Avropa Parlamenti 'siyasi məhbusları buraxın' dedi. Milli Məclis cavab verdi

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan Avropa Parlamenti ilə əlaqələrini kəsdi (Arxiv videosu)

Avropa Parlamenti oktyabrın 8-də qəbul etdiyi qətnamədə Azərbaycan hakimiyyətini dinc tənqidçilərə, jurnalistlərə, insan hüquqları fəallarına, müxalifət liderlərinə və alimlərə qarşı təqiblərə son qoymağa çağırır. Qurum bütün siyasi məhbusları azadlığa buraxmağa, onlara qarşı cinayət ittihamlarını ləğv etməyə çağırır.

Qətnamədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin, sentyabrın 7-də 13 il həbsə məhkum edilmiş Anar Məmmədlinin və onunla birlikdə mühakimə olunaraq 12 il həbs cəzası kəsilmiş Anar Abdullayevin adları xüsusi qeyd olunur, onları dərhal və qeyd-şərtsiz azadlığa buraxmaq çağırışı yer alır. Qurum bu cinayət işlərini müxalifət nümayəndələrinə, jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı daha geniş repressiyaların tərkib hissəsi adlandırır, Azərbaycanda erməni məhbuslar daxil olmaqla, 300-dən çox siyasi məhbusun olduğunu vurğulayır.

Hazırda Azərbaycanda, Qarabağdakı separatçı rejimin keçmiş rəhbərləri də daxil olmaqla, 19 Ermənistan vətəndaşı saxlanılır. Onlar sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, soyqırımı, terrorçuluq və digər ağır əməllərdə təqsirli bilinərək müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər məhkəmə çıxışlarında ittihamları qəbul etməyərək özlərinə bəraət istəmişdilər.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi təqiblərin olmadığını, hər bir şəxsin konkret cinayət əməlinə görə cəzalandırıldığını bildirir.

Avropa Parlamenti vurğulayır ki, gələcəkdə Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında imzalanacaq hər hansı tərəfdaşlıq sazişində insan hüquqları və qanunun aliliyi sahəsində konkret irəliləyişlər, o cümlədən siyasi məhbusların azad edilməsi əsas şərt kimi qoyulmalıdır.

Qurum Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarından təəssüfləndiyini bildirir və tərəflər arasında əlaqələrin bərpasına çağırır.

Milli Məclis: “Etimadın bərpası yanaşmaların dəyişdirilməsini tələb edir”

Azərbaycan Milli Məclisi isə Avropa Parlamentinin bu qətnaməsini “qərəzli siyasi aksiya” kimi qiymətləndirərək vurğulayıb ki, “yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları” qəbul etmirlər.

Milli Məclis hesab edir ki, Avropa Parlamentinin insan hüquqları ilə bağlı problemlərə ayrı-seçkilik münasibəti ciddi suallar doğurur, belə qətnamələr qəbul edildiyi vaxtda "Avropa ölkələrinin özündə hüquq-mühafizə orqanları tərəfindən hədsiz güc işlədilməsi, dinc
toplaşmaq azadlığının məhdudlaşdırılması... ilə bağlı çoxsaylı problemlər qalmaqdadır”.

Avropa Parlamentinin Milli Məclislə əməkdaşlığı bərpa etmək çağırışına gəlincə, deputatlar bununla kəskin parlamentlərarası ixtilaflar doğuran sənədlərin qəbulu praktikası arasında ziddiyyəti vurğulayırlar:

“Etimadın bərpası deklarativ çağırışları deyil, yanaşmaların real surətdə dəyişdirilməsini, qarşıdurma ritorikasından əl çəkilməsini və parlamentlər arasında qarşılıqlı əlaqənin bərabərhüquqlu xarakterinin qəbul olunmasını tələb edir".

Onlar Azərbaycan həbsxanalarında bir çox şəxslərin “siyasi məhbus” adlandırılmasını da qəbul etmirlər.

Xatırlatma

Bu il mayın 1-də Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığı dayandırmaq barədə qərar qəbul edib. Bundan əvvəl Avropa Parlamentinin Ermənistanda demokratiyaya dəstəklə bağlı qəbul etdiyi qətnamədə Azərbaycanın adı bir neçə dəfə xatırlanmışdı. Həmin sənəddə Azərbaycanın erməni hərbi əsirləri "ədalətsiz" şəkildə saxladığı bildirilir, onların dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunurdu. Azərbaycan XİN qətnamədə yer alan "əsassız və qərəzli" müddəaları pisləmişdi.

Sentyabrın ortasında isə prezident İlham Əliyev Avropa Parlamentini "rüşvətxorlar yuvası" adlandırıb. AzadlıqRadiosuna danışan tənqidçilər bu sərt bəyanatların parlamentdə Azərbaycanla bağlı hazırlanan yeni qətnaməyə hazırlıq ola biləcəyini deyirdilər.