Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 21:07

Hacıyev saxlanma şəraitindən narazıdır


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin çox halsız olduğu, şiddətli ağrılardan şikayətləndiyi bildirilir.

Bu barədə fevralın 14-də Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində onunla görüşən vəkil Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna danışıb. Onun sözlərinə görə, B.Hacıyev arıqlamağa davam edir, çəkisi 84.5 kiloqramdan 68.1 kiloqrama enib.

Vəkilin vurğulamasına görə, B.Hacıyev saxlanma şəraitindən narazıdır: "Hacıyev nəfəs almağın çətin olduğu çox dar otaqda saxlanmasından şikayətlənir".

Hələlik, bu açıqlamaya Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

B.Hacıyev artıq 37 gündür aclıq aksiyasını davam etdirdiyini bildirir.

Vəkil: 'Bəxtiyar Hacıyev hədsiz zəifləyib'

Fevralın 13-də vəkil Aqil Layıc Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin müalicə müəssisəsində olan ictimai fəal Bəxtiyar Hacıyevlə görüşüb.

Vəkil Azadlıq Radiosuna bildirib ki, Hacıyevin sözlərinə görə, müalicə müəssisəsinə köçürüləndən sonra baş həkim ona məcbur sistem qoşmaq istəyib: "Bəxtiyar bundan imtina edib ".

Vəkilin vurğulamasına görə, Hacıyev qeyd edib ki, müalicə müəssisəsinə köçürülərkən, ondan müsadirə edilmiş sənədləri və telefon nömrələri qaytarılmayıb:

"Bəxtiyar həmçinin qeyd etdi ki, müalicə müəssisəsində təhlükəsizliyi çox aşağı səviyyədədir. Kim istədisə otağına daxil ola bilir, habelə otaqdan çıxdıqdan sonra otağı açıq qalır. Təhlükəsizliyinin təmin edilməsini tələb edir".

Onun səhhəti ilə bağlı vəkil bildirib ki, Bəxtiyar Hacıyev hədsiz dərəcədə zəifləyib və özünü zorla idarə edir: "Deməsinə görə, bədənində şiddətli ağrılar var və yuxusuzluqdan əziyyət çəkir".

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və onun müalicə müəsissəsinin baş həkimindən münasibət öyrənmək mümkün olmayıb.

Bundan əvvəl

İctimai fəal Bəxtiyar Hacıyev fevralın 10-da Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin müalicə müəssisəsinə köçürülüb.

O, vəkilləri vasitəsi ilə həmin vaxt Bakı İstintaq Təcridxanasında onun sənədlərinin, sağlamlıq vəziyyətini qeyd etdiyi qeydlərinin, məhkəmə qərarlarının, telefon nömrələri yazdığı vərəqlərinin götürüldüyünü və geri qaytarılmadığını açıqlamışdı.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib. Bu ittihama səbəb olan insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.O, ittihamla razı deyil.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. Bəzi ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırdığını bildirib.

Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra aclığı bərpa etdiyini açıqlayıb və hələ də davam etdirdiyi deyilir.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini 1 ay uzadıb.

Xatırlatma

Harvard Universitetinin məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.

XS
SM
MD
LG