Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 04:42

Ryanair təyyarəsinin Minskə endirilməsi araşdırılacaq


Beynəlxalq Sərnişin Aviasiyası Təşkilatı – ICAO-nun şurası Ryanair şirkətinin FR4978 reysinin mayın 23-də məcburən Minskə endirilməsi ilə bağlı ciddi narahatlığını bildirib.

Mayın 31-də keçirilən xüsusi iclasında təşkilatın icraiyyə komitəsi bəyan edib ki, təşkilat bu insidentlə bağlı sərnişin aviasiyasına dair Çikaqo Konvensiyasının 55-ci maddəsinə uyğun olaraq hərətərfli araşdırma aparacaq.

Bu arada Kipr Belarusdan uçan təyyarələrin onun hava məkanına daxil olmalarını qadağan edib.

Mayın 31-də Kiprin aviasiya rəsmiləri bu qadağanın habelə Belarusda qeydiyyatdan keçmiş şirkətlərə şamil olunacağını bildiriblər.

Daha bir insident

Mayın 30-da Ryanair hava şirkətinin İrlandiyadan Polşaya uçan sərnişin təyyarəsi “bomba təhlükəsinə” görə Berlində eniş etməli olub.

Bundan əvvəl təyyarə ekipajına göyərtədə bomba ola biləcəyinə dair məlumat verildiyi bildirilmişdi.

Polşa regional polisinin rəisi Sebastyan Qlen deyib ki, Krakov hava limanına zəng edən naməlum şəxs təyyarənin göyərtəsində bomba olduğunu bildirib.

Göyərtəsində 160 sərnişin olan təyyarə Dublin-Krakov reysi ilə uçurdu, lakin mayın 30-da axşam Berlinin Bradenburq hava limanında enməli olub.

Polşa polisi zəng edəni axtarır

Hadisə yerinə Almaniya federal polisinin əməkdaşları gəliblər. Onlar sərnişinləri təyyarədən düşürdükdən sonra baqajı və təyyarənin içərisini yoxlayıblar.

Yeddi saatlıq gecikmədən sonra sərnişinlər Krakova ehtiyat təyyarə ilə uça biliblər.

Sebastyan Qlen jurnalistlərə deyib ki, təyyarədə heç bir bomba tapılmayıb və həyəcan saxta olub.

O habelə deyib ki, Polşa hüquq-mühafizə orqanları insidentin təhqiqatına başlayıblar.

Yanlış həyəcanı qaldıran şəxs hələki aşkar edilməyib. Polşa hakimiyyət orqanları bildirirlər ki, həmin şəxs 8 il müddətinə azadlıqdan məhrum edilə bilər.

E-mail təyyarəyə xəbərdarlıqdan sonra yazılıb

Media xəbərlərində bildirilir ki, bu hadisədən bir həftə əvvəl Ryanair şirkətinin Afina-Vilnüs reysi ilə uçan təyyarəsi bomba təhlükəsi ilə bağlı məcburi qaydada Minskdə endirilmişdi.

Belarus aviadispetçerləri pilotlara göyərtədə bomba ola biləcəyi barədə xəbərdarlıq etmişdilər.

Daha sonra Belarus hakimiyyət orqanları bildirmişdilər ki, guya bomba xəbərdarlığı Fələstinin Həməs qruplaşmasından elektron poçtu ilə gəlib.

Bunun ardınca Həməs nümayəndələri iddianı qətiyyətlə rədd etmişdilər.

Bundan başqa İsveçrənin Protonmail elektron poçtu provayderi sözü gedən elektron məktubun təyyarə səmtini dəyişəndən 27 dəqiqə sonra yazıldığını aşkar etmişdi.

Təyyarə məcburi qaydada Minskdə endirildikdən sonra sərnişinlərin arasında olan anti-Lukaşenka bloger Roman Protaseviç və onun yoldaşı, Rusiya vətəndaşı Sofiya Sapeqa həbs olunmuşdular.

Belarus hakimiyyət orqanları onları bu ölkədə kütləvi iğtişaşlar təşkil etməkdə ittiham edir.

Zaxarova müqayisə edir

ABŞ, Avropa İttifaqı və NATO baş vermiş hadisədən hiddətləndiklərini bildirmişdilər.

Avropa İttifaqının Brüsseldə keçirilən sammitində Lukaşenka rejiminə qarşı sanksiyaların sərtləşdirilməsinə dair razılıq əldə olunub.

Yeni sanksiyalar Belarus təyyarələrinin Avropa İttifaqı səmasına daxil olmasını və ittifaq ölkələrinin hava limanlarında enməsini qadağan etməlidir.

Bundan başqa Avropa və dünya ölkələrinin hava şirkətlərinə Belarus hava məkanına daxil olmamaq tövsiyə edilib.

Bir neçə aparıcı şirkət, o cümlədən Lufthansa, KLM, SAS, Air France, LOT və Singapore Airlines bu tövsiyəyə əməl etməyə başlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Ryanair şirkətinə məxsus təyayrələrin Minsk və Berlində endirilməsinin bənzərliyinə təəccüb etdiyini deyib və diqqəti iki bənzər hadisəyə Qərbin fərqli reaksiyasına çəkib.

Bununla yanaşı Zaxarova Protaseviçin həbsindən söz salmayıb.

Ötən ilin iyul ayında Ryanair şirkətinin Dublindən Krakova uçan başqa bir təyyarəsi də bomba həyəcanına görə Londonda təcili eniş etmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG