Vəkil Bəxtiyar Hacıyevlə danışıb

Bəxtiyar Hacıyev

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin artıq sudan da imtina etdiyi və quru aclıq aksiyasına keçdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna Hacıyevlə fevralın 16-da telefonla danışan vəkil Aqil Layıc məlumat verib.

Vəkil bildirib ki, fəal müalicə müəssisəsində ona qarşı rəftardan çox narazı olduğunu deyib:

"Ombudsmana və ailəsinə zənglərinə məhdudiyyət qoyulduğunu deyir. Söyləyir ki, aiddiyyatı yerlərə yazdığı ərizəiləri qəbul etmirlər, valideyni ilə bu gün, fevralın 16-da görüşə imkan verməyiblər ".

Buna da bax: Hacıyev saxlanma şəraitindən narazıdır

Vəkil qeyd edib ki, Hacıyevin sözlərinə görə, o fevralın 16-ı, günortadan etibarən quru aclığa keçib və bununla bağlı ərizəsini belə qəbul etmirlər.

Layıc habelə vurğulayıb ki, bununla bağlı Ombudsmana, Ədliyyə Nazirliyinə müraciət edib:

"Bəxtiyarın məsələsinə dərhal reaksiya vermələrini xahiş etdim…"

Vəkilin bu açıqlamasına, hələlik, Ədliyyə Nazirliyindən, bu qurumun Penitensiar Xidmətindən və Ombudsman Aparatından münasibət almaq mümkün olmayıb.

Buna da bax: ABŞ Dövlət Departamenti B.Hacıyevi azad etməyə çağırır

Əvvəlki günlər

İctimai fəal Bəxtiyar Hacıyev fevralın 10-da Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin müalicə müəssisəsinə köçürülüb.

O, ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib. Bu ittihama səbəb olan insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.

O, ittihamla razı deyil.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. Bəzi ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırdığını bildirib.

Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra aclığı bərpa etdiyini açıqlayıb və hələ də davam etdirdiyi deyilir.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini 1 ay uzadıb.

Buna da bax: Miyatoviç Bəxtiyar Hacıyevin dərhal azad edilməsinə çağırıb

Xatırlatma

Harvard Universitetinin məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi.

Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.