Belarusun tanınmış insan haqları müdafiəçisi, Nobel mükafatı laureatı Ales Belyatski əvvəl-axır bunun olacağını bilirdi. Aktivist həmkarları təzyiqlərə məruz qalır, saxlanılırdı. Sadəcə, nə vaxt baş verəcəyini bilmirdi.
2021-ci ilin iyulunda "Vyasna" (Bahar) İnsan Haqları Mərkəzinin qurucusu və rəhbəri Belyatski üçün həmin gün gəlib çatdı. O, həbs edildi. Ölkədə 2020-ci il prezident seçkisindən sonrakı kütləvi etirazlar fonunda misli görünməmiş repressiya dalğası başlamışdı. Belarusda və xaricdə çoxları seçkinin saxtalaşdırıldığını deyirdi.
"O zaman Belarusdan getməyi müzakirə edirdik", – Belyatski AzadlıqRadiosunun Belarus xidmətinə deyib. O, dekabrın 13-də azad edilib. ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş razılaşma nəticəsində Belarusun avtoritar lideri Aleksandr Lukaşenko 123 məhbusu həbsdə azad edib.
"Qaçmaq düzgün olmazdı"
"Amma hiss edirdim ki, artıq repressiya altında olan bir təşkilatın rəhbəri kimi qaçmaq düzgün olmazdı. Könüllülərimiz həbs edilirdi, həmkarlarımız hədəfə alınırdı. Biz qalmalı və zərbəni birlikdə qəbul etməli idik", – 63 yaşlı hüquq müdafiəçisi əlavə edir.
O, təxminən 4 il yarım çəkən həbsini həm şəxsi sınaq, həm də gördüyü işin davamı sayır: axı, daim repressiyalara şahidlik edib.
Belyatski həbsinə psixoloji hazır olduğunu deyir. 2011-ci ildə Minskdə istintaq təcridxanasında cəza çəkib və həbsxanaya qayıtmaqla "dejavü" yaşayıb.
Amma həbs müddətinin bu qədər uzun olacağını gözləmirmiş. 10 il məhkum edilib.
Belyatskinin sözlərinə görə, uzunmüddətli həbsə xarici faktorlar təsir göstərib, özəlliklə də 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğala başlaması.
Bu hücum qismən Belarus ərazisindən başlamışdı. Belyatski deyir ki, bu, Belarusdakı repressiyaların beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmasına səbəb oldu, rejim də daha sərt yollara əl atdı.
"Girova çevrildik. Belarusdakı siyasi məhbuslar adi dustaqlar deyil. Daha çox hərbi əsirlərə bənzəyirik", – o vurğulayır.
Həbsdə də davam
Belyatski danışır ki, "Vyasna" rəhbərliyi həbsləri gözləyirdi deyə, fəaliyyətini necə davam etdirəcəyini planlamışdı.
Daha gənc əməkdaşlar xaricə köçərək işi davam etdiriblər, təşkilatın ilk xarici ofisini Litvanın paytaxtı Vilnüsdə açıblar. Həbsdəki hüquq müdafiəçiləri isə içəridə şahidə çevriliblər.
"İnsan haqları müdafiəçilərinin, jurnalistlərin həbsxanada olması demokratiyanın artıq olmamasının ən aydın göstəricisidir. Həbsimiz Belarusun real vəziyyətini göstərirdi", – o bildirib.
Belyatski 1920-1930-cu illərdə Belarus ziyalılarına qarşı Stalin repressiyaları ilə paralellər aparır. O deyir ki, bu gün şərait 100 il öncəkindən fərqlənsə də, "tarix tam təkrarlanır".
Dəmir barmaqlıqlar arxasında Nobel xəbəri
Belyatski danışır ki, 2022-ci ildə Nobel Sülh Mükafatına layiq görüləndə həbsdə özünə qarşı cinayət işinin materiallarını nəzərdən keçirirdi. O, mükafata Rusiyanın "Memorial" insan haqları qrupu və Ukraynanın Vətəndaş Azadlıqları uğrunda Mərkəzi ilə birlikdə layiq görülüb. Əvvəlcə məhkum dostu dəhlizdə xəbəri ona çatdırıb. Daha sonra vəkili bunu təsdiqləyib.
"Şoka düşdüm. Heç vaxt Nobel mükafatı barədə düşünməmişdim. Dərhal anladım ki, bu, şəxsi mükafat deyil", – o deyir.
Belyatski Nobeli Belarusda etiraz hərəkatının, Belarus, Rusiya və Ukraynada insan haqları müdafiəçilərinin simvolik tanınması kimi təsvir edir.
Digər məhbuslar bu xəbəri hörmətlə qarsalayıblar.
"Təsəvvür edin ki, televiziya debatlarında Donald Trampa Nobel Sülh Mükafatı verilməsinin mümkünlüyündən danışılır, Nobel laureatı isə həbsxana skamyasında səninlə yanaşı oturub. İnanılmaz idi", – o deyir.
Amma həbsxanada onunla başqa cür davranıblar. Daimi aşağılanmaya, axtarışlara, töhmətlərə, cəzalara məruz qalıb. Toplam 23 dəfə cəzalandırılıb, müxtəlif səbəblərə görə – ayaqqabısını silməməkdən tutmuş, nəzarətçiyə salam verməməyə qədər.
"Buraxanda isə hər şeyimi aldılar, məktublarımı, gündəliyimi, 300 səhifədən çox qeydimi, memuarlarımı, hər şeyi məhv etdilər", – hüquq müdafiəçisi danışır.
Həbsxana şəraiti
Fiziki işgəncəyə məruz qalmadığını desə də, saxlandığı şəraiti "qeyri-insani" adlandırır: uzunmüddətli təcrid, soyuq kameralara, yuxudan məhrum olunması, məhbusların saatlarla ayaq üstə saxlanıldığı cəza kameraları.
"Bu, insanları sındırmaq üçün hazırlanmış sovet sistemidir. Məhbusların hamısına aiddir, siyasi məhbuslara isə xüsusi qəddarlıqla yanaşırlar", – deyə vurğulayır.
"Həbsdə mindən çox siyasi məhbus var. Bu sistem bəzilərini buraxır, digərlərini həbs edir. İndilik, sonu görünmür", – Belyatski əlavə edir.
Çəkdiyi əziyyətlərə baxmayaraq, nikbindir. İnanır ki, repressiya Belarus cəmiyyətinin ləyaqət və ədalət tələbini məhv edə bilməyəcək.
"Belarusda hələ də işlək olan xalqıdır. Qaranlıq dövrdür, amma həm də müqavimət dövrüdür", – o bildirir.