Yermak cinayət işi üzrə şübhəli şəxs elan edilib

Andriy Yermak və Volodimir Zelenski

Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) prezident administrasiyasının keçmiş rəhbəri Andriy Yermakı "Midas" əməliyyatı çərçivəsində cinayət işi üzrə şübhəli şəxs elan edib.

NABU-nun məlumatına görə, Kiyevdə elit yaşayış komplekslərinin tikintisi zamanı 460 milyon qrivnanın (10.5 milyon ABŞ dolları) qanunsuz leqallaşdırılmasında iştirak edən cinayətkar qrup ifşa olunub. Yermak həmin qrupun üzvlərindən biri kimi göstərilir.

Mayın 11-də Ukrayna mediası NABU əməkdaşlarının Yermakın da daxil olduğu istintaq hərəkətləri apardığını bildirib. "Ukrainska Pravda", "Sxemı" və deputat Yaroslav Jeleznyakın mənbələri bu barədə məlumat yayıb. Yermakla əlaqəli ünvanlarda axtarışlar aparılıb. "Sxemı" yazır ki, Yermakın SAP prokuroru Valentina Qrebenyukla birlikdə avtomobildə göründüyü foto və videolar yayılıb.

Bir mənzili və bir avtomobili olduğunu deyən Yermak kimdir

Jurnalistlərin suallarını cavablandırmaqdan imtina edən Yermak yalnız bir mənzili və bir avtomobili olduğunu bildirib.

A.Yermak 2020-2025-ci illərdə Ukrayna Prezident Administrasiyasına rəhbərlik edib. O, prezident Volodimir Zelenskinin ən yaxın müttəfiqlərindən biri və ölkənin ən nüfuzlu simalarından sayılıb. 2025-ci ilin noyabrında "Energoatom" ətrafındakı korrupsiya qalmaqalı səbəbi ilə istefa verib.

İstefasından sonra Yermak cəbhəyə yollanacağını demişdi. Bu ilin martında isə onun Ukrayna Milli Vəkillər Assosiasiyası nəzdində yaradılmış, Ukraynaya qarşı silahlı təcavüzdən zərərçəkənlərin müdafiəsi üzrə komitəyə rəhbərlik etdiyi məlum olub.

"Mindiç lentləri"

NABU və SAP əvvəllər bildirib ki, "Midas" əməliyyatı çərçivəsində yüksəkvəzifəli məmurların və onlarla əlaqəli iş adamlarının daxil olduğu bir sıra irimiqyaslı korrupsiya sxemləri ifşa edilib. İstintaqın versiyasına görə, sxemin təşkilatçıları biznesmen Timur Mindiç və maliyyəçi Oleksandr Tsukermandır. Mindiç prezident Zelenskinin "Kvartal 95" layihəsi üzrə keçmiş tərəfdaşıdır.

Timur Mindiç və Oleksandr Tsukerman

NABU işə digər yüksəkvəzifəli rəsmilərin, o cümlədən nazirlər səviyyəsində şəxslərin də cəlb olunduğunu bildirir. İstintaqın versiyasına əsasən, Mindiç 2025-ci ildə keçmiş energetika naziri Qerman Qaluşşenkoya və keçmiş müdafiə naziri Rustem Umerova təsir göstərib. Qaluşenko vəzifəsindən uzaqlaşdırılıb, Umerov isə bu yaxınlarda dindirilib.

İş üzrə dinlənilən telefon danışıqlarında – "Mindiç lentləri"ndə – hüquq-mühafizə orqanlarına gizli tapşırıqlar verən "Əli-Baba" ləqəbli şəxsin adı çəkilir. İstintaqçılar bu şəxsin A.Yermak ola biləcəyini istisna etmir.

Son zamanlar mediada uzaqmənzilli "Flaminqo" raketlərinin istehsalçılarından biri olan "Fire Point" şirkəti ilə bağlı olduğu deyilən yeni səs yazıları da yayımlanıb. "Şirkətin həmtəsisçisi Denis Ştilerman hər hansı bir qanun pozuntusuna yol verdiyini rədd edir. O, səs yazılarının onu nüfuzdan salmaq məqsədilə qəsdən montaj edildiyini bildirib.

Yermaka qarşı irəli sürülən ittihamların təfərrüatları hələ açıqlanmayıb. Lakin NABU-nun bəyanatında "Midas" əməliyyatına istinad edilməsi ittihamın Mindiçin fəaliyyəti ilə əlaqəli olduğunu göstərir.