Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli deyir ki, 2 il yarım öncə həbs olunanda evindən götürdükləri kompüteri indiyədək qaytarmayıblar. Onun sözlərinə görə, kompüterin içində övladlarının fotoları, ailə şənliklərinə aid videolar, elektron ədəbi əsərlər və s. vardı.
“Mən 2 min dollara yaxın pul xərcləyib, elektron formada ədəbiyyatlar almışdım. Nadir əsərlərdən sayılır. Kompüterimdə öz fəaliyyətimə aid illərlə topladığım arxivim vardı. Əvvəl istintaq gedirdi, başa düşdüm. Hökm də çıxıb, niyə qaytarılmır?”, – A.Məmmədli oktyabrın 26-da məhkəmədə kompüterinin qaytarılması barədə vəsatət qaldırıb.
A.Məmmədlinin 13 il, onunla birlikdə mühakimə olunan ictimai fəal Anar Abdullanın isə 12 il azadlıqdan məhrum edilməsi barədə hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.
Zalda pəncərələr açıq olduğu üçün vəsatət təmin olunmayıb
Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyilə keçirilən ilkin iclasda bir sıra məsələlərin araşdırılması üçün vəsatətlər qaldırılıb. Vəkil Elçin Sadıqov A.Məmmədli və A.Abdullanın məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb, vəkillərinin yanında əyləşməsini istəyib. Lakin buna razılıq verilməyib. Arqument də belə olub ki, məhkəmə zalındakı pəncərələr açıqdır. Yəni onların qaçmaq ehtimalı ola bilər.
Sizin brauzer HTML5-i dəstəkləmir
Əli Kərimli, Anar Məmmədli azadlığa çıxa bilərmi? - Avropadan çağırışa cavab
Cinayət işində bir sıra sənədlər var ki, vəkil onların sübut kimi qiymətləndirilməsinə etiraz edib. Deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində də bu məsələni qaldırıblar, amma əhəmiyyət verilməyib: “O sənədlərə müdafiə tərəfinin iştirakı olmadan baxış keçirilib, bu da qanunsuzdur və etibarsız sayılır, sübut kimi qəbul edilə bilməz”.
Bu vəsatət də təmin olunmayıb.
A.Məmmədlinin kompüterinin qaytarılması barədə vəsatətə də “yox” deyilib.
Vəkillər hüquqlarını müdafiə etdikləri şəxslərin məhkəmənin yekun qərarına qədər ev dustaqlığına buraxılması, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (ekspertin dindirilməsi, əlavə sübutların araşdırılması və s.) baxılması haqda da vəsatətlər qaldırıb. Ancaq bu vəsatətlərin də heç biri təmin olunmayıb.
Məhkəmə baxışı noyabrın 2-nə təyin edilib.
Xatırlatma
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 2024-cü il aprelin 29-dan həbsdədir. Ona qarşı öncə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaqın sonunda qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. maddələrlə ittiham ağırlaşdırılıb.
İstintaqın sonunda Anar Abdullaya da eyni maddələrlə ittiham verilib, lakin onun haqqında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Bir müddət sonra isə A.Abdulla da həbs edilib.
A.Məmmədli 2013-cü ilin dekabrında həbs olunmuş, 2016-cı ilin martında əfv sərəncamı ilə azadlığa buraxılmışdı. Həbsdə olduğu dövrdə Vatslav Havel mükafatına layiq görülüb.
Hüquq müdafiəçilərinin son hesabatına görə, hazırda Azərbaycanda 322 siyasi məhbus var.
Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını bildirir. Onlar iddia edir ki, həbs olunanlar konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edilib.