'Açıq Rusiya'nın keçmiş rəhbəri saxlanıb

Andrey Pivovarov

Açıq Rusiya mayın 27-dəüzvlərini təqib olunmaqdan qorumaqdan ötrü əməliyyatlarını dayandırdığını bildirib

Rusiyada müxalifət siyasətçisi və Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkov onun kottecində və bəzi həmkarlarının evlərində axtarış aparıldığını deyir.

Qudkov iyunun 1-də Telegram kanalında yazıb ki, axtarış onun Moskvadan 100 km cənub-şərqdə yerləşən Kolomnadakı kottecində aparılıb.

“Kolomna yaxınlığındakı daçamda axtarış aparılır. Keçmiş assistentim Aleksandr Solovyovla bağlı da eyni şey baş verir. İşlər idarəmin rəhbəri Vitali Venidiktovun da başına eyni iş gəlir. Rəsmi səbəbi bilmirəm. Amma əsl səbəb aydındır”, – o yazıb.

TASS dövlət xəbər agentliyi vəziyyətdən agah mənbəyə istinadla axtarışların baş verdiyini təsdiqləyib.

Solovyov “Açıq Rusiya”nın keçmiş sədridir.

***

''Açıq Rusiya'' demokratik hərəkatının keçmiş rəhbəri Andrey Pivovarov Sankt Peterburqda təyyarədən çıxarılaraq saxlanıb. Bu hərəkatı Kremlin tənqidçisi Mixail Xodorkovski təsis edib.

Pivovarov Sankt Peterburqda dindirilməyə aparıldıqdan sonra “arzuolunmaz təşkilatlar” barədə qanunu dəfələrlə pozmaq iddiası ilə saxlanıb. Məlumatı onun vəkili mayın 31-də axşam Telegram-da yayıb.

“Yalnız onu dedilər ki, mənə qarşı Cinayət Məcəlləsinin 284.1 maddəsi ilə, arzuolunmaz təşkilatla əməkdaşlığa görə cinayət işi açılıb, bu da cəfəngiyatdır”, – Pivovarov məktubunda yazır.

Buna da bax: Ryanair təyyarəsinin Minskə endirilməsi araşdırılacaq

Pulkovoda təyyarədən çıxarılıb

O, rəsmi orqanların onu naməlum səbəblərdən ölkənin cənubundakı Krasnodar şəhərinə aparmağı planlaşdırdığını deyib.

Rəsmi dairələr hələlik, açıqlama verməyib.

Pivovarov Pulkovo aeroportunda Varşavaya uçmağa hazırlaşan təyyarədən çıxarılıb.

Buna da bax: Rusiya Bayden-Putin görüşü ərəfəsində ABŞ-ı ‘şantaj’ edir

Açıq Rusiya mayın 27-dəüzvlərini təqib olunmaqdan qorumaqdan ötrü əməliyyatlarını dayandırdığını bildirib.

Rusiyada fəaliyyət göstərən bu qurum 2017-ci ildə “arzuolunmaz təşkilat” siyahısına salınıb, o vaxtdan fəalları hakimiyyətin təzyiqilə üzləşiblər, onlara inzibati, cinayət ittihamları irəli sürülüb.

“Arzuolunmaz təşkilat” qanunu 2015-ci ilin mayında qəbul olunub. Kreml xaricdən, əsasən Avropa və Birləşmiş Ştatlardan maliyyə alan qeyri-kommersiya və qeyri-hökumət təşkilatlarına qarşı bir sıra qanunlar qəbul edib.