Belarusda AzadlıqRadiosunun müxbirləri saxlanıb

AzadlıqRadiosunun Belarusdakı bir müxbiri Ales Daşçinski

Onun kompüteri, telefonu, bir neçə yaddaş stiki və bank kartı müsadirə olunub

AzadlıqRadiosu Belarusda daha bir müxbiri – Ales Daşçinskinin saxlanmasını pisləyib.

Daşçinskinin qohumları AzadlıqRadiosuna deyiblər ki, o iyulun 16-da Minskdəki mənzilində aparılmış axtarışdan sonra saxlanıb.

Bu da deyilir ki, onun kompüteri, telefonu, bir neçə yaddaş stiki və bank kartı müsadirə olunub.

Onun jurnalist akkreditasiyası ötən oktyabrda Belarusun avtoritar lideri Alyaksandr Lukaşenkanın fərqli düşüncə və azad mediaya qarşı repressiya kampaniyasının gedişində ləğv olunmuşdu.

Daşçinskinin saxlandığı gün Belarus polisi və təhlükəsizlik xidmətləri ölkə boyunca bir neçə müstəqil jurnalistin ofislərinə və evlərinə reyd keçirib.

Bunların arasında AzadlıqRadiosunun müxbirləri Aleh Hruzciloviçİna Studzinskaya da var.

AzadlıqRadiosunun prezidenti Ceymi Flay bu saxlanmalarla əlaqədar bəyanat yayıb:

"AzadlıqRadiosunun müxbirləri Ales Daşçınskinin, habelə Aleh Hruzciloviç və İna Studzinskayanın və o cümlədən Belarusun bir sıra müstəqil jurnalistlərinin həbsləri Alyaksandr Lukaşenkanın necə bir səksəkədə olduğunu nümayiş etdirir. Belarus xalqına xidmət edən jurnalistlərə qarşı bu hücumlar Belarusda baş verənlərin üzərinə pərdə çəkə bilməyəcək”.

Buna da bax: Azadlıq Radiosunun Minskdəki ofisi və digər jurnalistlərin evində axtarış aparılıb

Sanksiyalar

AzadlıqRadiosu xəbər verir ki, Belarus hakimiyyət orqanları ötən il keçirilmiş mübahisəli prezident seçkisinin ardınca başlanan kütləvi etiraz aksiyalarından sonra tənqidçi və qeyri-dövlət media qurumlarını bağlayıb.

Müxalifət və Qərb Belarusda ötən ilin avqustunda keçirilmiş seçkinin Lukaşenkanın xeyrinə saxtalaşdırıldığını bildirirlər.

Müxalifət deyib ki, bu seçkidə 6-cı dəfə prezident elan edilmiş Lukaşenka əslində səslərin cəmi 3 faizini qazanıb.

Qərb ölkələri bu seçkidə qalibin müxalifətin lideri Svyatlana Tsixanovskaya olduğunu bildirirlər.

Lukaşenka etiraz aksiyalarına və fəallara amansızcasına divan tutub. Minlərlə müxalifət fəalı saxlanıb və ya ölkədən qaçmağa məcbur edilib.

Avropa İttifaqı, Qərb, Kanada və Britaniya Alyaksandr Lukaşenkanı legitim prezident hesab etmədiklərini bildiriblər.

Qərb Lukaşenkanın vəzifəli rəsmilərinə, habelə yaxın qohunlarına sərt sanksiyalar elan edib.

Bu yaxınlarda Avropa İttifaqı 66 yaşlı avtoritar liderin rejimini zəiflətmək məqsədilə Belarusun xarici valyuta gətirən iqtisadi sahələrinə yeni sanksiyalar qoyub.