►Hamının adamı var, heç kimin insanı yoxdu...
Amil Məmibəyli
***
Yağış yağandan sonra cücərib çıxan otlar
torpağın tüklərinin biz-biz durmasıdı idi,
amma sən bunu görmürdün.
Səssizliyin himni səsləndikcə
günəş ayağa qalxırdı,
amma sən bunu hiss etmirdin.
Göydən düşən meteoritlər
Allahın bizi şeytan sanıb
bizə atdığı böyük daşlar idi,
bizsə onların ətrafına yığışıb bütləşdirdik.
Ömürlük həbs olunan gənc məhbus
hardan biləydi ki
bu dörd divar arxasında o,
yüz ildən çox ömür sürəcək
və bir gün ölüm əfv eləyəcək onu ancaq.
Ən böyük arzularım ən kiçik arzularımdı, doktor,
amma dünyanın ən varlı adamının
mırta aldığı lotereyada
cekpotu udması kimi bir şeydi ilahi ədalət.
"Tarix yazmaq üçün
tarixi yaxşımı bilmək lazımdı?" deyə
müəllimdən soruşan şagird
bilmirdi ki,
cəsarət heç vaxt tədris olunmur.
Eh doktor, nə bilirsən axı sən? Nə bilirsən?
Onu bil ki əsas,
pilləkanı olan adamlar bir yerə,
nərdivanı olanlarsa hər yerə qalxa bilər,
amma onu da bil ki,
qalxmaq üçün nərdivana arxa lazımdı, dayaq.
Bir sözlə, doktor...
Zaman heç vaxt anlamayacaq ki
qaçmağın bir faydası yoxdu,
onsuz da o heç vaxt çatmayacaq
çatmalı olduğu yerə və inan mənə, doktor,
bir gün hər şey tərsinə çönəcək
və bir gün sizə də deyəcəklər,
"dərindən nəfəs al, nəfəsini saxla".
***
Azadlığın radiosu, meydanı,
qəzeti, prospekti, metrosu, hətta qadın heykəli də oldu,
amma özü olmadı.
***
Nə qəribə fizioloji yaradılışı var insanın.
Birisi qollarının qatlanacağı yerdən
gücünü göstərərkən
birisi ayaqlarının qatlanacağı yerdən
diz çökür, ilahi.
***
Hamının adamı var,
heç kimin insanı yoxdu.
Bəlkə də başqasının həyatını həyata keçirməkdi həyat.
***
Ağ kəfənli meyitlər
ağa bələnmiş heykəl tək Allahın o dünyada açılışın etdiyi heykəlmiş. Meyitlərsə çürüyüb
uçurdulan heykəl tək zamanın Allaha qarşı törətdiyi inqilab,
təxribatmış sən demə.
***
Elə insanlar var ki
ürəklərinin dediyini
nəyinki dilləri səhv dublyaj edir
hətta sinxron olaraq
dodaqlarıyla belə üst-üstə düşmür.
***
Deyirlər yumruq boyda olur ürəklər. İçdən döyüb adamı, vurur,vurur öldürənə kimi.
***
Bu zəng çölə vuruldu, içəri deyil təəssüf. Şagirdlər yox həkimlər qışqırdılar,tənəffüs.
***
Yağ ey, ağ qar, çoxlu yağ. Topsuz uşaqların
qartopusu kimi, adamı olmayanların
qaradamı kimi yağ.
***
Bir gün qalib edib bir əlini, o biri günsə təslim edib hər iki əlini qaldırarlar.
***
Bir gün ən faydalı qazıntılarla
bəzədiyin bədəninin hissələrini
ən faydasız qazıntı kimi tapacaqlar.