Bakı-Tbilisi-Qarsın 'bəxti' açılır

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışı. Tbilisi, 21Noy2007

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. Bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanıb.

“Turan” Agentliyinin xəbərinə görə, dəmir yolunun Gürcüstan ərazisində dizel ilə işləyən lokomotivlərin bir neçə dəfə sınağı keçirilib. Bütün yol boyunca lokomotivlər maneəsiz hərəkət edə bilirlər.

Bu günlərdə Axalkalaki stansiyasındakı təkər cütlərinin dəyişmə məntəqəsində yüklü vaqonun Türkiyə sərhədinə göndərilməsi sınağı da uğurla həyata keçirilib.

Buna da bax:​ Bakı-Tbilisi-Qars - Ümid yolçuluğu

Xatırlatma

2007-ci ilin noyabrında Tetri-Skaro rayonunda - Marabda stansiyasında Bakı - Tbilisi - Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsinin tikintisi başlayıb. 2008-ci ilin iyulunda isə Qars şəhərində Bakı - Tbilisi - Qars bağlantısının Türkiyə hissəsinin tikintisinə start verilib.

Layihənin maliyyələşmə yükü əsasən Azərbaycanın üzərindədir. Uzunluğu 153 km olan mövcud Axalkalaki-Marabda dəmir yolu xəttinin reabilitasiya-rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan 775 milyon dolları ayırmağı öhdəsinə götürüb.

Buna da bax: Milyonlar xərclənsə də, Bakı-Tbilisi-Qarsın bəxti açılmır

Azərbaycan hökuməti Ermənistandan yan keçməsinə görə, bu layihənin reallaşmasında çox maraqlıdır. Bu il oktyabrın 1-ə olan məlumata görə, bu layihənin tikintisinə təkcə Azərbaycan Dövlət Neft Fondundan 619,8 milyon dollar pul ayrılıb. Hələ tam başa çatmayan layihəyə ümumilikdə nə qədər pul xərcləndiyi açıqlanmayıb.

Sonuncu dəfə 2 həftə əvvəl Türkiyənin baş naziri Binali Yıldırım Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin 2017-ci ilin birinci rübündə işə salınacağını demişdi. Yayda isə Türkiyə prezidenti dəmiryolu xətinin 2016-cı ilin sonunda işə düşəcəyini bildirmişdi.