Ukraynada keçmiş deputat qiyabi olaraq 15 il həbsə məhkum edilib

Andrey Derkaç

Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi Ali Radanın ölkədən qaçmış keçmiş deputatı Andrey Derkaçı dövlətə xəyanət və qanunsuz varlanma ittihamları ilə qiyabi olaraq 15 il azadlıqdan məhrum edib. Xəbəri AzadlıqRadiosunun Ukrayna xidməti yayıb.

İstintaqın məlumatına görə, Derkaç 2019-2020-ci illərdə Moskvada Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin (QRU) nümayəndələri ilə mütəmadi görüşüb, daha sonra Ukraynanı nüfuzdan salmaq məqsədilə mətbuat konfransları keçirib.

İddialara görə, Derkaç Rusiya xüsusi xidmət orqanlarından azı 567 min ABŞ dolları alıb, bu vəsaiti Ukraynaya informasiya hücumları təşkil etmək üçün istifadə edib.

Andrey Derkaç Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş rəhbəri Leonid Derkaçın oğludur. Leonid Derkaç Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından az əvvəl vəfat edib.

Rusiyadan qaçıb, Həştərxandan senator təyin edilib

Andrey Derkaç 2022-ci ildə Rusiyaya qaçıb. 2023-cü ildə isə Ukrayna Prezidenti Volodimir Zelenski onu Ukrayna vətəndaşlığından məhrum edib.

2024-cü ilin sentyabrında Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Derkaçı həmin regiondan federasiya senatoru təyin edib.

ABŞ 2020-ci ildə Derkaça sanksiyalar tətbiq edib. Buna səbəb onun Ukraynanın keçmiş prezidenti Petro Poroşenko ilə ABŞ-nin keçmiş vitse-prezidenti Co Bayden arasında olduğu iddia edilən telefon danışığının audioyazılarını yayımlaması olub.

Həmin yazıların Derkaçın əlinə necə keçdiyi rəsmən açıqlanmayıb. Yazıların həqiqiliyini nə Poroşenko, nə də həmin vaxt Donald Trampla prezident seçkilərində rəqabət aparan Baydenin nümayəndələri təsdiqləyib.

ABŞ Maliyyə Nazirliyinin sənədlərində "Derkaç lentləri" "redaktə edilmiş" materiallar kimi qiymətləndirilir. Amerika hakimiyyətinin bildirdiyinə görə, bu materiallar "ABŞ rəsmilərini nüfuzdan salmaq, Amerika və beynəlxalq siyasətçilərə əsassız ittihamlar irəli sürmək məqsədilə" yayımlanıb.

Derkaç iddia edib ki, həmin yazıları şəxsən Petro Poroşenko qeydə alıb və ona təhqiqatçılardan biri vasitəsilə çatdırılıb.

ABŞ Dövlət Departamenti Derkaçı "Rusiya xüsusi xidmət orqanları ilə sıx əlaqələr saxlayan fəal Rusiya agenti" adlandırıb.