Azərbaycan 2002-ci ildən bəri təməl azadlıqlarla bağlı "qeyri-azad" statusunu saxlayıb və son 20 ildə 100 ballıq şkala üzrə xalı 33-dən 6-ya düşüb. Bunun səbəbi hakimiyyətin vətəndaş azadlıqlarına basqıları gücləndirməsidir. Bunu ABŞ-də yerləşən "Freedom House" insan haqları təşkilatı martın 19-da açıqladığı "Dünyada azadlıq 2026: Avtokratiyanın böyüyən kölgəsi" adlı hesabatında bildirir.
2023-cü ildə Azərbaycan 100 xaldan 7 yığmışdı. 33 xal isə 2005-ci ilə aiddir.
Avtoritar idarəçilik möhkəmləndirilir
Hesabatda Azərbaycanda jurnalistlər, insan haqları fəalları, siyasi müxalifət üzvlərinin uydurma ittihamlarla həbs və təqibə məruz qaldığı, ədalətsiz məhkəmə prosesləri ilə mühakimə olunduqları deyilir.
"Freedom House" qeyd edir ki, 2006-ci ildən bəri Azərbaycanda mərkəzdə prezident İlham Əliyev və geniş ailəsi durmaqla avtoritar idarəçiliyin davamlı möhkəmləndirilməsi gedir. 2003-cü ildə atasını prezident postunda əvəzləyən Əliyev konstitusiyaya dəyişikliklər etməklə prezident idarəçiliyini genişləndirib, prezidentlik müddətinə məhdudiyyətləri qaldırıb. Ölkədə müstəqil məhkəmə və müstəqil medianın olmaması korrupsiyanın yayılmasına rəvac verib, Əliyev ailəsi dövlət aktivləri ilə şəxsi sərvəti kimi davranıb.
Hesabatda deyilir ki, Azərbaycandakı kimi avtoritar rejimlər öz siyasi dominantlığını saxlamaq üçün dövlət qurumlarından, dövlət resurslaından sui-istifadə edir, korrupsioner himayə şəbəkələrinə bel bağlayır. Məsələn, Əliyevlərin dövlət neft şirkətindən (SOCAR) səxavət kisəsi kimi istifadə etdiyi, rejimə yaxın şirkətlərə, fərdlərə cəlbedici kontraktlar və vəzifələr verdiyi vurğulanır.
Hakimiyyətin mövqeyi
Hakimiyyət təmsilçiləri hələlik bu hesabata münasibət açıqlamayıblar. Ancaq indiyədək oxşar beynəlxalq tənqidlər rədd edilib, ölkədə təməl hüquq və azadlıqların tam təmin olunduğu vurğulanıb.
Prezident İlham Əliyev ötən il deyirdi ki, "Freedom House" daxil, bir sıra insan haqları qurumları tamamilə fəaliyyətsiz hala gətirilməlidir. O, dəfələrlə Azərbaycanın bu qurumların qarayaxma kampaniyaları ilə üzləşdiyini iddia edib.
"Freedom House" hesabatında bildirir ki, 2025-ci ildə hərbi çevrilişlər, dinc etirazçılara qarşı zorakılıq, konstitusiya təminatlarını zəiflətmək cəhdləri qlobal miqyasda azadlıqlarda geriləməyə səbəb olub. Bu geriləmə 20 ildir ardıcıl davam edir. Ümumilikdə 54 ölkədə siyasi hüquqlar və vətəndaş azadlıqlarında pisləşmə, cəmi 35-də yaxşılaşma baş verdiyi vurğulanır. Bu gün dünya əhalisinin cəmi 21 faizi azad ölkələrdə yaşayır. 20 il qabaq onların sayı 46 faiz idi.
Ermənistan və Gürcüstan "qismən azad ölkələr" sırasında yer alıb.