Azərbaycanda hakimiyyət hər növ narazılığı boğur, yüzlərlə insan əsassız və siyasi motivli ittihamlarla həbsdədir. Müstəqil QHT-lər ciddi məhdudiyyətlərlə üzləşir. Dinc etirazlar yatırılıb. İşgəncə, digər pis rəftar halları, cəzasızlıq geniş yayılıb. Qadınlar və LGBTI+ şəxslər diskriminasiya, gender əsaslı zorakılıq və dövlət qısnaması ilə üzləşirlər. Bunu "Amnesty International" beynəlxalq insan haqları təşkilatı aprelin 21-də açıqladığı illik hesabatında bildirir.
Hesabatda deyilir ki, Azərbaycanda insan hüquqlarının durumun pisləşməsinə baxmayaraq, ölkə ABŞ və Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirib. Ötən ilin avqustunda ABŞ-nin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan sülh sazişini paraflayıb, məqsəd Dağlıq Qarabağ münaqişəsinə son qoymaqdır.
300-dən çox tənqidçi qondarma ittihamla həbsdədir
"Amnesty International" Şərqi Avropa və Orta Asiya regionunda ifadə azadlığı hüququnun getdikcə daha çox təzyiqə məruz qaldığını, tənqidi səslərə "ekstremist", "xain" və "xarici agent" damğası vurulduğunu qeyd edir. Azərbaycanda 300-dən çox tənqidçinin qondarma və siyasi motivli ittihamlarla həbs olunduğu, onlarla şəxsə ölkədən çıxış qadağası qoyulduğu və qalan müstəqil media qurumlarının da bağlandığı bildirilir. 30-dək media işçisinin qondarma ittihamlarla həbsdə olduğu qeyd edilir.
Ötən il ölkədə QHT-lərlə bağlı 2014-cü ilə aid işin yenidən açıldığı, reydlər keçirildiyi, həmkarlar ittifaqları və müstəqil təşəbbüs qruplarının hədəf alındığı deyilir.
Hesabatda həmçinin ötən il Azərbaycanda BBC-nin Azərbaycan xidmətinin və "Turan" informasiya agentliyinin fəaliyyətinin dayandırıldığı, azı 40 vətəndaş cəmiyyəti fəalı və jurnalistə öncədən xəbərdarlıq edilmədən ölkədən çıxış qadağası qoyulduğu vurğulanır.
Azərbaycanda əsas insan haqları pozuntuları kimi saxlanma zamanı işgəncə və pis rəftar, həbsdə təkadamlıq kameralara salınma və tibbi xidmətdən imtina halları göstərilir.
Ombudsman ötən il etiraz etmişdi
Azərbaycan hakimiyyəti bu hesabatı hələlik şərh etməyib. Ancaq indiyədək oxşar hesabatlarda deyilənləri təkzib edib, beynəlxalq insan haqları qurumlarını qərəzli mövqedə ittiham edib. Hakimiyyət təmsilçiləri ölkədə təməl insan haqlarının qorunduğunu bildirir.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva qurumun ötənilki hesabatında ölkəsi ilə bağlı hissənin həqiqəti əks etdirmədiyini bildirmişdi. O, qurumun baş katibi Anyes Kallamara açıq etiraz məktubunda yazırdı ki, hesabatda Azərbaycanla bağlı hissədə birtərəfli, qərəzli məlumatlar yer alıb.