Aİ israilli məskunları cəzalandırır. İsrail: 'Bu qəbuledilməzdir'

İordan çayının qərb sahilindəki Maale Adumim yəhudi məskəni fonunda dalğalanan İsrail bayrağı.

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri İordan çayının qərb sahilində yaşayan bir qrup israilli məskun və onları dəstəkləyən təşkilatlara sanksiya tətbiqini dəstəkləyib. "Reuters" agentliyinin məlumatına görə, qərar rəsmiləşdirilmək üzrədir.

Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas bildirib ki, sanksiyalar zorakılıq aktlarında iştirak edən şəxsləri hədəf alır.

Eyni zamanda, ABŞ və Aİ tərəfindən terror təşkilatı kimi tanınan HƏMAS qruplaşmasının bir sıra yüksəkvəzifəli üzvünə də sanksiyalar tətbiq olunacaq. Blokun anonim rəsmisi "The Times of Israel"ə deyib ki, HƏMAS-a qarşı sanksiyalar bəzi Aİ ölkələrinin əsas şərti olub – həmin ölkələr bu addım olmadan israilli məskunlara sanksiyaları dəstəkləməyəcəkdi.

İsrailli məskunlara qarşı sanksiyalar layihəsi bir müddət əvvəl hazırlansa da, Macarıstanın Viktor Orban hökuməti dövründə bloklanıb. Budapeştdə yeni hökumət formalaşdıqdan sonra sanksiyalar təsdiqlənib.

Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib: "Avropa İttifaqı bu gün İordan çayının qərb sahilində ekstremist və zorakı məskunlaşma fəaliyyətini dəstəkləyən əsas israilli təşkilatlara və onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq edir. Bu son dərəcə ağır və qəbuledilməz hərəkətlər dərhal dayandırılmalıdır".

Siyahıya yeddi fiziki şəxs və təşkilatın salınacağı gözlənilir. Texniki prosedurlar davam etdiyi və Aİ Şurası qərarı hələ formal təsdiqləmədiyi üçün adlar açıqlanmır.

İsrailin cavabı

İsrailin xarici işlər naziri Gideon Saar Aİ-nin qərarını tənqid edərək bildirib ki, israilli vətəndaşlar siyasi baxışlarına görə cəzalandırılır. O, məskunların fəaliyyətinin qanuni olduğunu vurğulayıb və onların HƏMAS təmsilçiləri ilə eyniləşdirilməsini "qəbuledilməz" adlandırıb.

Aİ isə qeyd edir ki, sanksiyalar bütün məskunlara deyil, yalnız fələstinlilərə qarşı zorakı əməllərdə adı çəkilən şəxslərə yönəlib.

İordan çayının qərb sahilində təxminən 500 min yəhudi məskun yaşayır və onların sayı ildən-ilə artır. BMT-yə üzv ölkələrin əksəriyyəti bu ərazini gələcək Fələstin dövlətinin tərkib hissəsi hesab edir və İsrailin işğalını tanımır. Ərazidə israillilərlə fələstinlilər arasında zorakı toqquşmaların sayı da artmaqdadır. Məskunlaşma məsələsi Yaxın Şərq sülh prosesinin əsas mübahisə mövzularından biri olaraq qalır.