Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevralın 17-də keçmiş müstəntiq, hüquq müdafiəçisi Rüfət Səfərovun 2016-ci ildə rüşvət ittihamı ilə həbsindən verilmiş şikayət üzrə qərarını açıqlayıb.
Vəkil Fariz Namzlının bildirməsinə görə, ərizəçi saxta sübutlar əsasında məhkum edildiyini vurğulayıb. O qeyd edib ki, cinayət işi saxta sübutlara əsaslanaraq başlanılıb, həmin sübutlara etiraz, öz lehinə sübut təqdim etmək imkanı verilməyib, arqument və müraciətləri isə kifayət qədər əsaslandırılmadan rədd olunub.
AİHM Avropa Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququnun) 1 və 3-cü bəndlərinin pozuntusunu tanıyıb.
Məhkəmə mənəvi zərərə görə 4 min avro, məhkəmə xərclərinə görə 1 min avro kompensasiya müəyyən edib.
R.Səfərovun hüquqlarını Yalçın İmanov, Bəhruz Bayramov və Fariz Namazlı müdafiə edib.
Bu qərara Azərbaycanın cavabdeh rəsmi qurumlarının münasibəti bəlli deyil.
R.Səfərov 2015-ci ilin dekabrında Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışarkən bəyanatla bu sistemdə işləmək istəmədiyini açıqlayandan sonra rüşvət ittihamı ilə həbs olunmuşdu. Ona 9 il həbs cəzası kəsilsə də, 2019-cu ilin martında əfv sərəncamı ilə azadlığa buraxılmışdı.
R.Səfərov 2019-cu ildə həbsdən çıxdıqdan yenidən həbs edilənə kimi hüquq müdafiəçisi kimi fəaliyyət göstərib.
Xatırlatma
Hüquq müdafiəçisi R.Səfərov 2024-cü il dekabrın 3-dən yenidən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub. O, indi də ittihamı qəbul etmir.
R.Səfərov həbs olunan ərəfədə onun ABŞ-yə səfəri nəzərdə tutulmuşdu. 2024-cü il dekabrın 10-da – Beynəlxalq İnsan Hüquqları Günündə, Vaşinqtonda ABŞ Dövlət Departamenti dünya üzrə bir neçə hüquq müdafiəçisini mükafatlandırmışdı. Onların arasında R.Səfərov da vardı. Mükafatları odönəmki dövlət katibi Antoni Blinken təqdim etmişdi.
R.Səfərov həbsdə olduğundan tədbirə qatılmadığı üçün Blinken onun mükafatını oradakı boş stula qoyub. Dövlət katibi çıxışında Azərbaycanda ictimai-siyasi fəalların, o cümlədən R.Səfərovun həbsindən də söz açıb.
Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə həbs olunmadığını iddia edirlər. Rəsmilərin fikrincə, Azərbaycanda siyasi məhbus siyahılarına salınan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Buna da bax: Rüfət Səfərov: 'Heç olmasa, həqiqəti üzə çıxarmağa imkan verin, sizdən başqa gözləntim yoxdur'