AXCP üzvünün Ukraynada saxlandığı bildirilir

Bəhruz Həsənli

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvünün Ukraynada saxlandığı bildirilir. Partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş və 2022-ci ildən Ukraynada yaşayan Bəhruz Həsənli iyulun 27-də sosial şəbəkə hesabında bu barədə yazıb.

"Azərbaycan hökumətinin sorğusu əsasında məni Ukraynanın Xarkov şəhərində saxlayıblar, hal-hazırda polis idarəsinə gedirik", – o qeyd edib.

Daha sonra AXCP-nin mühacirətdə olan üzvləri B.Həsənlinin məhkəməyə çıxarılacağı barədə məlumat veriblər. Partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Adilovun sözlərinə görə, fəal ona qarşı irəli sürülən dələduzluq ittihamını qurama və əsassız sayır.

Siyasətçi Fuad Qəhrəmanlının sosial şəbəkədə yazdığına görə, "B.Həsənliyə saxta cinayət işi əsasında ittiham irəli sürülüb və ehtimal olunur ki, bu yolla onu Azərbaycana ekstradisiya edərək Ə.Kərimli ilə bağlı açılmış qondarma cinayət işinə qoşmaq istəyirlər".

Demokratik Qüvvələrin Milli Şurası B.Həsənlinin Ukraynada saxlanılmasını pisləyib. Qurumun yaydığı bəyanatda deyilir ki, o, Rusiyanın genişmiqyaslı işğalından sonra belə Ukraynanı tərk etməyərək bu ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib: "Belə bir şəxsin siyasi motivli ittihamlar əsasında Azərbaycana ekstradisiya olunması onun azadlığı, təhlükəsizliyi və fundamental hüquqları üçün ciddi risk yaradır".

Hələlik B.Həsənlinin Ukraynada hansı əsaslarla saxlanıldığı barədə rəsmi açıqlama verilməyib.

AXCP sədri Ə.Kərimli 2025-ci il noyabrın 29-dan həbsdədir. O və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş hərəkətlərdə ittiham olunurlar. Hər ikisi ittihamları rədd edir.

Hökumət mediası bu iki müxalifətçinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə açılmış cinayət işi ilə əlaqədar saxlanıldığını bildirib. R.Mehdiyev dövlətə xəyanət, dövlət hakimiyyətini zorla ələ keçirməyə yönəlmiş hərəkətlərdə və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasında ittiham olunur. Onun özündən və yaxınlarından bu ittihamlarla bağlı münasibət almaq mümkün olmayıb.

AXCP təmsilçiləri R.Mehdiyev ilə heç bir əlaqələrinin olmadığını vurğulayıblar.

Hazırda AXCP-nin 15-dən çox üzvü həbsdədir. Partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb.

Hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, indi Azərbaycanda 328 nəfər siyasi məhbus var.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması barədə deyilənlərlə razılaşmır və vurğulayırlar ki, adları siyasi məhbus siyahısında yer alan şəxslər törətdikləri cinayətə görə mühakimə ediliblər.