500 məhbus azad edildi, müxalifət zəiflədi – Sürgündəki Belarus qüvvələri böhran içində

Belarus müxalifətçiləri Svetlana Tixanovskaya və Mariya Kalesnikova Venesiyada

Bu ayın əvvəlində Belarusun mühacirətdə olan müxalifətinin formalaşdırdığı Koordinasiya Şurasına keçirilən onlayn seçkilərdə cəmi 2 min 113 nəfər iştirak edib. 2024-cü ildə bu rəqəm 6 min 400 nəfər təşkil edirdi.

Koordinasiya Şurası Belarusun avtoritar lideri Aleksandr Lukaşenkonun rəqibləri tərəfindən bir növ "kölgə parlamenti" kimi yaradılıb. Şuranın tanınmış üzvü Pavel Latuşko AzadlıqRadiosunun Belarus xidməti üçün yazdığı bloq məqaləsində qeyd edirdi ki, səsverməyə 1 milyon insanın qatılması Lukaşenkonu demokratik müxalifəti nəzərə almağa məcbur edərdi. Onun fikrincə, belə bir kütləvi iştirak fonunda Qərb hökumətləri də "ölkədə hakimiyyəti qəsb etmiş rejimlə" münasibətlərdə müxalifətin maraqlarını daha qətiyyətlə qoruyardılar.

Lakin mayın 19-da başa çatan səsvermənin nəticələri gözləntiləri doğrultmayıb. Təşkilatçılar səsvermə platformasına dövlət dəstəkli güclü DDoS hücumlarının təşkil olunduğunu bildirirlər. Bununla yanaşı, səsverməyə marağın kəskin zəifləməsi Belarus müxalifətinin üzləşdiyi dərin çətinliklərin simvoluna çevrilib. 2020-ci il seçkilərində Lukaşenkonu qalib elan edən saxtakarlıqlara qarşı başlayan kütləvi etirazların amansızlıqla yatırılmasından artıq altı il ötür.

Siyasi analitik Valeri Karbaleviç mayın 19-da dərc olunan məqaləsində yazır: "Seçkilərin iflası Belarus müxalifətinin ümumi böhranının simptomudur. Bu isə öz növbəsində ölkənin üzləşdiyi mövcudluq böhranının ayrılmaz hissəsidir".

2020-ci ildə izdihamlar müxalifətin vahid namizədi Svetlana Tixanovskayanı dəstəkləmək üçün küçələrə axışmışdı. Onun tərəfdarları əmin idilər ki, seçki nəticələri saxtalaşdırılmasaydı, o, Lukaşenkonu məğlub edəcəkdi.

"Siyasi baxımdan sağ qalmaq mübarizəsi"

Altı il əvvəl belə təəssürat yaranmışdı ki, belaruslar 1994-cü ildən bəri rəhbərlikdə olan və çoxsaylı seçkilər vasitəsilə hakimiyyətini qoruyan Lukaşenkonu devirə bilərlər. Lakin hazırkı durum kifayət qədər qaranlıq görünür.

2020-ci ildə yaradılan Koordinasiya Şurası Lukaşenkonun hakimiyyəti dinc yolla müxalifətə ötürməsinə yardım etməli idi. İndi isə şuranın heç bir üzvü Belarusda yaşamır. Demokratik müxalifətin, demək olar ki, bütün nümayəndələri ölkəni tərk etməyə məcbur qalıb və ya mühacirətə qaçıb. Ölkədə qalan rejim əleyhdarlarının böyük hissəsi isə həbsxanalardadır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Lukaşenkonun həbsdə saxlatdığı qadınlar: 'Qurd yeyirdik'

Karbaleviç yazır ki, Lukaşenkonun daxili amillər səbəbindən tezliklə süqut edəcəyi ilə bağlı ümidlər boşa çıxıb: "Rejim sabitləşib, mövcud avtoritarizm totalitarizmə çevrilir. Davamlı terror dalğası rejim əleyhdarlarının ölkə daxilində real siyasi fəaliyyət göstərmək imkanlarını tamamilə məhv edib". O əlavə edir ki, Belarusda yaxın gələcəkdə demokratikləşmə üçün real perspektivlərin olmadığı şəraitdə sürgündəki qüvvələrin əsas vəzifəsi sadəcə siyasi subyekt kimi sağ qalmaqdır.

9 milyon əhalisi olan Belarusda Koordinasiya Şurasına keçirilən seçkilərin ciddi rezonans doğurmamasının əsas səbəblərindən biri təqib olunmaq qorxusudur. Belə ki, aprelin sonunda Belarusun Dövlət Təhlükəsizlik Komitəsi (KQB) namizədlərin siyahısını "ekstremist birliklər" elan edib. Bu isə səs verən hər bir vətəndaşın cinayət məsuliyyəti riski ilə üzləşməsi demək idi. Mayın əvvəlində isə namizədlərin Belarusda qalan qohumlarının evlərində kütləvi axtarışlar aparılıb.

Üstəlik, seçki vebsaytına edilən davamlı kiberhücumlar səbəbindən təşkilatçılar səsvermənin başlanmasını mayın 12-nə qədər təxirə salmalı və prosesi başqa platformaya köçürməli olublar.

Nəticələrə görə, Latuşkonun "Azadlıq uğrunda" hərəkatı ilə yaratdığı koalisiya səslərin təxminən 42 faizini toplayaraq birinci olub. Seçkilərdə iştirak edən doqquz qrupdan səkkizi 3 faizlik baryeri keçməyi bacarıb.

