"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Ayxan İsrafilovun saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsində fiziki zorakılığa məruz qaldığı bildirilir.
Bu barədə onun yaxınları məlumat yayıb. Onların vurğulamasına görə, hadisə İsrafilovun müəssisə rəisinin müavini Kamran Şahsuvarovun qəbulunda olduğu zaman baş verib. Yaxınlarının iddiasına görə, İsrafilov hörmətsiz münasibətə etiraz etdikdən sonra ona qarşı fizikizorakılıq göstərilib.
Vurğulandığına görə, İsrafilov bildirib ki, hadisədən sonra boyun nahiyəsində izlər də qalıb.
Bu deyilənlərə nə Kamran Şahsuvarovdan, nə də başqa cavabdeh qurumlardan münasibət almaq mümkün olub. Lakin, bir qayda olaraq, Penitensiar Xidmətdən cəzaçəkmə müəssisələrində məhbuslara zorakılıq və işgəncə ilə bağlı şikayətləri qəbul etmirlər.
Ayxan İsrafilov 2023-cü ilin avqustunda saxlanılıb. O, narkotik vasitələrin əldə edilməsi və daşınması maddəsi ilə ittiham olunub, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il azadlıqdan məhrum edilib.
Özü ittihamları qəbul etmir, siyasi baxışlarına, tənqidi fəaliyyətinə və işçi hüquqlarının müdafiəsindəki fəaliyyətinə görə məqsədli şəkildə cəzalandırıldığını bildirir.
Xatırlatma
Azərbaycanda işçi hüquqlarını müdafiə etmək məqsədilə 2022-ci ildə yaradıldığı açıqlanan "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü- Konfederasiyanın sədri Afiəddin Məmmədov, üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamla (narkotik, xuliqanlıq niyyəti ilə qəsdən bədənə ağır xəsarət yetirmə) üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.
Rəsmilər isə ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər.