Samirə Qasımlının ölkədən çıxışına qadağa qoyulub

Samirə Qasımlı

Hədə-qorxu ilə tələbetmə ittihamı ilə 12 il həbs cəzası alan politoloq Azər Qasımlının xanımı Samirə Qasımlının ölkədən çıxışına məhdudiyyət qoyulduğu bildirilir.

Bu barədə S.Qasımlı özü açıqlama verib. O, qadağanı A.Qasımlının işində zərərçəkmiş şəxs kimi tanınan Qurbanəli Yusifovun ona qarşı Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə iddia qaldırması ilə əlaqələndirib: "Aprelin 24-də iddia üzrə məhkəmə baxışının ilk iclası olacaq".

S. Qasımlı bildirib ki, baş verənlərin siyasi sifariş olduğunu bilsə də, bir neçə gün məsələni şərh etməyib və yalnız məlumat verməklə kifayətlənib. O qeyd edib ki, bu gün, aprelin 20-də onun Avropaya səfəri nəzərdə tutulmuşdu.

Xanımın sözlərinə görə, gözləməkdə məqsədi o olub ki, bilsin, bu məhkəmə işi sırf A.Qasımlıya, onun ailəsinə bir təzyiqdir, yoxsa həm də onun azadlığı uğurunda mübarizə aparan həyat yoldaşı S.Qasımlıya yönəlik bir məsələdir: "Çünki mən düşünmüşdüm ki, əgər xaricə gedə bilsəydim, bu proses sadəcə bir psixoloji təzyiq, "başağrısı" kimi əlavə vaxt aparmaq üçündür. Yaxud ən pis halda altı ay müddətinə həbs etməklə Azər Qasımlının həyat yoldaşına bir təzyiq vasitəsidir".

S.Qasımlının düşüncəsinə görə, ölkədən çıxışına "stop" qoyulması o deməkdir ki, bu iş A.Qasımlıya təzyiq olmaqla yanaşı, onun, eləcə də ölkədəki bütün siyasi məhbusların hüquqları uğurunda mübarizə aparan şəxsə qarşıdır.

S.Qasımlı əlavə edib ki, aprelin 20-də ona DİN tərəfindən ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məlumat verilib: "Halbuki iddia hələ məhkəmə icraatına götürülməyib. Ona görə də bu mərhələdə mənim ölkədən çıxışıma qadağa qoyulmamalı idi".

Bu açıqlamaya DİN və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

17 aprel

Azər Qasımlının xanımından məhkəməyə şikayət edilib

Hədə-qorxu ilə tələb etmə ittihamı ilə 12 il həbs cəzası alan politoloq Azər Qasımlının xanımı Samirə Qasımlı da hakim önünə çıxarılacaq. Bu barədə S.Qasımlı özü məlumat yayıb.

S.Qasımlının sözlərinə görə, Elektron Məhkəmə Sistemindən bildiriş göndərilib ki, Binəqədi rayon Məhkəməsinə onun barəsində şikayət daxil olub.

Şikayətçi A.Qasımlının işində zərərçəkmiş şəxs kimi tanınan Qurbanəli Yusifovdur. Şikayətdə S.Qasımlının cinayət məsuliyyətinə cəlb olunmasının istəndiyi bildirilir.
S.Qasımlının əlavə etməsinə görə, Q.Yusifov onu Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin (böhtan) pozulmasında ittiham edir.

Hələlik şikayətin detalları ilə tanış olmaq və Q.Yusifovla danışmaq mümkün olmayıb.

16 mart

Azər Qasımlı Umbakı Penitensiar Kompleksinə köçürülüb

Siyasi Menecment İnstitutunun 12 il həbs cəzası alan direktoru, politoloq Azər Qasımlı Umbakı Penitensiar Kompleksinə köçürülüb.

Bu barədə onun yaxınları məlumat yayıb. Onlar 12 illik həbs qərarı ilə bağlı veriləcək apellyasiya şikayətinə baxılmadan bu addımın atılmasını politoloqun növbəti dəfə hüquqlarının pozulması kimi dəyərləndirirlər.

Bu dəyərləndirməyə rəsmi qurumların münasibət almaq mümkün olmayıb.

Umbakı Penitensiar Kompleksi Bakıdan 70 kilometr aralıda yerləşir və orada məhbuslarla bağlı bəzi əlavə məhdudiyyətlərin olduğu bildirilir.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Adam öldürənlərə 9 il, Azər Qasımlıya isə 12 il həbs verilir'


11 mart

12 il həbs cəzası alan Azər Qasımlı: 'Yeganə zərərçəkmiş mənəm'

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlıya 12 il həbs cəzası kəsilib. Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Telman Hüseynovun sədrlik etdiyi hakimlər onun haqqında belə hökm çıxarıb.

Hökmə əsasən, A.Qasımlı Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə tələbetmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə təqsirli bilinib. İddia olunur ki, politoloq Qurbanəli Yusibov adlı şəxsi oğlunu qaçırmaq, atasını öldürmək ilə hədələyib, ondan pul tələb edib.

"Həm azadlığımı, həm də əmlakımı əlimdən alıblar"

A.Qasımlı isə hökmdən öncə son sözündə bu ittihamın yalan olduğunu və siyasi sifarişlə şərlənərək həbs edildiyini deyib. O vurğulayıb ki, nəinki cinayətkar deyil, heç cinayətə yaxın əməli də olmayıb.

"Məhkəmə istintaqı da bunu göstərdi. İttihamı sübut edəcək nə bir şahid, nə də başqa bir dəlil var. İttiham boş söz yığını, yalanlardan ibarətdir. Bu işdə yeganə zərərçəkmiş tərəf mənəm. Həm azadlığımı, həm də əmlakımı əlimdən alıblar. Hər kəs bilir ki, mənim həbsim siyasi sifariş əsasında baş verib", – A.Qasımlı son sözündə belə deyib.

Xatırlatma

51 yaşlı A.Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. Onunla bu cinayət işində zərərçəkmiş kimi tanınan Q.Yusibov arasında bir neçə il öncə "Binance" kriptovalyuta birjasına pul yatırılması məsələsi ilə əlaqədar narazılıq yaranıb. Yusibov onun verdiyi məbləği tam şəkildə "Binance" hesabına tam yatırmayıb. Nəticədə 20 min dollar ziyana düşdüyünü deyən Qasımlı ilə Yusibov arasında narazılıq olub və bu məsələ mülki qaydada məhkəmə müstəvisinə çıxıb.

Mingəçevir şəhər Məhkəməsi Yusibovun 20 min dolları Qasımlıya ödəməsinə qərar verib. Həmin məhkəmədə Yusibov borclu olduğunu etiraf edib.

Sonradan Şəki Apellyasiya Məhkəməsi bu qərarı ləğv edib. Qərar belə əsaslandırılıb ki, bu məsələyə kommersiya məhkəməsində baxılmalı idi.

A.Qasımlı həbsdə olduğu dövrdə kommersiya məhkəməsində bu işə baxılıb və politoloqun əleyhinə qərar verilib. Hazırda sözügedən mülki mübahisə Ali Məhkəmənin icraatındadır.