ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Ukraynaya "Patriot" hava hücumundan müdafiə (HHM) sistemləri üçün raket istehsalı lisenziyası verəcəyini açıqlayıb.
"Bu oğlan (Zelenski) daha bizdən kifayət qədər raket almadığı barədə şikayətlənməyəcək. Özünüz istehsal edin!", –Tramp əlavə edib.
İyulun 8-də günorta saatlarında Tramp və Zelenski Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində bir araya gəliblər. Görüşün qrafikinə əsasən, danışıqlara bir saat vaxt ayrılıb.
Ukrayna dövlət başçısı daha əvvəl bildirmişdi ki, amerikalı həmkarı ilə HHM sisteminin gücləndirilməsini, xüsusilə də "Patriot" raketlərinin tədarükünü müzakirə etmək niyyətindədir. Zelenski son günlər vurğulayırdı ki, Rusiyanın ballistik raketlərini vura biləcək yaxalayıcı raketlərin çatışmazlığı Kiyevə endirilən son zərbələr zamanı çoxsaylı insan itkisinə səbəb olub.
Kiyevin Rusiya neft emalı zavodlarına hücumları barədə sualı cavablandıran Tramp bildirib ki: "Bu, gərginliyin artması olsa da, eyni zamanda müharibənin sonunu yaxınlaşdırmağa kömək edə bilər".
NATO bu il Ukraynaya 70 milyard avro ayırmağı öhdəsinə götürdü
Ankara sammitində NATO liderləri 2026-cı ildə Ukraynaya hərbi yardım və təlimlər üçün 70 milyard avro ayrılacağını bəyan ediblər. Bu öhdəlik sammitin yekun bəyannaməsində rəsmən təsbit olunub.
Sənəddə Ukraynanın Avro-Atlantik təhlükəsizliyinə mühüm töhfə verdiyi vurğulanır, müttəfiqlərin isə ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyünə "sarsılmaz" dəstəyi ifadə olunur. Eyni zamanda, NATO ölkələri 2027-ci ildə də Kiyevə hərbi yardımı ən azı indiki səviyyədə saxlamaq niyyətindədirlər.
Bəyannaməyə görə, Kiyevə hərbi dəstəyin əsas maliyyə yükünü artıq avropalı müttəfiqlər və Kanada qarşılayır. Alyans həmçinin Avropa İttifaqının "Ukraine Support Loan" mexanizmi vasitəsilə Ukraynaya çoxillik maliyyə dəstəyi vermək qərarını alqışlayıb.
Sammit iştirakçıları bir daha bəyan ediblər ki, Rusiya Avro-Atlantik təhlükəsizlik üçün uzunmüddətli təhdiddir.
NATO liderləri ümumi dəyəri 50 milyard dollardan çox olan yeni hərbi satınalma proqramını da elan ediblər. Tərəflər birgə silah istehsalını genişləndirmək, habelə raketdən müdafiə sistemləri, pilotsuz uçuş aparatları və süni intellekt kimi müasir hərbi texnologiyaların inkişafını sürətləndirmək barədə razılığa gəliblər.