Avropa İttifaqı Ermənistana yeni mülki missiya göndərəcək

Aİ-nin Ermənistanda mülki missiyası Azərbaycanla sərhəddə

Avropa İttifaqı (Aİ) səfirləri aprelin 15-də Brüsseldə Ermənistana yeni mülki missiyanın göndərilməsi barədə qərarı təsdiqləyiblər. Qərarın gələn həftə Aİ xarici işlər nazirlərinin iclasında rəsmən qəbul ediləcəyi gözlənilir.

AzadlıqRadiosunun erməni xidməti missiyanın mandatı, strukturu və vaxt qrafiki ilə bağlı Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsinin təklifinə istinad edir. Sənədə görə, missiya Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməli, strateji və praktiki məsləhətlər verməli, nazirliklərə və təhlükəsizlik qurumlarına dəstək göstərməlidir. Bu məsləhətləşmələr xarici informasiya manipulyasiyalarının aşkarlanması və onlara cavab verilməsi, kiberhücumlar və qeyri-qanuni maliyyə axınları ilə mübarizəyə yönələcək. Missiya həmçinin Aİ-nin metodologiya və standartlarına uyğun olaraq Ermənistanın təhlükəsizlik imkanlarının inkişafı üçün nələrin gərəkdiyini qiymətləndirəcək.

Rəsmi Bakı buna nə deyəcək?

Aİ Xarici İşlər Xidməti bundan öncə bir sənəddə missiyanın zəruriliyini əsaslandırıb. Qeyd olunub ki, Ermənistanda iyundakı parlament seçkiləri, ardınca yerli seçkilər və mümkün konstitusiya referendumu yalnız daxili sabitlik üçün deyil, regional sülh üçün də ciddi sınaq olacaq.

Azərbaycan illər öncə Ermənistanla sərhəddə silahsız Avropa müşahidəçilərinin yerləşdirilməsini tənqid edib. Ötən ilin avqustunda Ermənistanla paraflanmış sülh müqaviləsinə birgə sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsinə dair müddəa salınıb. "Azatutyun" yazır ki, indi Brüssel yeni missiyanın göndərilməsində məqsədin "Rusiyanın sabitliyi pozan fəaliyyətlərini azaltmaq və neytrallaşdırmaq" olduğunu vurğulayır.

"Azatutyun"un əldə etdiyi sənədə görə, Xarici Fəaliyyət Xidmətinə Azərbaycanla müzakirələri davam etdirmək tapşırılıb. Məqsəd Aİ-nin dəstəyinin mahiyyətini aydınlaşdırmaq və sülh prosesinə mümkün mənfi təsirlərin qarşısını almaqdır.

İranla sərhəd

Mümkün risklərə gəlincə, Ermənistandakı daxili siyasi proseslər, xarici iqtisadi təzyiqlər və informasiya manipulyasiyaları ilə yanaşı, İrana qarşı müharibə də ayrıca vurğulanır. Ermənistanın açıq olan iki sərhədindən biri İranladır və bu sərhəd ölkənin kommunikasiya xətləri, həmçinin "Şimal-Cənub" nəqliyyat və ticarət dəhlizi üçün böyük əhəmiyyət kəsb edir.

"Bu gərginlik Rusiyanın Ermənistan iqtisadiyyatı və enerji ehtiyacları üzərində təsirini daha da artıra, seçkilər ərəfəsində bundan istifadə oluna bilər", – sənəddə deyilir. Potensial miqrasiya axınları, mütəşəkkil cinayətkarlıq və digər qeyri-qanuni fəaliyyət riskləri də qeyd edilir.

Aİ-nin yeni missiyasının Ermənistanda iki il müddətinə yerləşdirilməsi gözlənilir. 20-30 beynəlxalq işçidən ibarət missiya "Avropa İttifaqının tərəfdaşlıq missiyası" adı ilə fəaliyyət göstərəcək. Razılaşma əldə edilərsə, missiyanın üçüncü ölkələrin iştirakına da açıq olacağı bildirilir.