Belarus səfərbərlik təlimlərinə başlayıb

Belarus ordusunun təlimləri. 2025

Belarusda hərbi komissarlıqların iştirakı ilə səfərbərlik təlimləri keçirilir. Ölkənin Müdafiə Nazirliyinin verdiyi məlumata görə, tədbirlər iyunun 17-dən 26-dək Polşa və Litva ilə həmsərhəd olan Qrodno vilayətində təşkil olunub.

Rəsmi açıqlamaya əsasən, təlimlər zamanı vətəndaşların və nəqliyyat vasitələrinin səfərbər edilməsi prosesləri yoxlanılır. Aşmyanı rayonunda isə iyunun 20-dən iyulun 2-dək hərbi vəzifəlilər uçot məlumatlarının dəqiqləşdirilməsi və nəzarət toplanışı üçün hərbi komissarlıqlara çağırılırlar. Ümumilikdə təxminən iki min nəfərə bildiriş göndərilməsi nəzərdə tutulur.

Belarus Müdafiə Nazirliyi təlimlərin planlı xarakter daşıdığını vurğulayıb. Hərbi toplanışlara cəlb edilən ehtiyatda olan hərbi qulluqçular silah və texnika ilə rəftar bacarıqlarını yeniləməli, həmçinin hərbi komissarlıqların tərkibində müvafiq tapşırıqları icra etməlidirlər.

Bununla yanaşı, "The Wall Street Journal" ötən günlər məlumat yayıb ki, Rusiya prezidenti Vladimir Putin Aleksandr Lukaşenkoya təzyiqləri artırıb və Minskdən Ukraynaya qarşı müharibədə Moskvaya daha fəal dəstək verməsini tələb edir. Qəzetin mənbələrinə görə, rədd cavabı veriləcəyi halda Kreml Belarusa maliyyə dəstəyini azaltmaqla hədələyir.

Nəşrin həmsöhbətləri həmçinin iddia edirlər ki, Moskva ilə Minsk arasında müzakirə olunan məsələlər sırasında təkcə Ukraynaya qarşı addımlar deyil, həm də NATO ölkələrinə qarşı mümkün birgə əməliyyatlar da yer alır.

"The Wall Street Journal"ın yaydığı bu məlumatların rəsmi təsdiqi yoxdur. Rusiya və Belarus rəsmiləri sözügedən nəşrin materialını şərh etməyiblər.