"Real rəqiblər" və daxili ittihamlar

Karbaleviçin fikrincə, dövlətin onlayn seçkiyə bu dərəcədə sərt reaksiya verməsi müəyyən mənada müxalifət üçün müsbət siqnaldır. Bu, Lukaşenkonun həmin institutları hələ də real rəqib kimi gördüyünü nümayiş etdirir. Təhlilçi deyir ki, bu "kölgə" strukturlarının mövcudluğu xaricdəki müxalifətə beynəlxalq legitimlik qazandırır və Lukaşenko rejiminin hüquqi əsaslarını qismən şübhə altına qoyur.

Koordinasiya Şurasının idarəedici orqanı olan Birləşmiş Keçid Kabinetini sürgündəki müxalifətin lideri S.Tixanovskaya formalaşdırıb. Lakin hazırda Tixanovskaya və onun komandası xarici hökumətlərlə əlaqələrə həddindən artıq vaxt ayırmaqda, Belarus vətəndaşlarının gündəlik daxili problemlərini isə arxa plana keçirməkdə ittiham olunur.

Tixanovskaya bu tənqidləri rədd etsə də, demokratik qüvvələrin gələcəyi ilə bağlı böhranı danmaq çətindir: 2020-ci ildəki böyük birlik artıq keçmişdə qalıb və daxili parçalanma gələcək perspektivləri qeyri-müəyyən edir.

Həmin dövrdə heç bir siyasi təcrübəsi olmayan müəllim Tixanovskaya müxalifətin məcburi namizədi kimi ortaya çıxmışdı. Çünki onun əri Sergey Tixanovski də daxil olmaqla, Lukaşenkonun bütün real rəqibləri həbsə atılmışdı.

Sizin brauzer HTML5-i dəstəkləmir

Tixanovski Belarus müxalifəti haqda: '2020-ci il hərəkatının enerjisi artıq yoxdur'

Vaşinqtonun Minsk ilə dialoqu və məhbusların azad edilməsi

S.Tixanovski sonradan məhbəsdən buraxılaraq Belarusdan çıxarılan müxalifətçilərdən biridir. Bu proses ABŞ-də Donald Tramp administrasiyasının yenidən hakimiyyətə gəlməsindən sonra reallaşıb.

Maraqlıdır ki, digər tanınmış müxalifətçilər – Viktor Babariko, Mariya Kalesnikova Tixanovskinin özü azad edildikdən sonra Koordinasiya Şurasından uzaq durmağa üstünlük veriblər və seçkilərə qatılmayıblar. Bu addım bir vaxtlar ortaq məqsəd üçün birləşən qüvvələrin artıq fərqli strateji yollar seçdiyini göstərir. Eyni zamanda, Svetlana və Sergey Tixanovski cütlüyü arasında da siyasi gərginlik olduğu barədə məlumatlar yayılır. Tənqidçilər S.Tixanovskini xanımının mühacirətdəki komandasını zəiflətməkdə günahlandırırlar.

Digər tərəfdən, siyasi məhbus sayılan yüzlərlə şəxsin azad edilməsi sürgündəki müxalifət üçün fərqli bir problemi ortaya çıxarır: ABŞ-nin Lukaşenko ilə birbaşa dialoqa başlamasını.

Rəsmi Minsk ilə danışıqlara ABŞ-nin xüsusi elçisi Con Koul rəhbərlik edir. Tramp 2025-ci ilin yanvarında Ağ evə qayıtdıqdan bəri Belarusda təxminən 500 siyasi məhbus azadlığa buraxılıb. Bunun müqabilində isə Vaşinqton Belarusun kalium şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaları müəyyən qədər yumşaldıb.

Münasibətlərin istiləşməsinin daha bir göstəricisi kimi mayın 16-17-də Minskdə böyük dini toplantının keçirilməsi göstərilir. Belə ki, tədbirə Trampın andiçmə mərasimində dua etmiş tanınmış amerikalı vaiz Franklin Qrem də qatılıb.

Amerikalı elçi Koul rəsmi danışıqlarda Lukaşenko ilə sərt dildə danışdığını gizlətmir. O, görüşlərin birində Belarusa Kuba, Venesuela, İran və Çinlə birlikdə "pis adamların masasında" oturduğunu xatırlatdığını bildirib. Koulun sözlərinə görə, Belarus əgər qlobal müstəvidə "qaliblərin masasında" əyləşmək istəyirsə, normal bir dövlət kimi davranmağa başlamalıdır.

Belarusun Vaşinqtonla münasibətləri tam normallaşdırmaq cəhdləri hələlik yekun nəticə verməyib. Lakin bir vaxtlar "Avropanın son diktatoru" adlandırılan Lukaşenko hesab edir ki, Ağ evlə qurulan bu yeni əlaqələr ona Qərbin gözündə müəyyən legitimlik qazandıra bilər.

Bu arada Avropa İttifaqı da Belarusun demokratik müxalifətinə ayırdığı maliyyə dəstəyini azaltmağı planlaşdırır. Latuşko bildirib ki, Brüssel gələn il bu yardımı 30 milyon avrodan 15 milyon avroya endirəcək. Aİ-dəki rəsmi mənbələr maliyyənin müəyyən qədər azalacağını təsdiqləsələr də, bu ixtisarın yarıbayarıya qədər kəskin olmayacağını iddia edirlər.

Məqaləni AzadlıqRadiosunun Belarus xidmətinin materialları əsasında radionun Rusiya/Ukrayna/Belarus üzrə redaktoru Stiv Qutterman hazırlayıb.