Davamlı beynəlxalq təzyiq olmasa, Belarusda repressiya davam edəcək. Bunu Nobel Sülh mükafatı laureatı Ales Belyatski AzadlıqRadiosuna müsahibəsində deyib.
Veteran fəal Belyatski ötən ilin dekabrında Belarusda həbsdən azad edilib və ölkədən çıxarılıb. Bu, ABŞ-nin vasitəçiliyi ilə mümkün olub. O, beş ilə yaxın həbsdə qalıb.
"Sanki girovları saxlayan terrorçularla danışıqlar aparılır"
AzadlıqRadiosunun Belarus xidmətinə müsahibəsində Belyatski deyib ki, Aleksandr Lukaşenkonun avtoritar hökuməti ilə Qərb rəsmilərinin danışıqları getdikcə daha çox girov diplomatiyasına bənzəyir.
"Sanki girovları saxlayan terrorçularla danışıqlar aparılır. Bizim siyasi məhbuslar da oxşar durumdadır", – 65 yaşlı Belyatski vurğulayır.
Son bir ildə ABŞ ilə anlaşmalar çərçivəsində Belarusda fəallar, jurnalistlər, müxalifətçilər azadlığa çıxıb. Dekabrda Belyatski və daha 122 məhbus, bu ayın əvvəlində əsasən qadınlar olmaqla kiçik qrup buraxılıb.
Fəallar ümid edirlər ki, ABŞ prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Koulun gözlənən səfəri çərçivəsində xeyli məhbus buraxıla bilər.
Belarusun insan haqları qrupları ölkədə azı min nəfərin siyasi ittihamlarla həbs olunduğunu bildirir. Bu həbslər, əsasən, 2020-ci il prezident seçkisindən sonra başlayıb. Həmin seçkidə Lukaşenkonun qalib elan edilməsi ölkə boyunca etirazlara səbəb olmuşdu.
"Yeni həbslər, döyülmələr, jurnalistlərin uzunmüddətli məhkum olunması barədə məlumatlar alırıq", – Belyatski radioya Praqada verdiyi müsahibədə deyir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Lukaşenkonun həbsdə saxlatdığı qadınlar: 'Qurd yeyirdik'
"Uzunmüddətli iqtisadi və siyasi təzyiqin nəticəsi"
Lukaşenko 1994-cü ildən hakimiyyətdədir. Belarus insan haqları pozuntularına görə ABŞ-nin, Avropa İttifaqının çoxsaylı sanksiyalarına məruz qalıb.
Belyatski deyir ki, məhbuslar Qərbin uzunmüddətli iqtisadi və siyasi təzyiqi nəticəsində azad edilir.
ABŞ Trampın indiki prezidentlik dönəmində Belarusla işləyib, Tramp Lukaşenko ilə iki dəfə telefonla danışıb. Məhbuslar buraxıldıqca, Belarusa bəzi sanksiyalar qaldırılıb.
Belyatski xəbərdarlıq edir ki, sanksiyaların vaxtından qabaq qaldırılması yanlış olardı, çünki repressiya davam edir.
"Belarusda müstəqil qurumlara "ekstremist" damğası vururlar. Yazıçıları birləşdirən PEN təşkilatı bu reyestrə salınıb, Belarus Jurnalistlər Assosiasiyası, "Vesna" İnsan Haqları Mərkəzi də o cümlədən", – Belyatski deyir.
O əlavə edir ki, faktiki, müstəqil vətəndaş sektoru Belarusdan bütünlükdə çıxarılıb: "Bu səbəbdən repressiyanın bitməsi vacib ön şərtdir, bu, baş vermədən sanksiyaları qaldırmaq ağılsızlıq olardı".
Mühacirətmi, ölkədə azadlıqmı?
Bir çox məhbuslar üçün əsas sual azad ediləndən sonra Belarusda qalmalarına icazə verilməsi ilə bağlıdır. Belyatski, siyasi məhbus sayılan digərləri buraxılan kimi ölkədən çıxarılıb. Sözlərinə görə, bu məsələ daha öncə Belarus rəsmiləri ilə danışıqlarda qaldırılıb: "Bəzilərinin valideynləri xəstədir, qalmağa başqa səbəbləri var. Heç də hamı ölkədən çıxmaq istəmir".
Belyatski deyir, Lukaşenko əvvəllər bu təklifləri rədd edib, amma hökumətin mövqeyində dəyişiklik ola bilər.
O, veteran müxalifətçi Nikolay Statkeviçi misal çəkir. Son 20 ilin azı 12 ilini həbsdə keçirən Statkeviç sentyabrda həbsdən buraxılsa da, ölkədən çıxmaqdan imtina edib, onu yenidən tutublar. Fevralda iflic keçirəndən sonra azad olunub.
Sizin brauzer HTML5-i dəstəkləmir
Tixanovski Belarus müxalifəti haqda: '2020-ci il hərəkatının enerjisi artıq yoxdur'
Mədəniyyət, repressiya, ədalət
Belyatski deyir, Belarusda repressiya getdikcə mədəniyyət xadimlərini və Belarus dilini daha çox hədəf alır. Onun fikrincə, bunun bir səbəbi Moskvadan gələn siqnallar ola bilər, amma ölkənin təhlükəsizlik aparatının öz motivləri də var.
"Repressiv strukturların içindəki adamlar hər ay nəticələri göstərməlidir. Onlar başqa insanların həyatlarını dağıtmaqla karyera qururlar", – Belyatski vurğulayır.
Beynəlxalq Cinayət Məhkəməsi Belarus hakimiyyəti ilə əlaqələndirilən cinayətləri araşdırır. Belyatski bunu hesabatlılığa doğru vacib addım, "Belarus insan haqları cameəsi üçün ədalətli qələbə" adlandırır, amma prosesin illərlə çəkə biləcəyini də deyir.
Uzun mübarizə
2011-2014 və 2021-2025-ci illərdə vergidən yayınma ittihamı ilə həbs olunan Belyatski və tərəfdarları ittihamları siyasi motivli sayıb. Sözlərinə görə, həbsdə olarkən layiq görüldüyü Sülh Mükafatı beynəlxalq diqqəti Belarusdakı vəziyyətə çəkib, amma durum dəyişməyib.
O, hələ də həbsdən sonrakı həyata adaptasiya olduğunu deyir.
"İndi beynəlxalq səfərlər edə bilirəm, səfərlərdə Belarusdakı vəziyyətdən danışıram. Dünya sürətlə dəyişir. Ölkəmizdə baş verənlər barədə daim adamlara danışmalıyıq", – Belyatski vurğulayıb.