Alışılmış mənzərədir: Bakıda köhnə tikililər sökülür, yerində yeni binalar ucaldılır və çox vaxt bunlar mülk sahibinin icazəsi olmadan baş verir. Metronun "Nəriman Nərimanov" stansiyasının yaxınlığında – Fətəli xan Xoyski prospekti, 128, 130 və Əhməd Rəcəbli küçəsi 5B ünvanlarının kəsişməsində olan tikililərdə də eyni problem yaşanıb. Bəsti Nəsirova, Biləndər Hacıyev, Zəminə Ələkbərova və başqaları daxil, altı nəfərin əmlakı özlərinin razılığı olmadan dağıdılıb. Hesablamalara görə, zərərçəkən mülkiyyətçilərə toplam 470 min manata yaxın ziyan dəyib.
Bu üzdən, söküntünü aparan "Gold Residence" MMC-nin icraçı direktoru Nurlan Məmmədov əmlak sahiblərinin şikayətləri əsasında cinayət məsuliyyətinə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhvetmə və ya zədələmə, zərərçəkmişə külli miqdarda ziyan vurmaqla) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələriylə ittiham verilib.
Cinayət işində iddia edilib ki, mülkiyyətçilərin razılığı və onların əmlaklarının məcburi söküntüsü haqda məhkəmə qərarı olmadığı halda, şirkət rəhbərliyi tabeliyindəki işçilərə sözügedən mənzil və obyektləri uçurmaq göstərişi verib.
Təqsirləndirilən icraçı direktor istintaq və məhkəmə dövründə həbs olunmayıb. Onun haqqında polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
N.Məmmədov məhkəmədə ifadə verərkən özünü təqsirli bilib. 2024-cü ildən "Gold Residence" şirkətinin icraçı direktoru təyin olunduğunu söyləyən Məmmədovun sözlərinə görə, şirkət paytaxtda istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan, şəhərin görünüşünə xələl gətirən tikililəri söküb, yerində çoxmərtəbəli binaların inşasıyla məşğuldur. Fətəli Xan Xoyski prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsindəki ərazidə də eyni işlərin görülməsi haqda Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 2024-cü ildə sərəncam verib.
Məhkəmə zərərin ödəndiyini nəzərə alıb və şərti cəza verib
N.Məmmədov vurğulayıb ki, sözügedən ərazidəki yataqxana tipli binaların qəzalı vəziyyətdə olduğunu təsdiqləyən aktlar var. O, sakinlərlə danışıqlar aparıldığını, onlara tikiləcək binalarda mənzillərindən 20-30 faiz çox ölçüdə yeni evlər təklif edildiyini söyləyir. Bir çoxları bu təkliflə razılaşsa da, bəziləri imtina edib. İcraçı direktorun sözlərinə görə, absurd tələblər irəli sürənlər olduğundan belələriylə razılıq baş tutmayıb.
O, icazəsiz sökülən qeyri-yaşayış sahəsinin içində 650-700 min manatlıq satlıq mal olması haqda iddianı da qəbul etməyib və bildirib ki, xırdavat mallar satılan mağazada bu dəyərdə mal olmayıb.
N.Məmmədov əməlindən peşman olduğunu, zərərçəkənlərə dəymiş ziyanın ödənildiyini və ondan şikayətçi olmadıqlarını vurğulayaraq məhkəmədən həbs cəzası verilməməsini xahiş edib.
Zərərçəkənlər də ifadələrində deyiblər ki, aralarında barışıq var, onlara dəymiş ziyan ödənilib, şikayətçi deyillər.
Bugünlərdə məhkəmə N.Məmmədov haqqında hökm çıxarıb. "Gold Residence" şirkətinin icraçı direktoru CM-in həm 186.2.1-ci, həm də 308.2-ci maddəsiylə təqsirli sayılıb. Ancaq zərərin ödənilməsi, özünün peşmançılığı və s. nəzərə alınaraq ona 3 il 6 ay şərti cəza verilib.