Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koşta Ukraynada müharibənin dayandırılması istiqamətində Brüssel və Moskva arasında dialoqu bərpa etmək məqsədilə Rusiya rəhbərliyi ilə qısamüddətli diplomatik təmaslar qurub. Bu barədə iyunun 17-də "Reuters" agentliyi Avropa rəsmisinə, "Bloomberg" isə məlumatlı mənbələrə istinadla məlumat yayıb.
"Mahiyyət etibarilə heç bir məsələ müzakirə olunmayıb. Amma istənilən gələcək ssenaridə Avropa İttifaqının qorunmalı olan xüsusi maraqları var. Buna görə də Rusiya ilə işlək diplomatik kanalların saxlanılması vacibdir", – "Reuters"in həmsöhbəti bildirib.
Bundan əvvəl Avropa ölkələri Ukraynadakı münaqişənin sülh yolu ilə həlli çərçivəsində Moskva ilə danışıqlar aparacaq xüsusi elçi postuna namizədləri müzakirə etməyə başlamışdılar.
"Politico" nəşri mayın sonunda yazmışdı ki, belə namizədlər sırasında Antoniu Koşta, Finlandiyanın sabiq prezidenti Sauli Niinistö, hazırkı prezidenti Aleksandr Stubb, Avropa Komissiyasının keçmiş sədri Jan-Klod Yunker, Almaniyanın keçmiş kansleri Angela Merkel və İtaliyanın sabiq baş naziri Mario Draqi ola bilər.
Rusiya prezidenti Vladimir Putin isə bu vəzifə üçün Almaniyanın keçmiş kansleri Gerhard Şröderin namizədliyini irəli sürmüşdü.