Azərbaycan ölkədən çıxışa qadağaya görə təzminat ödəyəcək

Sizin brauzer HTML5-i dəstəkləmir

Məcəllədə yoxdur, sərhəddə var – Avropa Məhkəməsi şahidləri haqlı saydı

Avqustun 25-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycana qarşı daha bir qərar elan edib. Bu qərar üzrə şikayətlər ölkədən çıxışa qoyulan məhdudiyyətlərlə bağlıdır.

Bu iş üzrə ərizəçilər fərqli cinayət işləri üzrə məsuliyyətə cəlb edilib, əvvəlcə onlar barəsində həbs qətimkan tədbiri seçilib, daha sonra polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Şikayətlərə görə, 2015-ci ildən həmin cinayət işləri üzrə hər hansı istintaq hərəkətləri aparılmayıb, ərizəçilərin də ölkədən çıxışına məhdudiyyət aradan qaldırılmayıb.

AHİM hesab edib ki, işin müəyyən mürəkkəbliyə malik olması cinayət icraatının 10 ildən artıq davam etməsinə haqq qazandıra bilməz. Uzun illər cinayət məsuliyyətinə cəlb edilmək təhlükəsi və polis nəzarəti altında qalmaq ərizəçiləri gələcəkləri ilə bağlı davamlı qeyri-müəyyən vəziyyətdə saxlayıb.

Məhkəmə cinayət icraatının müddətini həddindən artıq hesab edərək Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin – işə ağlabatan müddətdə baxılması hüququnun pozulduğunu müəyyən edib.

Buna da bax:

İnanc və azadlığın kəsişmə nöqtəsi: Sözün hüdudları harada bitir?

AİHM hesab edib ki, bu qədər uzunmüddətli məhdudiyyət qeyri-mütənasibdir və dövlətin ümumi maraqları ilə şəxslərin hərəkət azadlığı arasında ədalətli tarazlıq təmin edilməyib.

Nəticədə məhkəmə həmçinin, 4 saylı Protokolun 2-ci maddəsinin – hərəkət azadlığı və ölkəni tərk etmək hüququnun pozulduğunu müəyyən edib.

Ərizəçilər

Bu iş üzrə ərizəçilər Əli Alışov, Adil HüseynovBəhmən Abbasov olublar. Onların hər üçü külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham ediliblər.

Alışov və Hüseynov haqqında həbs qətimkan tədbiri seçilib, Abbasov isə polis nəzarətinə verilib.

Bir il sonra, 2016-cı ildə cinayət işləri xətm edilməsə də həbs edilənlər də həbsdən buraxılıblar. Onlar da polis nəzarətinə veriliblər.

Nəhayət onlar 2023-cü ildə cinayət işinin icraatının davam etməsindən məhkəməyə şikayət ediblər. Amma məhkəmələr onların şikayətlərini təmin etməyib.

Onlar da AHİM-ə üz tutublar. AHİM-in qərarına görə, ərizəçilərin hər birinə mənəvi ziyana görə, 5 min 500 avro ödənməlidir. Üstəlik, hüquqi xərclərə görə də ərizəçilərin hər birinə 500 avro verilməlidir.

Adil Hüseynovun atası Fətulla Hüseynov polis polkovniki, Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub və bir müddət Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) vitse-prezidenti vəzifəsində işləyib. O, 2004-cü il iyunun 14-də yaşadığı binanın qarşısında öldürülüb.

Qərara, hələlik, ərizəçilərin özündən və Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Amma son illər Azərbaycanda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) kompensasiya qərarlarının icra olunmaması ilə bağlı tez-tez şikayətlər səslənir. Rəsmi Bakı bu tənqidlərə konkret münasibət bildirməsə də, ötən ildən etibarən AİHM qərarları daha kəskin dartışma mövzusuna çevrilib. Məsələn, prezident İlham Əliyev ADA Universitetində keçirilən forumdakı çıxışında bu məsələyə toxunaraq demişdi: "Nəzərə alsaq ki, biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmirik, buna görə həmin məhkəmənin qərarları bizim üçün hər hansı bir qüvvəyə malik deyil. Bu, bizim mövqeyimizdir".