Tehranda Behişti Universitetinin tələbələri tətil edir

Behişti Universiteti tələbələrinin tətili

Tehranın Behişti Universitetinin psixologiya fakültəsinin tələbələri noyabrın 21-də tətilə başlayıb. Bu bir müddətdir davam edən tələbə etirazlarında əhəmiyyətli eskalasiya sayılır. Ölkə boyunca tələbələr şəhərciklərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə, məcburi hicab qanununun daha sərt formada tətbiqinə etiraz edirlər.

Tələbələr tətili son vaxtlar baş verənlərə etiraz olaraq keçirdiklərini deyiblər. Noyabrın 20-də maskalı şəxslərin təhsil ocağının təhlükəsizlik qüvvələri ilə birlikdə dərs otaqlarına girərək hicab taxmayan qadın tələbələrin şəxsiyyət sənədlərini müsadirə etdiyi bildirilir.

Şahidlər naməlum şəxslərin baş örtükləri sürüşmüş qadın tələbələri hədəfə aldığını deyirlər.

Bu tətil İranda tələbə fəallığının artmasını göstərir. Bu yaxınlarda Tərbiyət Müdərris Universitetinin tələbələri dərslərə girməyərək təhsil ocağının təhlükəsizlik qüvvələrinin repressiv taktikasına etirazlarını bildiriblər.

Buna da bax: İranlı professor deyir ki, susmasan, işdən qovulacaqsan

Dərinləşən repressiya və etirazlar

Yeni dərs ilindən İran universitetlərində repressiv mühit güclənib. Kəşfiyyat və təhlükəsizlik qurumları daha çox adamı dindirməyə çağırır, inzibati tədbirlər görülür, hətta tələbələr və fakültə üzvləri kənarlaşdırılır.

İranda universitetlər, tələbələr daha böyük sosial və siyasi azadlılar uğrunda mübarizənin önündə gediblər. 1999-cu ildə tələbələr islahatçı qəzetin bağlanmasına etiraz ediblər. Tehran Universitetinə qəddar reyddə azı bir tələbə öldürülüb.

Hakimiyyət isə illərlə tələbə fəalları və liderlərini həbs etdirib, onların təhsil almasını yasaqlayıb.

Fəalların HRANA xəbər agentliyinin məlumatına görə, 2022-ci ilin sentyabrından başlamış etirazlarda azı 700 universitet tələbəsi həbs olunub. Həmin etirazlara 22 yaşlı Məhsa Əmininin, guya, hicab qaydasını pozduğuna görə saxlanandan sonra vəfat etməsi səbəb olub.

Saxlanan tələbələr həbsə, yaxud şallaq cəzasına məhkum edilib. Onlarla tələbə universitetlərdən qovulub.