa da, özü ittihamları "cəfəngiyat" adlandırıb.

"Vesna" insan haqları təşkilatı Statkeviçi siyasi məhbus kimi tanıyıb.