'Human Rights Watch' Anar Məmmədlinin hökmü ilə bağlı beynəlxalq qurumlara çağırış etdi

Hüquq müdafiəçisi Anar Məmmədli

"Human Rights Watch" insan haqları təşkilatı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. Qurum insan haqları müdafiəçisi və seçki müşahidəçisi A.Məmmədlinin ədalətsiz mühakimədən sonra təqsirli bilindiyini bildirir. Onunla eyni iş üzrə mühakimə olunan vətəndaş cəmiyyəti fəalı Anar Abdullaya isə 12 il həbs cəzası verilib.

Qurumun Avropa və Mərkəzi Asiya bölməsinin direktor müavini Giorgi Qogiya qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi A.Məmmədlini siyasi motivli sayılan valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, vergidən yayınma, çirkli pulların yuyulması və sənədlərin saxtalaşdırılması ittihamları üzrə təqsirli bilib.

"Məhkəmə prosesi ədalətli mühakimə ilə bağlı ciddi narahatlıqlar doğurur. Məhkəmə müdafiə tərəfinin ittihamın sübutlarının ətraflı araşdırılması, əsas şahidlərin açıq məhkəmə iclasında dindirilməsi, iş materiallarındakı ziddiyyətlərin nəzərdən keçirilməsi barədə vəsatətlərini dəfələrlə rədd edib. Məmmədlinin girov müqabilində azadlığa buraxılması ilə bağlı müraciətlər də dəfələrlə təmin olunmayıb", – G.Qogiya yazır.

O, A.Məmmədlinin Azərbaycanda fəaliyyət göstərən yeganə müstəqil seçki monitorinqi təşkilatına rəhbərlik etdiyini, 20 ildən artıqdır seçki prosesini izləyərək seçki pozuntularını sənədləşdirdiyini vurğulayır.

"Siyasi və iqtisadi əlaqələri insan hüquqları hesabına möhkəmləndirmək olmaz"

"Human Rights Watch" Məmmədliyə hökmün Azərbaycanda müstəqil vətəndaş cəmiyyətinə, mediaya təzyiqlərini gücləndiyi vaxta düşdüyünü vurğulayır. Toplum TV ilə əməkdaşlıq edən doqquz jurnalist və media işçisi iyulda məhkəmənin qərarı ilə 12 ildən 15 ilədək azadlıqdan məhrum olunub. 2025-ci ildə isə "AbzasMedia" jurnalistlərinə 9 ilədək həbs cəzası verilib.

"Azərbaycanın beynəlxalq tərəfdaşları açıq şəkildə bildirməlidirlər ki, siyasi və iqtisadi əlaqələri insan hüquqları hesabına möhkəmləndirmək olmaz. Onlar Məmmədli və Abdullanın dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etməlidirlər. Avropa Şurası Azərbaycandan siyasi motivli cinayət təqibləri və birləşmək azadlığı ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının tam icra olunmasını, oxşar pozuntuların qarşısının alınması üçün isə zəruri hüquqi və institusional islahatların aparılmasını tələb etməlidir", - G.Qogiya bildirir.

Hakimiyyət təmsilçiləri indiyədək oxşar tənqidləri rədd edib, beynəlxalq qurumları qərəzli mövqe tutmaqda suçlayıb. Rəsmilər ölkədə siyasi motivli təqiblər olmadığını deyir, hər bir şəxsin konkret cinayətə görə cəzalandırıldığını bildirir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Anar Məmmədli:"Soruşdu ki, "Google" kimdir?"

8 sentyabr

Amnesty International: 'Prezident ailəsinin maraqlarına qarşı çıxanlar sərt cəzalandırılır'

"Amnesty International" insan haqları təşkilatı hüquq müdafiəçisi Anar Məmmədlinin törətmədiyi cinayətlərə görə 13 illik həbsə məhkum edildiyini bildirir. Qurumun Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers deyib ki, A.Məmmədli barəsində hökm "ToplumTV işi" üzrə uzunmüddətli həbs cəzalarına məhkum edilən doqquz təqsirləndirilənə qarşı rəftarın təkrarıdır.

"Bu hökmlər göstərir ki, hökumətin sui-istifadə hallarını ifşa edən, prezident İlham Əliyevin ailəsinin maraqlarına qarşı çıxan jurnalistlər və digər tənqidçilər sərt cəzalandırılır", – M.Strazers vurğulayıb.

Bəyanatda Azərbaycan hakimiyyətinin 2009-cu ildən bəri tənqidçi QHT-lərə və müstəqil media orqanlarına məhdudiyyətləri sərtləşdirdiyi vurğulanır. "Amnesty International" Azərbaycanın beynəlxalq tərəfdaşlarını bu getdikcə güclənən repressiyalara göz yummamağa, enerji və iqtisadi əməkdaşlığı insan haqlarından üstün tutmamağa çağırır.

İnsan haqları təşkilatı A.Məmmədlini və insan haqlarından dinc istifadəyə görə məhkum olunmuş digər şəxsləri dərhal və qeyd-şərtsiz azad etməyə çağırır.

Məmmədli məhkəməni "siyasi tamaşa" adlandırıb

Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədliyə 13 il, onunla birlikdə mühakimə olunan ictimai fəal Anar Abdullaya isə 12 il həbs cəzası kəsib. Onlar qaçaqmalçılıq, cinayət yoluyla əldə edilmiş vəsaitlərin leqallaşdırılması, qanunsuz sahibkarlıq və s. əməllərdə təqsirli bilinib. Saxta sənəd hazırlama və istifadə ittihamına isə xitam verilib. A.Məmmədli son sözündə siyasi sifarişlə həbs olunduqlarını vurğulayaraq məhkəmə prosesini "siyasi tamaşa" adlandırıb. Hüquq müdafiəçisi bildirib ki, məhkəmədə faktiki heç bir araşdırma aparılmayıb.

"ToplumTV işi" üzrə iyulda hökm çıxarılıb, oxşar ittihamlarla təqsirləndirilən jurnalist və fəallara 12 ildən 15 ilədək həbs cəzası verilib. Bu iş üzrə təqsirləndirilənlər də ittihamları siyasi motivli sayırlar.

Hüquq müdafiəçilərinin hesabatına görə, hazırda Azərbaycanda 328 siyasi məhbus var.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını bildirirlər. Onların iddiasına görə, həbs edilən şəxslər konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar.

Amma bir sıra beynəlxalq insan haqları qurumları, AŞPA, Avropa Parlamenti də Azərbaycanı siyasi təqibləri dayandırmağa çağırıb.